Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-284/2023 14.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh1 ASC-yə qarşı dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiya tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.06 ha torpaq sahəsinin bazar dəyəri 219000 manat, həmin torpaq sahəsinin üzərində hörülmüş hasarın inşasına xərclənmiş 18000 manat və həmin sahənin satınalma qiymətinə 20 faiz əlavə haqq kimi 43800 manat, cəmi 280800 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.0594 ha torpaq sahəsi Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə dövlət ehtiyacları üçün su anbarının tikintisi üçün istifadəsinə verilmiş torpaq sahəsinə düşmüş, sonuncu tərəfindən ona məxsus torpaq sahəsində su anbarı inşa edilməsinə baxmayaraq ona qanunla nəzərdə tutulmuş qaydada kompensasiya verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC kompensasiya ödəmək imkanlarına və səlahiyyətinə malik deyil, Bakı Şəhər İcra Hakmiyyəti tərəfindən bu məsələlər həll edilməli və hər hansı şəxsin iddiasından azad torpaq sahəsi cavabdehə ayrılmalı idi. Bundan əlavə cavabdehə torpaq sahəsi 2004 və 2005-ci illərdə ayrılmış, iddiaçının isə torpaq sahəsi üzərində mülkiyyət hüquqları 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9.-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.6. kompensasiya — bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz... Maddə 83. Keçid müddəaları Bu Qanunun qüvvəyə minməsindən əvvəlki qanunvericiliyə uyğun olaraq torpaqların alınması ilə əlaqədar başlanılmış hər hansı hərəkət və ya prosedurlar kompensasiyanın qiymətləndirilməsi və ödənilməsi, həmçinin layihənin təsirinə məruz qalmış şəxslərin köçürülməsi məsələləri istisna olmaqla, əvvəlki qanunvericiliyə uyğun davam etdirilir. İş materiallarına əlavə edilmiş : Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MN seriyalı ******* saylı, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,0594 ha torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bakı şəhər İcra Hakimiyyətinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə dair Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 290 saylı və xx.xx.2005-ci il tarixli, 257 saylı sərəncamları ilə ayrılmış ərazinin dəqiqləşdirilməsi haqqında” 54 saylı xx.xx.2015-ci il tarixli sərəncamından görünür ki, həmin sərəncamla
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 17/4457- 12 dərkənarını və Cavabdeh1 ASC-nin xx.xx.2014-cü il tarixli, QH-01 -3/1 -15899 saylı məktubunu nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 290 saylı və xx.xx.2005-ci il tarixli, 257 saylı sərəncamları ilə Səbail rayonu, Badamdar qəsəbəsinin cənub-qərb hissəsində su anbarlarının tikintisi üçün ayrılmış torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək, 4,2287 ha müəyyən edilməsi, 1.1. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə ayrılmış ərazisində yerləşən vətəndaşların (siyahı əlavə olunur) torpaq sahələrinin kompensasiya məqsədilə həmin Cəmiyyət tərəfindən geri qaytarılmış ərazidə (eyni ölçüdə) yerləşdirilməsini təmin etməsi və bununla bağlı xərclərin həmin Cəmiyyətin vəsaiti hesabına həyata keçirilməsi, 1.2. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin vətəndaşların torpaq sahəsi üzərində istifadə hüquqlarına dair verilmiş sənədlərdə müvafiq dəyişikliklər edilməsinin xahiş olunması qərara alınmışdır. Həmin sərəncama əlavə olan siyahıda Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə ayrılmış əraziyə torpaq sahələri düşən vətəndaşlar siyahısında iddiaçının adı göstərilmişdir. Göründüyü kimi, tədqiq olunmuş sübutlarla iddiaçıya məxsus torpaq sahəsinin Cavabdeh1 ASC-yə dövlət ehtiyacları üçün ayrılımış torpaq sahəsinə düşməsi, iddiaçıya məxsus torpaq sahəsinin kompensasiyası olaraq eyni ərazidə yerləşən eyni ölçüdə torpağın verilməsi, köçürülmə xərclərinin Cavabdeh1 ASC tərəfindən ödənilməsi, habelə yeni ayrılmış torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xərclərin də cavabdeh tərəfindən ödənilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin 54 saylı xx.xx.2015-ci il tarixli sərəncamı vardır. Həmin sərəncamın icrasının mümkün olmaması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə Xəlilova