Məhkəmə qərarları › İş №2(004)-2921/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2921/2025

15.08.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2921/2025 15.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "bağışlama müqaviləsinin və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "bağışlama müqaviləsinin və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 153,155,171,173,175, mənzil 46, yeni qaydalarla AZ1007, ünvan 1 ünvanında yerləşən mənzilə dair 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat ofisində imzalanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” ləğv hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 153,155,171,173,175, mənzil 46, yeni qaydalarla AZ1007, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,4 kv metr olan mənzil onun mülkiyyətində olmuşdur. Həmin mənzilini qızı Cavabdeh xx.xx.2022-ci ildə hədiyyə etdi və bağışlama müqaviləsində göstərilməsə də razılaşmaları ondan ibarət oldu ki, o, mənzili şəxsən cavabdehin özünə o şərtlə hədiyyə edir ki, cavabdeh onun istədiyi səviyyədə və şərtlərlə ona baxacaqdır. Hazırda cavabdeh ilə münasibətləri pozulduğu üçün hesab edir ki, onunla Cavabdeh arasında xx.xx.2022-ci ildə bağlanmış bağışlama müqaviləsi ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, hal-hazırda cavabdeh onun bağışladığı mənzildə yaşamır, o isə həmin mənzildə yaşayır. Mənzili bağışlayan zaman şərtləri şifahi qaydada bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, 2023cü ildə iddiaçı evi ona bağışlayıb və şərti ona maddi cəhətdən köməklik göstərməsi idi. Müqavilə bağlandıqdan sonra imkanı çatdığı qədər köməklik göstərmişdir. Sonradan oğlunun hazırlıq və universitet xərclərinə görə kömək edə bilmədi. İddiaçı Türkiyə və Rusiyaya müalicə üçün gedir. Kömək edə bilmədiyi üçün evi geri qaytarmasını istəmiş, xaricdə ev alıb orada qalmaq istədiyini bildirmişdir. İddiaçının gözündə, ümumiyyətlə səhhətində problem var. Hazırda iddia tələbini qəbul edir, bağışlama müqaviləsinin ləğv edilməsinə etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: ƏMDK DƏDK və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********23-05301-093079 reyestr nömrəli çıxarışdan görünür ki, ümumi sahəsi 60,40 kv.metr olan Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 153, 155, 171, 173, 175, 46 nömrəli mənzil (Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 155, M8, mənzil 4) xx.xx.2022-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-2003 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 153,155,171,173,175, mənzil 46 (Yeni qaydalarla AZ1007, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60,4 kv/m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissə, 60.4 kv/m - qızı olan Hədiyyə alan Cavabdeh mülkiyyətinə verir. ƏMDK DƏDK və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********23-05301-093079 reyestr nömrəli çıxarışdan görünür ki, ümumi sahəsi 60,40 kv.metr olan Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 153, 155, 171, 173, 175, 46 nömrəli mənzil (Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 155, M8, mənzil 4) xx.xx.2022-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 153,155,171,173,175, mənzil 46, yeni qaydalarla AZ1007, ünvan 1 ünvanında yerləşən mənzilə dair 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat ofisində imzalanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” ləğv hesab edilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 670.3-cü maddəsinə əsasən, Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. 673.1-ci maddəsinə əsasən hədiyyə verən 3 halda: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4-cü maddəsinə əsasən, Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 153, 155, 171, 173, 175, 46 nömrəli mənzil (Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 155, M8, mənzil 4) İddiaçı məxsus olmuşdur. Cavabdeh iddiaçının qızıdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-2003 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 153,155,171,173,175, mənzil 46 (Yeni qaydalarla AZ1007, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60,4 kv/m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissə, 60.4 kv/m - qızı olan Cavabdeh mülkiyyətinə vermişdir. İddiaçı həmin əmlakı cavabdehin onun istədiyi səviyyədə və şərtlərlə ona baxması, maddi köməklik etməsi şərtilə onun adına keçirmişdir. Lakin sonradan cavabdeh ona köməklik etmədiyindən, əmlakın yenidən ona qaytarmasını istəmiş, cavabdeh bundan imtina etmişdir. Hazırda iddiaçı həmin bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarında qeyd olunur: “...nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. O da göstərilməlidir ki, Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinə əsasən, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar. Qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: - valideynlərin uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək borcu (Konstitusiyanın 34cü maddəsinin İV hissəsi); - uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi); - ər-arvadın ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurması, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməsi, övladlarının inkişafı üçün əlverişli şərait yaratması və onların sağlamlığının qayğısına qalması (Ailə Məcəlləsinin 29.4-cü maddəsi); - valideynlərin uşaqların əsas ümumi təhsil almasını təmin etməsi, onların hüquq və mənafelərini müdafiə etməsi, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməsi və s. (Ailə Məcəlləsinin 58.4, 59.1, 60.2-ci maddələri). Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Göründüyü kimi tərəflər bağışlama müqaviləsində öz əksini tapmasa da, şifahi olaraq razılığa gəlmişdilər ki, iddiaçı öz əmlakını ona maddi köməklik göstərməsi şərtilə cavabdehə bağışlayacaqdır. Bağışlama müqaviləsindən bir müddət sonra cavabdeh ona maddi köməklik göstərməyi dayandırmışdır. Bu səbəbdən iddiaçı bağışlamadan imtina edərək, əmlakın ona qaytarılmasını tələb etmişdir. Cavabdeh izahatında anasının əmlakı ona bağışlayarkən aralarında şifahi olaraq anasına maddi köməklik edəcəyinə dair razılaşdıqlarını bildirmiş və qeyd etmişdir ki, hazırda əmlakı iddiaçıya qaytarmağa etiraz etmir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 1 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-2003 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquq şəxsi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********23-05301-093079 reyestr nömrəli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 1 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-2003 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquq şəxsi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********23-05301- 093079 reyestr nömrəli çıxarış ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar