Məhkəmə qərarları › İş №2(004)-2990/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2990/2022

03.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2990/2022 03.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və cehiz əşyalarının geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və cehiz əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi dəyəri 16.950 (on altı min doqquz yüz əlli) manat olan qızıl-zinət əşyalarının və 15 adda ümumi dəyəri 29.750 (iyirmi doqquz min yeddi yüz əlli) manat olan cehiz əşyalarının Cavabdeh alınaraq mənə geri qaytarılması, həmin əşyaların qaytarılması mümkün olmadıqda dəyərinin pul qismində ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin tarixdən də cavabdehin ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvanına gəlin köçmüşdür. Birgə nikahdan iki övladı-xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X10 dünyaya gəlmişdir. Lakin nikahları Cavabdeh ilə birgə yaşamaq mümkün olmadığından, xasiyyətləri uyğunlaşmadığından və aralarındakı münasibət kəskinləşdiyindən Nizami rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Dəfələrlə cehiz olaraq gətirdiyi əşyaları və qızıl-zinət əşyalarını götürmək üçün cavabdehin yaşadığı mənzilə getsə də cavabdeh onunla kobud danışaraq onu evdən qovmuşdur. Nəticədə ona məxsus olan qızıl-zinət və digər cehiz əşyalarını geri götürə bilməmişdir. Ailə qurarkən həm cavabdeh və onun ailəsi tərəfindən, həm də öz ailəsi tərəfindən ona ümumi dəyəri 16.950 manat dəyərində olan qızıl-zinət əşyaları və ümumi dəyəri 29.750 manat olan cehiz əşyaları hədiyyə kimi verilmişdir. O, dəfələrlə ona məxsus olan cehiz və qızıl-zinət əşyalarının qaytarılması barədə cavabdehə müraciət etsə də, bunun heç bir faydası olmamış və cavabdeh tərəfindən onun mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Belə olan halda isə onun pozulmuş hüquqlarının bərpası üçün həmin qızıl-zinət əşyalarının ona geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması zərurəti yaranmışdır. Əgər həmin qızıl-zinət əşyalarından hər hansısa biri olmadıqda isə əvəzi olaraq pul şəkildə cavabdehdən tutularaq onun xeyrimə ödənilməlidir. Qızıl (ağ) dəst brilliant qaşlarla ( 4ct, 50 sot)-12.000 manat –Boyunbağı, bir dəst sırğa,qolbağ, qızıl (ağ) üzük brilliant tək qaş (0,25)-1.050 manat, qızıl (ağ) nişan üzüyü brilliant qaşlarla (0.65 ct) (2 ədəd komplekt)- 1.950 manat, qızıl (san) üzük-430 manat, 1 dəst qızıl (sarı) sırğa-475 manat, qızıl (sarı) qolbaq-1.045 manat. Xüsusilə qeyd edir ki, qızıl-zinət əşyalarından əlavə valideynləri tərəfindən ona həm ailə qurarkən, həm də ailə qurduqdan sonra ailəsi üçün lazım olan bir çox cehiz əşyaları da verilmişdir ki, onlar da hal-hazırda cavabdehin mənzilindədir. O və ailəsi tərəfindən dəfələrlə həmin cehiz əşyalarının geri qaytarılması tələb edilsə də cavabdeh tərəf həmin cehiz əşyalarını da geri qaytarmaqdan imtina etmişdir. Belə olan halda isə həmin cehiz əşyalarının ona qaytarılması və əgər onlardan biri olmadıqda isə onun dəyərinin pul şəkildə cavabdehdən tutularaq ona verilməsi zərurəti yaranmışdır. Qonaq otağı dəsti ( künc divanı, konsol stol 4 hissəli, tv stend, 2 ədəd dolab)-7.700 manat, üç hissəli paltar dolabı-800 manat, kondisioner 2 ədəd - ümumi dəyəri 1.400 manat, paltaryuyan 2 ədəd- ümumi dəyəri 1500 manat, elektrikli soba- 400 manat, soyuducu- 3.500 manat, televizor- 900 manat, çilçıraq 2 ədəd- ümumi dəyəri 1.200 manat, xalça 4 ədəd- ümumi dəyəri 2.500 manat, elektron mətbəx avadanlıqları- ümumi dəyəri 1.700 manat, vaza və altlığı- 1.500 manat, 6 nəfərlik yemək dəsti- 950 manat, 12 nəfərlik yemək dəsti- 1.600 manat, 6 nəfərlik yemək dəsti-500 manat və pərdələr-3.600 manat. Buna görə də hesab edir ki, ümumi dəyəri 16.950 (on altı min doqquz yüz əlli) manat olan qızıl-zinət əşyaları və yuxarıda qeyd etdiyi 15 adda, 29.750 (iyirmi doqquz min yeddi yüz əlli) manat dəyərində cehiz əşyaları Cavabdeh alınaraq ona geri qaytarılmalıdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz verərək etirazında bildirmişdir ki, iddiaçı X5 ilə Cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X10 adlı övladları vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2415/2021 saylı qətnaməsi ilə iddiaçı X5 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 Natavan Yafət qızının himayəsində saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 X3 yetkinlik yaşma çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X8ma verilməsi qət edilmişdir.Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək ümumi dəyəri 16.950 (on altı min doqquz yüz əlli) olan qızıl-zinət əşyalarının və 15 adda ümumi dəyəri 29.750 (iyirmi doqquz min yeddi yüz əlli) manat olan cehiz əşyalarının Cavabdeh ahnaraq ona geri qaytarılması, həmin əşyaların qaytarılması mümkün olmadıqda dəyərinin pul qismində ödənilməsini tələb edir. Qeyd edir ki, 02 avqust 2014-cü il tarixdə cavabdeh iddiaçının adına ünvan 2 ünvanında “ünvan 3i 129.8 kv.m olan mənzil almışdır və birlikdə nikahları pozulanadək, yəni 2021-ci ilədək həmin mənzildə yaşayıblar. Aralarındakı nikah pozulduqdan sonra da iddiaçı adıçəkilən mənzildə yaşamağa davam etmişdir və mənzilin açarları da iddiaçıdadır. Hal-hazırda isə mənzilin bölünməsi ilə bağlı məhkəmə mübahisəsi vardır. Göründüyü kimi tərəflər arasında nikah münasibətləri pozulandan bugünə kimi cavabdeh iddiaçı ilə birgə yaşadığı evdə olmamış və bu səbəbdən iddiaçının ərizəsinə qeyd etdiyi cehiz əşyaları ilə bağlı heç bir məlumatı yoxdur və əşyalar cavabdehdə deyildir. Eyni zamanda iddiaçı qızıl-zinət əşyalarının cavabdeh tərəfindən ona verilmədiyini əsas gətirərək geri qaytarılmasını tələb edir. Bildirir ki, qızıl-zinət əşyaları cavabdehdə deyildir, onun qızıl-zinət əşyaları ilə bağlı məlumatı yoxdur. Tərəflər arasında münasibətləri pozulan zaman iddiaçı qızıl-zinət əşyalarını özündə saxlamış, iddiaçı qızıl-zinət əşyalarının cavabdehdə olduğunu bildirsə də, buna dair iddia ərizəsinə hər hansı sübut əlavə etməmişdir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarıkmasının məhkməədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 etirazın məzmununa izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Legitim Qiymətləndirmə və Consulting MMC-nin 138/2021 saylı, xx.xx.2021-ci il tarixli hesabatından görünür ki,sözügedən qızıl-zinət əşyalarına və mebel-elektronika əşyalarına qiymətləndiriciyə vizual baxış imkanı yaradılmadığından qiymətləndirmə hesabatı təqdim olunan fotoşəkillərə və müraciət edən tərəfdən alınan məlumatlara əsasən nəzəri yolla tərtib olunmuşdur. Qızıl-zinət əşyalarının çeşidləri və texniki göstəriciləri X2 alınan məlumatlara istinadən 16.950.00 manat qeyd edilmişdir. Bundan əlavə iddiaçının mübahisələndirdiyi cehiz əmlakları–mebel-elektronika əşyalarına qiymətləndiricinin vizual baxış keçirilmədən iddiaçının məlumatlarına əsasən 29.750.00 manat qeyd edilmişdir. Məhkəmə tərəflər arasındakı dini kəbinin bağlanması barədə sənədi hal-hazırki iddia üzrə sübut kimi qəbul etmir. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir; 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Məhkəmə qeyd edir ki, iddiaçı qızıl-zinət əşyalarının və mebel-elektronika avadanlıqlarının qaytarılması, onlar olmadıqda onların dəyərinin tutulmasını xahiş etsə də, həmin qızıl-zinət əşyalarının və mebel-elektronika avadanlıqlarının cavabdehdə olması ilə bağlı hər hansı mötəbər, təqzibolunmaz sübutlarını məhkəmədə təqdim edə bilmədi. Bundan əlavə iddia ərizəsində qeyd olunanlar, o cümlədən cavabdehin göstərilən əşyaları əsassız şəkildə saxlaması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, iddiaçı ona məxsus əşyaların cavabdehdə qalmasına dair müvafiq sübutları təqdim edə bilmədəyindən iddia tələbi rədd edilməlidir. Bununla bağlı, məhkəmə bildirir ki, çıxarılmış məhkəmə qərarı tərəflərin mülahizələri əsasında deyil, dəqiq və mötəbər sübutlar əsasında çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbində göstərilən hallar məhkəmə araşdırmasında sübuta yetirilmədiyindən və əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və cehiz əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar