Məhkəmə qərarları › İş №2(004)-2859/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2859/2021

06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2859/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 03 sentyabr 2013-cü il tarixində Cavabdeh ilə Səadət Sarayı Bakı Nikah evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1498 № ilə qeydlə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahlarından 06.06.2014-cü il təvəllüdlü Humay adında övladı vardır. Bildirir ki, əri ilə münasibətləri kəskin şəkildə pisləşdiyindən, 2016-cı ilin mart ayından ayrılmaq məcburiyyətində qalmışlar. Belə ki, 05.09.2016-cı il tarixində o, Cavabdeh qarşı nikahın pozulması, yetkinlik yaşına çatmamış 06.06.2014-cü il təvəllüdlü X2 onunla qalması barədə iddia tələbləri irəli sürmüşdür. 27.10.2016-cı il tarixində Suraxanı Rayon Məhkəməsində onun iddia tələblərinə baxılmış və məhkəmənin 2(010)-11148/2016 saylı qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi, tərəflər arasında bağlanmış və 03 sentyabr 2013-cü il tarixində Səadət Sarayı Bakı Nikah evi tərəfindən qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahdan 06.06.2014-cü il tarixində doğulmuş X2 onun yanında qalması qət edilmişdir. Qeyd etmək istəyir ki, məhkəmədə nikahın pozulması haqqında iddia qaldıranda, cavabdehlə aliment tələbi irəli sürməmək və cavabdeh tərəfindən uşağın saxlanılmasına könüllü yardım göstərəcəyi barəsində şifahi razılıq əldə edilmişdir. Buna baxmayaraq, cavabdeh həmin razılığa riayət etməmiş və nikahları pozulduğu andan hazırki vaxtadək uşağı tək başına saxlamaq məcburiyyətində qalmışdır. Cavabdeh uşağın saxlanılması üçün könüllü olaraq heç bir maddi yardım göstərmir və göstərmək niyətində də deyildir. Göstərilənlərə əsasən 03 sentyabr 2013-cü il tarixində, onunla Cavabdeh arasında bağlanmış birgə nikahdan 06.06.2014-cü il tarixdə doğulmuş X1 üçün cavabdehdən qazancının və başqa gəlirlərinin dörddə bir hissəsində, həmçinin 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, etirazını onunla əsaslandırmışdır ki, İddiaçının iddia ərizəsində aliment tələbini əsaslandırmaq üçün göstərdiyi 05.09.2016-cı il tarixdə Suraxanı rayon Məhkəməsində ona qarşı nikahın pozulması haqqında iddia qaldırarkən aliment tələbi irəli sürməməyi, onunla uşaqları Humayın saxlanmasına yardım göstərəcəyi haqqında şifahi razılıq əldə etməsi, lakin onun həmin razılığa riayət etməməsi, nikah pozulduğu andan hazırkı vaxtadək uşağı Humayı təkbaşına saxlamaq məcburiyyətində qalması, onun uşağı Humayın saxlanması üçün könüllü olaraq maddi yardım göstərməməsi və göstərmək niyyətində olmamağı barədə məlumatlar həqiqətə uyğun deyildir, yalan məzmunlu məlumatlardır. Belə ki, Xanım İddiaçı 2016-cı il sentyabrın 5-də iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, 14 iyun 2014-cü il tarixdə onunla aralarında bağlanmış nikahın pozulması, yetkinlik yaşma çatmamış, 06.06.2014-cü il təvəllüdlü X2 onun yanında qalması və saxlanması üçün onun qazancının və başqa gəlirlərimin dörddə bir hissəsində, həmçinin 500 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xanım İddiaçı həmin iddia ərizəsini Suraxanı rayon Məhkəməsinə təqdim etdiyi ərəfədə, onun valideynlərinin ona qarşı olan təsirləri nəticəsində, 09.09.2016-cı il tarixdə X4 Əlaqələr İnstitutu (Universiteti) ilə 2 il müddətində əlavə proffesional təhsil proqramı üzrə ödənişli əyani təhsil almaq barədə 2016/36-MBA nömrəli müqavilə bağlamış və 15.09.2016-cı il tarixdə işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkərinin Baş Ofisində Ekologiya üzrə vitse-prezidentin müşaviri vəzifəsindən azad olunaraq, təhsil almaq üçün Moskva şəhərinə getmişdir. 2016-cı ilin oktyabrın 10-da aliment ödəmək iqtidarında olmadığı üçün, İddiaçı ona qarşı qaldırdığı 06.06.2014-cü il təvəllüdlü Əkbərova Humayın saxlanması üçün onun qazanc və başqa gəlirlərinin dörddə bir hissəsində, həmçinin 500 manat sabit pul məbləğində aliment tutulması barədə tələbinə qarşı Suraxanı rayon Məhkəməsinə nümayəndəsi vasitəsi ilə etiraz vermiş və həmin aliment tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı ona qarşı verdiyi aliment tələbi barədə iddia ərizəsi, onun nümayəndəsi Vəkil, həmin ərizənin geri qaytarılması barədə 27.10.2016-cı il tarixli ərizəsi ilə Suraxanı rayon Məhkəməsi tərəfindən baxılmamış saxlanılmışdır. X4 Əlaqələr İnstitutunda təhsil aldığı müddətdə valideynlərinin və ailəli olan qardaşının vəsaiti hesabına yaşamışdır. Təhsilimi bitirərək Azərbaycana qayıtdıqdan sonra 28.09.2020-ci il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 32 km ünvanında yerləşən “xxxx” MMC-də Marketinq və kommersiya üzrə direktor müavini vəzifəsində işləyir və aylıq məvacibi 1102 manatdır Həmin əmək haqqından başqa qazancı və başqa gəliri yoxdur. Nəzərə çatdırır ki, X5 saxlanmasında iştirak etmiş və bundan sonra da iştirak edəcəkdir. X5 saxlanması üçün özünün Azərbaycan Beynəlxalq Bankında olan **********219150204 AZN nömrəli kart hesabından İddiaçının Azərbaycan Beynəlxalq Bankında olan kart hesabına 15.02.2021-ci il tarixdə 1005 manat, 15.02.2021-ci il tarixdə təkrar 1005 manat, 16.02.2021-ci il tarixdə 2010 manat, 18.02.2021-ci il tarixdə 502 manat pul köçürmüşdür. İddiaçı “Azerbaijan 360” lahiyəsinin təmsilçisi, “X7 Azerbaijan” mağazalar şəbəkəsi və H2A şirkətlər qrupunun sahibidir, qazanc və gəlirləri onun yeganə qazanc və gəliri olan əmək haqqından dəfələrlə çoxdur. Göstərilənlərdən göründüyü kimi, İddiaçı iddia ərizəsində uşağı Humayın saxlanması üçün ondan aliment tutulmasını təmin etdirmək məqsədilə göstərib əsaslandığı bütün məlumatlar həqiqətə uyğun olmayan, əsassız məlumatlardır. Qeyd edilənlərə əsasən mülki işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin həmçinin 500 manat sabit pul məbləğində alimentin tutulması hissəsində rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 03.09.2013-cü il tarixə rəsmi qaydada nikaha daxil olmuş, tərəflərin birgə nikahından 06.06.2014-cü il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-11148/2016 saylı, 27.10.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 03.09.2013-cü il tarixdə 1498 nömrə ilə Bakı şəhəri Səadət Sarayında qeydə alınmış nikah pozulmuş, 06.06.2014-cü il təvəllüdlü X2 anası İddiaçının yanında qalması müəyyən edilmişdir. Cavabdeh hazırda “xxxx” MMC-də marketinq və kommersiya üzrə direktor müavini vəzifəsində işləyir və alıq məvacibi 1102 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilənlərə əsasən və cavabdehin uşağın saxlanılması üçün onun qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə razılığını nəzərə alaraq, məhkəmə hesab edir ki, 06.06.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçına verilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə həmçinin 500 manat sabit pul məbləğində alimentin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda məhkəmə iddia tələbini qismən təmin edərkən onu da nəzərə alır ki, uşağı saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini və uşağın mənafeyini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, 06.06.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçına verilməlidir. Məhkəmə Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 06.04.2021-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 06.06.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçına verilsin. Alimentin tutulma müddəti 06.04.2021-ci il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar