Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2923/2022 21.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) sığorta müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona əlillik təyin edildiyi müddət ərzində, yəni xx.xx.2021-xx.xx.2026-cı illər müddəti və sonrakı təyin ediləcək əlillik müddətləri dövründə onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli MİDA-010/2016 saylı kredit müqaviləsi üzrə ödəniləcək aylıq 155.71 manat kredit müqaviləsi üzrə ödəniləcək aylıq 155.71 manat kredit ödənişinin əvəzinə (yəni 35x60=2100 manat hazırki əlillik təyin edilmiş dövr üçün) "xxxx" ASC-nin hesabına ödənilməsi və ödənilmiş 42 manat dövlət rüsumunun barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 24 sentyabr 2020-ci il tarixində Bank “BTB" ASC ilə aralarında MİDA-010/20/016 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən ona illik 4 % olmaqla, 300 ay müddətinə, aylıq 155.7 (yüz əlli beş manat yetmiş qəpik) manat ödəniş olmaqla 29.500 (iyirmi doqquz min beş yüz manat) manat ipoteka krediti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı üzrə ona cavabdeh olan “Xalq Həyat" Sığorta şirkəti ASC ilə xx.xx.2020-ci il tarixdə XMLİ 00550/20 nömrəli “İpoteka Krediti götürən şəxslərin həyat sığortası şəhadətnaməsi" müqaviləsi bağlanmışdır. Müqavilənin Sığorta haqqı şərtlərinin 4.3-cü bəndinin c hissəsinə əsasən Xəstəlik nəticəsində əlillik müddəti təyin edildiyi halda, sığota ödənişinin həcmi əlillik müəyyən edilmiş dövr ərzində ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olan məbləğin 20%-i həcmində sığorta ödənişi müəyyən edilmişdir. İddiaçıya hərbi xidmət dövründə xəstəliyi ilə əlaqədar xx.xx.2021-ci ildə Mitral (qapağın) çatmamazlıq, Mitral qapaq plastikasından sonrakı vəziyyət. Koronor şumlama əməliyyatından sonrakı vəziyyət (xx.xx.2021) Qan dövranı çatışmamazlığı İİ dərəcə, Ürək işemik xəstəliyi, Postinfarkt kardioskleroz,Koronar stentdən sonrakı vəziyyət (xx.xx.2021) Əvvəllər keçirilən miokard infarktı, əvvəllər keçirilən miokard infarktı Koronar stentdən sonrakı vəziyyət (xx.xx.2021). Dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı. Durğunluq ürək çatışmazlığı diaqnozu ilə müddətli olaraq xx.xx.2026-cı ilə kimi İİ dərəcəli əlillik müəyyən edilmişdir. Əlillik təyin edildiyi vaxtdan iddiaçı dəfələrlə müqavilə şərtlərinə uyğun olaraq cavabdehə xx.xx.2021xx.xx.2026-cı illər müddəti ərzində onunla 24 sentyabr 2020-ci il tarixində Bank “BTB" ASC-e arasında bağlanmış MİDA-010/20/016 saylı kredit müqaviləsi üzrə ödəniləcək aylıq 155.71 manat kredit ödənişin 20%-nin əvəzinə Bank “BTB" ASC-nin hesabına ödəməsi ilə bağlı müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda onun 5 ildir ki, yüksək arterial təzyiqdən əziyyət çəkməyini, müalicə aldığını və ona Ürək işemik xəstəliyi diaqnozu qoyulduğunu və bütün bunların müqavilə bağlanan zaman bildirilməməsi və xx.xx.2020-ci il tarixli ərizə formasında 3-cü sualında iddiaçı tərəfindən guya yox cavabı verilmişdir. Bu səbəbdən də guya iddiaçı yalan danışdığı üçün ödənişindən imtina etmişlər. İddiaçıya əsas kimi təqdim edilən xx.xx.2020-ci il tarixli müqavilə onun tərəfindən imzalanmadığını, ümumiyyətlə belə bir ərizə formasının doldurulması üçün təqdim edilmədiyini bildirsə də onu araşdırmadan iddiaçıya məhkəməyə müraciət etməyini bildirdilər. Cavabdehin imtinası əsassız hesab edilməli və Cavabdeh Sığorta şirkəti ASC-e iddiaçıya əlillik təyin edildiyi vaxtdan yəni xx.xx.2021-xx.xx.2026-cı illər müddəti ərzində onunla 24 sentyabr 2020-ci il tarixində Bank "xxxx" ASC arasında bağlanmış MİDA- 010/20/016 saylı kredit müqaviləsi üzrə ödəniləcək aylıq 155.71 manat kredit ödənişin 20%-nin əvəzinə Bank "xxxx" ASC-nin hesabına ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qismən qəbul etdiklərini bildirərək izahatında göstərmişdir ki, iddia tələbini iddiaçıya əlillik təyin edildiyi vaxtdan, yəni xx.xx.2021-xx.xx.2026-cı illər müddəti ərzində Bank "xxxx" ASC arasında bağlanmış MİDA-010/20/016 saylı kredit müqaviləsi üzrə ödəniləcək aylıq 155.71 manat kredit ödənişinin 20%-nin şirkət tərəfindən ödənilməsinə razı olduqlarını bildirmişdilər. İddianı qalan hissədə qəbul etmirlər, belə ki, həmin müddətdən sonra iddiaçıya əlilliyin verilib-verilməməsi məlum deyildir. Ancaq faydalanan şəxs İpoteka və Kredit Zəmanət Fondu olduğundan ödənişi onların xeyrinə həyata keçirəcəklərini bildirmişdilər. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Belə ki, iş materiallarına əlavə edilmiş Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli MİDA-010/20/016 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Bank "xxxx" ASC tərəfindən İddiaçı illik faiz dərəcəsi 4 % olmaqla, 300 ay müddətinə 29.500(iyirmi doqquz min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 24 sentyabr 2020-ci il tarixli MİDA-010/20/016 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, İddiaçı ilk ay 80.32 manat, sonuncu ay 156.76 manat olmaqla hər ay 155.7(yüz əlli beş manat yetmiş qəpik) manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli XMLİ00550/20 nömrəli ipoteka götürən şəxslərin həyat sığortası səhadətnaməsinin surətindən görünür ki, bu sığorta şəhadətnaməsi fiziki şəxsə verilən kredit müqaviləsi üzrə borcalanın həyatının ölüm halında və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta qaydalarının 5-ci bəndində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla bədbəxt hadisə və ya xəstəlik nəticəsində ıı dərəcəli əlilliyin təyin edilməsi üzrə təminat verir. Eyni zamanda müəyyən olunur ki, İddiaçı ona verilmiş 29.500 (iyirmi doqquz min beş yüz) manat məbləğində kreditin ümumi sığorta haqqı 8487 manatdır, aylıq sığorta haqqı isə 29.29 manat təşkil edir. Tərəflər arasında bağlanan xx.xx.2020-ci il tarixli XMLİ 00550/20 nömrəli “İpoteka Krediti götürən şəxslərin həyat sığortası şəhadətnaməsinin Sığorta haqqı şərtlərinin 4.3-cü bəndinin c hissəsinə əsasən, Xəstəlik nəticəsində əlillik müddəti təyin edildiyi halda, sığorta ödənişinin həcmi əlillik müəyyən edilmiş dövr ərzində ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olan məbləğin 20%-i həcmində sığorta ödənişi müəyyən edilir. Faydalanan şəxs kimi kredit maliyyələşənədək müvəkkil bank - Bank "xxxx" ASC-dir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2022-ci il tarixli 4/971 saylı ekspert rəyində qeyd olunur ki, 11,04.2016-cı il tafixli 7040 nömrəli rəyindən müəyyən olunur, ki, ekspertizaya təqdim edilmiş, mülki işin 25-26vərəqlərində olan xx.xx.2020-ci il tarixli Kredit götürən şəxslərin həyatının müddətli sığortası üzrə ərizə formasının kserosürətinin 2-ci vərəqində “İddiaçı” yazılarının qarşısında “İmza” qrafasında əks olunmuş imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 125 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlildir. Təyinatın tarixi xx.xx.2021-ci il, əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2026-cı ildir. Azərbaycan Respublikası DİN Tibbi İdarəsinın 245 saylı, xx.xx.2021-ci il tarixli “Xəstəlik haqqında şəhadətnaməsi”-na əsasən İddiaçı ALT-26.1 İU/L N (0-45), Albumin- 4.15 q/dl N(3.5-5.2),TBİL-0.89 mg/dl N(0-2),CHOL-95 mg/dl N(0-200),TG-70.4 mg/dl N(0- 150),cr-s-1.29mg/dl N(0.7-1.3), Döş qəfəsinin R-qrafiyası, Sağ ağciyərində X qabırğa səviyyəsində plevrit. Sol sinus bitişikdir. Ağciyərlərdə durğunluq kompensasiya mərhələsində ürək əməliyyatı olunub,zəif döyünür. EXOKQ: sol mədəcik sistolik-diastolik ölçülərdə böyüyüb. Sistolik funksiya azalıb. Sol mədəciyin qlobal hipokinezi fonunda ön arakəsmə,zirvə nahiyəsi akinetik inferior-laterial hipokinetikdir. MÇ-İİİ dərəcə.TÇ-İİ dərəcə. Hər plevrada mayə qeyd olunur. XHK-nın xidmətində yararlıq haqqında qərarı: DİN-nin 25 saylı xx.xx.2022-ci il tarixli əmrin xəstəliklər cədvəlinin 42a, 44b maddələrinə əsasən DİOda xidmətə yararsızdır. Cavabdeh Sığorta Şirkəti ASC-nin iddiaçıya ünvanlanmış 05 aprel 2022-ci il tarixli məktubundan görünür ki, müqavilə bağlanan zaman onun tərəfindən səhhəti ilə bağlı yanlış məlumat verilmiş və xx.xx.2020-ci il tarixli ərizə formasında 3-cü sualında yox cavabı verilmişdir. Bu səbəbdən də Sığorta qaydalarının 18.1.3-cü bəndinə və Mülki Məcəllənin 935.1.6-cı maddəsinə əsasən sığorta ödənişindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 885.2-ci maddəsinə görə, həyat və qeyri-həyat sığortası sahələrinin hər biri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş sığorta siniflərindən ibarətdir. 885.3-cü maddəsinə görə, həyat sığortası sahəsinə aid olan sığorta sinifləri sığorta obyektinə görə yalnız şəxsi sığortaya aiddir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, sığortaçılar həyat sığortası və ya qeyri-həyat sığortası (ümumi sığorta) sahələrindən yalnız biri üzrə fəaliyyət göstərə bilərlər. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən, həyat sığortası sığorta obyektinə görə şəxsi sığortaya aid olan aşağıdakı sığorta siniflərini özündə birləşdirir: 14.2.1. sığortalı və ya sığorta olunan öldükdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın ölüm halından sığortası; 14.2.2. sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın yaşam sığortası; 14.2.3. sığorta olunanın müəyyən yaşa çatması, yaşı, əlilliyi, o cümlədən, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ya xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirməsi, ailə başçısını itirməsi, işsiz qalması və şəxsi gəlirlərinin azalmasına, yaxud itirilməsinə səbəb olan digər hallarda pensiya, yaxud renta şəklində dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan annuitet sığortası; 14.2.4. sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədilə vaxtaşırı sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan əmək qabiliyyətinin itirilməsi hallarından sığorta; 14.2.5. sığorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan xəstəlik müəyyən edildikdə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan sağalmaz xəstəliklərdən sığorta. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, şəxsi sığorta fiziki şəxslərin həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı olan əmlak mənafelərinin sığortasıdır. Sığorta məbləğini sığorta olunan şəxsi sığorta müqaviləsində sığortaçı ilə razılaşmaya əsasən müəyyən edir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olundu ki, 24 sentyabr 2020-ci il tarixində Bank “BTB" ASC ilə İddiaçı arasında MİDA- 010/20/016 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən ona illik 4 % olmaqla, 300 ay müddətinə, aylıq 155.7 (yüz əlli beş manat yetmiş qəpik) manat ödəniş olmaqla 29.500 (iyirmi doqquz min beş yüz manat) manat ipoteka krediti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı üzrə iddiaçı ilə cavabdeh “Xalq Həyat" Sığorta şirkəti ASC ilə xx.xx.2020-ci il tarixdə XMLİ 00550/20 nömrəli “İpoteka Krediti götürən şəxslərin həyat sığortası" müqaviləsi bağlanmışdır və sığorta şəhadətnaməsi verilmişdir. Həmin sığorta şəhadətnaməsinin verilməsi üçün kredit götürən şəxslərin həyatının müddətli sığortası üzrə ərizə formasının 1-ci bəndində “Sizdə hal-hazırda təyin olunmuş əlillik dərəcəsi mövcuddurmu” sualının qarşısına “xeyr” qrafasında işarə qoyulmuşdur. Bu səbəbdən də Sığorta qaydalarının 18.1.3-cü bəndinə və Mülki Məcəllənin 935.1.6-cı maddəsinə əsasən sığorta ödənişindən imtina edilmişdir. Məhkəmə tərəfindən xəttşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, “İmza” qrafasında əks olunmuş imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ekspert rəyi ilə razı olduğunu bildirmiş və iddia tələbini qismən, xx.xx.2021-xx.xx.2026-cı illər müddəti ərzində pulun ödənilməsi hissəsində qəbul etmişdir. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı müddətli, 2-ci dərəcəli əlildir. Məhkəmə hesab edir ki, sığorta müqaviləsinə əlavə olan ərizə formasındakı imzanın iddiaçı tərəfindən imzalanmadığı məhkəmə araşdırması ilə müəyyən olunduğundan, cavabdehin sığorta ödənişindən imtinası əsassızdır. Belə olan halda tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli MİDA-010/20/016 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək "xxxx" ASC-nə ödənilməli olan 155.71 manat məbləğində aylıq kredit ödənişinin 20%-nin iddiaçının əvəzinə "xxxx" ASC-nə ödənilməsi vəzifəsi Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə “sonrakı təyin ediləcək əlillik müddətləri dövründə” aylıq kredit ödənişinin 20%-nin iddiaçının əvəzinə "xxxx" ASC-nə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə bildirir ki, iddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək müəyyən edilmişdir, gələcəkdə əlilliyin təyin edilib-edilməyəcəyi qeyri-müəyyəndir. Bu baxımdan iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 42 manat məbləğində dövlət rüsumu Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda aparılmış ekspertiza tədqiqatının dəyəri 125 (yüz iyirmi beş) manat Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli MİDA- 010/20/016 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək "xxxx" ASC-nə ödənilməli olan 155.71 manat məbləğində aylıq kredit ödənişinin 20%-nin iddiaçının əvəzinə "xxxx" ASC-nə ödənilməsi vəzifəsi Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Ödənilmiş 42 manat (qırx iki) manat məbləğində dövlət rüsumu Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 125 (yüz iyirmi beş) manat Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2923/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2923/2022
21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver