Məhkəmə qərarları › İş №2(004)-3040/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3040/2022

30.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3040/2022 30.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2022-ci il tarixindən hesablanmaqla hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, cavabdehdən onun xeyrinə 50 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 4 övladı dünyaya gəlmişdir. Övladlarının üçü artıq yetkinlik yaşına çatmışdır. xx.xx.2008-ci il təvəllüdlü X3 autizm xəstəliyindən əziyyət çəkməkdədir. Həmin xəstəlik səbəbindən ona əlillik statusu verilmişdir. Bir müddətdir ki, cavabdeh nə uşağa, nə də ailəyə başçılıq etmir. Əlil və azyaşlı övladının saxlanılmasında çox çətinliklərə məruz qalır. Özü də bir çox xəstəlik səbəbindən iş faəliyyətindən məhrumdur. Övladının daima kənar şəxsin qulluğuna ehtiyyacı olduğu üçün daimi olaraq mənim nəzarətindədir. Cavabdehə dəfələrlə şans verərək məhkəmədən kənar qaydada bu işin həllinə görə öz mövqeyini sərgiləməsini istəsə də təəssüflər olsun ki, o bundan nəticə çıxarmamış, əlil övladı ilə onu himayəsindən məhrum etmişdir. Bu səbəbdən də aliment ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehə ilkin olaraq işin mediasiya qaydasında həlli üçün təklif göndərsə də, o, mediasiya prosesindən yayınmışdır və nəticədə xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” verilmişdir. Alimentin tutulmasının rəsmi şəkildə cavabdehə mövcud tələblə bağlı (mediasiya qaydasında) müraciət etdiyi xx.xx.2022-ci il tarixindən hesablanması zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75-78-ci, maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanunu rəhbər tutaraq, müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1989-cu il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatmamışdır. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın və DSMF-nın Yasamal şöbəsi tərəfindən verilmiş 08842 nömrəli vəsiqənin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2 “Uşaq autizmi. Qulluq və nüalicə tələb edən ciddi davranış pozuntusu və s.” diaqnozu ilə əlillik müəyyən edilmişdir. Cavabdeh uşağına maddi cəhətdən kömək etmir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti 01 aprel 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar