Məhkəmə qərarları › İş №2(004)-2905/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2905/2021

16.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2905/2021 16.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, əmək haqqının və son haqq hesabın ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının və son haqq hesabın dənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 207.150 manat əmək haqqının, hər gecikdirilmiş gün üçün 1% olmaqla cəmi 62.100 manat məbləğində ödəncin, cəmi 269.250 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 19.05.2020-ci il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq, tikinti departamentində təmir tikinti işləri üzrə paket meneceri vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsi 6 aylıq bağlanmışdır. Əmək müqaviləsində əmək haqqısı aylıq 34525 manat müəyyən edilmişdir. İlk əvvəl cavabdeh vaxtı-vaxtında əmək haqqını ödəsə də, getdikcə ödənişlər gecikməyə başlamışdır. 25.10.2020-ci il tarixdə əmək müqaviləsi daha 6 ay müddətinə uzadılmışdır. 2021-ci ilin yanvar ayında artıq işə götürənin ona külli miqdarda əmək müqaviləsi üzrə ödənilməmiş əmək haqqı borcu yaranmışdır. Britaniya vətəndaşıdır və xarici ölkə vətəndaşının Azərbaycanda əmək fəaliyyəti göstərməsi üçün xüsusi icazə tələb olunur. Bütün icazələri daim qaydasında olmuşdur. Bununla işə götürən özü məşğul olmuşdur. Dəfələrlə şirkət rəhbərliyinə və şirkətin HR Menecerinə əmək haqqının ödənilməsi ilə bağlı iradlarını bildirsə də, heç bir ödəniş və heç bir reaksiya olmamışdır. Faktiki olaraq işəgötürən 5 aydan artıq müddədə ona əmək haqqı verməməklə, onu işdən kənarlaşdırmaqla əmək müqaviləsinin şərtlərini birtərəfli qaydada kobud surətdə pozmuş, faktiki əmək müqaviləsinə qanunsuz olaraq son qoymuşdur. Halbuki, Əmək Məcəlləsini 83.2-cü maddəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Belə olan halda ödənilməmiş əmək haqqı və hər gecikdirilmiş gün üçün 1% olmaqla ödənc verilməlidir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, sonuncu məhkəmə iclasında cavabdeh tərəfindən məhkəməyə 29.01.2021-ci il tarixli 45/K saylı əmrin surəti təqdim edilmiş və bildirilmişdir ki, guya o, öz xahişi ilə işdən azad edilmişdir. Lakin o, 29.01.2021-ci il tarixdə işdən azad edilmə ilə bağlı heç bir ərizə verməmiş, ümumilikdə belə bir əmrin verilməsindən xəbərsiz olmuşdur. İşəgötürən tərəfindən ona bildirilmişdir ki, əmək müqaviləsinin sonuna qədər olan əmək haqqı tam olaraq ödəniləcəkdir və bundan sonra onun könüllülüyü əsasında qarşılıqlı razılıqla əmək müqaviləsinə xitam veriləcəkdir. Lakin işəgötürən onun etibarından sui-istifadə edərək, xarici vətəndaş olmasını və ölkədə müvəqqəti qalmaq iqtidarında olmasını bildiyindən belə bir əmr vermiş və həmin əmrlə onu tanış etmədən əmək müqaviləsinə xitam vermişdir. Hazırda eyni vəziyyətdə olan onlarla işçi tərəfindən məhkəmədə analoji iddialar qaldırılmışdır. Göstərilənləri nəzərə alaraq cavabdeh tərəfindən qəbul edilmiş 45/k saylı 29.01.2021-ci il tarixli əmrin ona aid hissədə ləğv edilməsi və ilkin iddia ərizəsində göstərilən tələblərin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddia tələbi tamamilə əsasızdır. İddiaçının vəkilinin izahatından belə başa düşülür ki, iddiaçı öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməsindən məlumatsızdır. Məlumat üçün bildirir ki, “Gilan Holdinq’" MMC-nin ancaq ağ mühasibatlığı var. Bütün əməliyyatlar bazaya yerləşdirilir. 2020-ci ilin mart ayından pandemiya ilə əlaqədar əməkdaşların işə buraxılması dayamdırılmış, iş rejimi ancaq onlayn aparılmışdır. “Aypara şəhərciyi” proyekti üçün xaricdən mütəxəssislər dəvət edilmişdir. Həmin ərəfədə işçilərin əmək haqqının ödənilməsində gecikmələr olmuşdur. Gecikmələr olmasına baxmayaraq, işçilərin əmək haqqı ödənilmişdir. İddiaçının öz ərizəsi əsasında əmək müqaviləsinə 05.02.2021-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən onun bütün haqq hesabları ödənilmişdir. İddiaçı artıq şirkətin əməkdaşı deyil. İşçilərin sayının çox olması səbəbindən ödəmələr barədə sənədləri təqdim edə bilməmişdir. İddiaçı xarici vətəndaş olduğu üçün onlarda əmək kitabçası anlayışı yoxdur. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Mülki işin materiallarında olan: İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış 19.05.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi 19.05.2020-ci il tarixindən işəgötürən tərəfindən əsas iş yeri üzrə Tikinti Departamentində təmir tikinti isləri üzrə paket meneceri vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi qısa müddətli layihə üçün, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında 19.05.2020 il tarixdən 19.11.2020 il tarixinədək müddətli bağlanmış, əmək haqqı aylıq 34525 manat müəyyən edilmişdir. 19.05.2020 il tarixli əmək müqaviləsinə 01.07.2020 il tarixində daxil edilmiş 2 saylı əlavənin surətindən görünür ki, əmək müqaviləsinin 7.4 bəndləri aşağıdakı redaksiyada verilmişdir: - Hər ay bu əmək müqaviləsinin bəndində göstərilən əmək haqqının 4000 AZN (vergilər və çıxılİmalar xaric olmaqla) işçinin AFB Bank hesabına köçürüləcəkdir. Qeyd olunan əmək haqqının geri qalan hissəsi işçinin Arab Bank PLC-də olan hesabına köçürüləcək. Ödəniş günündə Azərbaycan Mərkəzi Bankının USD/AZN və AVRO məzənnəsi istifadə olunacaqdır. İddiaçı tərəfindən Cavabdeh MMC-nin Baş Direktoru C.Muradova ünvanlanmış 18.01.2021-ci il tarixli ərizənin surətindən müəyyən olunur ki, o, cəmiyyətin rəhbərliyinə müraciət edərək, tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Cavabdeh MMC-nin 29.01.2021-ci il tarixli 45/K nömrəli əmrinin surətindən görünür ki, cəmiyyətin Tikinti departamentinin Təmir-tikinti işləri üzrə paket meneceri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 29.01.2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilməsi, son haqq hesab: istifadə edilməmiş 01 gün əmək məzuniyyətinə görə qanunla nəzərdə tutulmuş kompensasiya verilməsi əmr edilmişdir. Əsas: İddiaçı-un ərizəsi. "xxxx" MMC tərəfindən İddiaçı 01.06.2020-01.03.2021-ci il dövr ərzində ödənilmiş əmək haqqı barədə çıxarışdan görünür ki, 26.01.2021-ci il tarixdə 4000 manat; 23.12.2020-ci il tarixdə 4000,38 manat; 04.12.2020-ci il tarixdə 4000 manat; 20.11.2020-ci il tarixdə 8500 manat; 02.09.2020-ci il tarixdə 3999,99 manat; 02.09.2020-ci il tarixdə 3999,99 manat; 19.06.2020-ci il tarixdə 3982,36 manat; 19.06.2020-ci il tarixdə 1552 manat; 02.06.2020-ci il tarixdə 10184 manat məbləğində əmək haqqı ödənişləri edilmişdir. Məhkəmənin sorğusuna əsasən “AFB Bank" ASC tərəfindən təqdim edilmiş İddiaçıın adına açılmış AZ72AZFİ40140US**********002 nömrəli hesabdan çıxarışdan görünür ki, iddiaçının hesabına 14.07.2020-ci il tarixdə iyun ayı üçün 14.102,23 Avro, 02.09.2020-ci il tarixdə iyul ayı üçün əmək haqqı 11.663, 97 Avro, 08.09.2020-ci il tarixdə avqust ayı üçün əmək haqqı 11.462,64 Avro, 11.12.2020-ci il tarixdə iyul ayı üçün əmək haqqı 1345,22 Avro, 17.12.2020-ci il tarixdə oktyabr ayı üçün əmək haqqı 7658,97 Avro, 28.12.2020-ci il tarixdə noyabr ayı üçün əmək haqqı 11.198,53 Avro, 03.02.2021-ci il tarixdə 2020-ci il dekabr ayı üçün əmək haqqı 16.252,49 Avro, 05.02.2021-ci il tarixdə 2021-ci il yanvar ayı üçün əmək haqqı 13.280,07 Avro və 05.02.2021-ci il tarixdə işçinin son haq-hesabı qismində 7702,15 Avro məbləğində pul vəsaiti köçürülmüşdür. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd olunan əmrin ləğv edilməsini, ödənilməmiş əmək haqqının və hesablanmış dəbbə pulunun cavabdehdən onun xeyrinə tutulmasını tələb etmiş, təlbini müvafiq əmrin verilməsi barədə məlumatının olmaması, əmək haqqının vaxtında ödənilməməsi ilə əsaslandırmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 48-ci maddəsinin 3-cü hissəsinə əsasən məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci və 2-ci hissələrinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə görə isə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 172-ci maddəsinin Qeyd hissəsinə görə, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən olunmuş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış 19.05.2020-ci il tarixli əmək müqaviləsinə əsasən. İddiaçı Cavabdeh MMC-nin Tikinti Departamentində təmir tikinti isləri üzrə paket meneceri vəzifəsinə təyin edilmişdir. Cavabdeh MMC-nin 29.01.2021-ci il tarixli 45/K nömrəli əmrinə əsasən İddiaçı ərizəsi əsasında, onunla ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi, istifadə edilməmiş 01 gün əmək məzuniyyətinə görə qanunla nəzərdə tutulmuş kompensasiya ödənilməsi əmr edilmişdir. Belə ki, sözü gedən dövr dünyada və ölkə ərazisində baş verən pandemiyaya təsadüf etdiyindən İddiaçı-a işlədiyi bütün aylara görə əmək haqqı və işdən çıxması ilə bağlı son haqq-hesab, işəgötürənin təqsiri olmadan, pandemiya səbəbindən az müddətə olan gecikmələrlə tam olaraq ödənilmişdir. Odur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı-un Cavabdeh MMC-yə qarşı irəli sürdüyü əmrin ləğvi, ödənilməmiş əmək haqqının və onun gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi iddiasının əsassız olduğu, mübahisələndirilən əmrin qanunvericiliyin tələblərinə əməl olunmaqla qəbul edildiyi təsbit olunmuşdur. İddiaçı iddia ərizəsində qəbul edilmiş əmrlə bağlı məlumatının olmamasını, cavabdeh tərəfindən ona əmək haqqının ödənilmədiyini iddia etsə də, bu barədə iddia ərizəsinə heç bir mötəbər sübut əlavə etməmiş, eyni zamanda, məhkəmə baxışı zamanı onun bu iddiaları araşdırılmış sübutlarla təkzib olunmuşdur. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, əmək haqqının və son haqq hesabın ödənilməsi tələbinə dair” iddiası rədd edilsin.. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar