Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2885/2023 28.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “bağışlanmadan imtina edilməsi, bağışlanma müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “bağışlanmadan imtina edilməsi, bağışlanma müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanı iddiaçının əri X3 ilə birlikdə birgə nikah dövründə əldə olunmuşdur. Həmin mənzil mülkiyyətçi X4 tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə bağışlanmışdır. İddiaçı ərinin və digər oğlunun təkidi ilə özünün həmin mənzildə qeydiyyatda qalması və yaşamağı şərti ilə mənzilin cavabdehə bağışlanılmasına razı olmuşdur. Lakin, bir müddət sonra iddiaçı və cavabdeh arasında münasibətlər pozulmuş, cavabdeh tərəfindən iddiaçının mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı iddia qaldırılmışdır. Bu səbəbdən, iddianın təmin edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia ərizəsində göstərilən xüsusatları müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia ərizəsində göstərilən xüsusatları müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli Bağışlanma müqaviləsinə əsasən müəyyən olunur ki, hədiyyə verən xx.xx.1972-ci il təvəllüdlü X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh bağışlamışdır. İş materiallarında olan notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli Bağışlanma müqaviləsinə əsasən müəyyən olunur ki, tərəflər arasında müqavilə üzrə bağışlanmaya dair hər hansı şərt nəzərdə tutulmamışdır. İş materiallarında olan “Elektron notariat” X1 əldə edilmiş çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir. İş materiallarında olan Çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Qeyd olunan 3 elementdən ikinci və üçüncü elementlər birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyətçi X4 tərəfindən bağışlanılmışdır. Nəticə etibarilə, bağışlanmadan imtina edilməsi, bağışlanma müqaviləsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsinə dair İddiaçı subyektiv hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, mənzildə qeydiyyatda olan şəxs qismində İddiaçı notarial qaydada ərizə verərək mənzilin bağışlanmasına etiraz etmədiyini bildirmiş, həmin mənzilin mülkiyyətçisi qismində çıxış etməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin tərkib hissəsi X4 ilə Cavabdeh arasında bağışlanma müqaviləsinin və elektron çıxarışın ləğv edilməsi təşkil edir. Məhkəmə mülki işə iddiaçının iddia tələbi həddində baxır. İddia tələbində isə müqavilənin ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iddiaçıya izah edir ki, müqavilənin ləğvi və müqavilənin etibarsızlığı tamam ayrı-ayrı hüquq institutlarıdır, dispozitiv şərtləri, hüquqi əsasları və nəticələri tamamilə fərqlidir. Bağışlanma müqaviləsi üzrə xüsusi maddi hüquqi normalarında müqavilənin ləğv edilməsi halları müəyyən edilmədiyindən, Mülki Məcəllənin ümumi normaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 421-424-cü maddələri ilə tənzimlənir. MM-in 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququ olsaydı da, MM-in 421ci maddəsinin dispozitiv şərtləri yerinə yetirilmir. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı, mübahisənin qanuni əsasının (maddi hüquq norması) dispozitiv şərtləri mübahisənin hüquqi və faktiki əsasları üzrə eynilik təşkil etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Nəticədə, mülki hüquq münasibətlərinin subyekti qismində X4 mülkiyətçi kimi iradə ifadəsini bildirməklə notarial müqavilə əsasında mülkiyyətində olan daşınmaz əmlakı Cavabdeh bağışlamışdır. Müqavilədə hər hansı şərt nəzərdə tutulmamışdır, yəni, bağışlanma şərtsiz həyata keçirilmişdir. Müqavilənin ləğvi əsasları mübahisə üzrə mövcud deyildir. İddiaçı iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Bağışlanma müqaviləsi formal olaraq ikitərəfli müqavilə olsa da, mahiyyəti etibarilə bağışlayan şəxsin əmlakı bağışlaması, hədiyyə alan şəxsin isə hədiyyəni qəbul etməsinə iradə ifadəsini bildirməklə həyata keçirilir. Odur ki, bağışlanma hüquq münasibətləri əsasən bağışlayan şəxsin öz iradəsi ilə əmlak vəziyyətinin kiçilməsinə, hədiyyə alan şəxsin əmlak vəziyyətinin artımına səbəb olur. İddia tələbi üzrə bağışlanma müqaviləsinin ləğvi hədiyyə verən mülkliyyətçi olmuş X2 iradə ifadəsi ilə ziddiyyət təşkil edir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək İddiaçı Cavabdeh qarşı “bağışlanmadan imtina edilməsi, bağışlanma müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış Çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “bağışlanmadan imtina edilməsi, bağışlanma müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış Çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2885/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2885/2023
28.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver