Məhkəmə qərarları › İş №2(004)-305/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-305/2023

10.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-305/2023 10.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı xidməti ilə onun arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli 213 saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması və xx.xx.2022-ci il tarixdən hazırkı vaxta kimi məcburi iş buraxmaya görə orta aylıq əmək haqqımın tam şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1986-cı ildə Lerik Rayonunun Zərikuməco kəndində anadan olmuşdur. Orta məktəbi bitirəndən sonra X37 Akademiyasını bitirmiş və həqiqi xidmətdə olmuşdur. O, ailəli olmaqla iki uşaq atasıdır. 2010-cu ildən Lerik Rayon Meşə X2 meşəbəyliyinin meşəbəyi vəzifəsində işləmişdir. 2018-ci ildə Lerik, Astara və X24 mərkəzi birləşərək Regional Mərkəz yaranmış və o, işinə davam etmişdir. İşlədiyi yerdə bir illik fasilə verməklə (ailə vəziyyəti ilə əlaqədar işdən öz xahişi ilə azad olunmuşdur) işinə bərpa olunmuşdur. İşlədiyi müddət ərzində heç bir töhmət almamış, əksinə 3 dəfə ona rəhbərlik tərəfindən yaxşı işinə görə pul mükafatı verilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 213 saylı əmrinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi yazılı materiallarla bağlı izah verərək qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı işə bərpa və məcburi iş buraxılma müddətinə görə əmək haqqı tələbinə dair iddia tələbinə dair iş üzrə xx.xx.2022-ci il tarixində saat 10:00-a təyin olunmuş hazırlıq iclasında müəyyən sənədlərin surətlərinin təqdim edilməsi təklif edilmişdir. İclasda hakim tərəfindən meşə fondu torpaqlarının mühafizəsinə məsul əməkdaşların yüksələn xətlə iyerarxiyası, onların intizam məsuliyyətinə cəlb olunub-olunmaması, mövcud faktların təhvil-qəbul komissiyası tərəfindən aşkarlandıqdan bir neçə ay sonra iddiaçının intizam məsuliyyətinə cəlb olunmasının səbəbi məsələlərinin aydınlaşdırılması məqsədəmüvafiq hesab olunmuşdur. Odur ki, mövcud məsələlərə aydınlıq gətirməklə təsdiqedici sənədləri təqdim edir. İlk növbədə qeyd edilməlidir ki, Mərkəzlərin strukturu müəyyən olunmuş qaydada təşkil edilmiş meşəbəyliklərdən ibarətdir. Meşəbəyliyə meşəbəyi rəhbərlik edir. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 529/Ü nömrəli əmri ilə təsdiq edilmiş X38 Təsərrüfatı Mərkəzinin əsasnaməsinin 5.9-cu maddəsinə əsasən meşəbəyi meşə fondunun qorunub saxlanılmasına, meşələrin mühafizə edilməsinə va təkrar istehsalına, meşə təsərrüfatı işlərinin aparılmasında texniki-təhlükəsizlik qaydalarına əməl edilməsinə, meşə mühafizə və meşəbərpa tədbirləri barədə müəyyən olunmuş qaydada dövri hesabatların təqdim edilməsinə görə məsuliyyət daşıyır. Həmin əsasnamənin 5.10 və 5.11-ci maddələrinə əsasən meşəbəylik müəyyən olunmuş qaydada təşkil edilmiş meşə dolaylarından ibarətdir və meşə dolaylarında meşələrin mühafizəsi və qorunması işi bilavasitə meşə gözətçiləri tərəfindən həyata keçirilir. Bundan əlavə qeyd edilməlidir ki, meşələri yanğından, qanunsuz (özbaşına) qırılmadan, meşədən istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından və meşəyə zərər vuran digər hərəkətlərdən, zərərverici və xəstəliklərdən mühafizə etmək birbaşa meşəbəyinin, daha sonra yüksələn xəttlə meşələrin qorunması və mühafizəsi olunması üzrə baş mühəndis, direktor müavini-baş meşəbəyi və direktorun səlahiyyətlərinə aiddir. Bununla əlaqədar, Meşələrin İnkişafı Xidmətinin xx.xx.2022ci il tarixli 213/Ü nömrəli əmri ilə həmin dövrdə meşələrin qorunması və mühafizəsi olunması üzrə baş mühəndis vəzifəsi həvalə edilmiş X21, Mərkəzin direktor müavini-baş meşəbəyi vəzifəsi həvalə olunmuş X25, meşəbəylik ərazisində batmış əkinlərlə bağlı məsul əməkdaşlardan biri olan meşə əkini üzrə baş mühəndis X12 barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət intizam tənbehi tətbiri tətbiq edilmişdir, kadr tələbatının komplektləşdirilməsi məqsədilə aparılan islahatlarda meşəbəyi köməkçisi ştat vahidi ixtisar olunduğu üçün Lerik meşəbəyliyinin meşəbəyi köməkçisi X17 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və nəzərə alınmışdır. Eyni zamanda, meşə gözətçiləri Mərkəzin nomenklaturasına aid olduğu üçün həmin əmrlə vəzifə öhdəliklərini layiqincə yerinə yetirməyən, meşələrin qorunub mühafizəsində nöqsanlara yol verən meşə gözətçilərinin intizam məsuliyyətinə cəlb olunması Mərkəzin rəhbərliyinə tapşırılmış və dolayında qırıntılar aşkarlanan X36, X5 barəsində töhmət intizam tənbeh tədbiri tətbiq edilmişdir. İntizam məsuliyyətinin tətbiq edilməsi vaxtı ilə əlaqədar isə bildirilir ki, təhvil-qəbul işlərinin aparılması məqsədi ilə xx.xx.2021-ci il tarixdə müvafiq əmrlə Mərkəzdə komissiya yaradılmış və komissiya Mərkəzin Xidməti ərazisində yoxlamalara başlamışdır. Mərkəzin ərazisinin 66846,3 ha olduğunu nəzərə alaraq, təhvil-qəbul yoxlamaları bir neçə ay davam etmiş və yekunda tərtib olunmuş yekun təhvil-qəbul materiallarına əsasən nöqsanlara yol vermiş əməkdaşlar barədə müvafiq tədbirlər görülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, ona meşəbəyisi olduğu Lerik meşəbəyliyinin 139 m3 qırıntı olduğu bildirilmişdir. Həmin qırıntının 127 m3-ni özü yazmışdır. Burada cavabdeh meşəbəyi köməkçisi olan şəxs olmalıdır. Lakin onun barəsində heç bir tədbir görülməmişdir. Vəzifə təlimatına əsasən meşəbəyi hər altı aydan bir, meşəbəyi köməkçisi isə hər iki aydan bir yoxlama aparmalıdır. Qırıntı halı 2021-ci ilin dekabr ayının axırında baş vermiş, onun barəsində işdən çıxarılma əmri 2022-ci ilin may ayının 27-də verilmişdir. Həmin dövrə qədər ona əmək haqqının 50%-i məbləğində 3 dəfə pul mükafat verilmişdir. Meşədə qırıntını o aşkar etmişdir. Həmkarlar İttifaqının iclasında iştirak etmişdir, lakin rəy ona təqdim edilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, Lerik meşəbəyliyindən iddiaçının etiraf etdiyi kimi 139 m3 qırıntıdan başqa, meşə əkinlərinin batması halı da aşkar edilmişdir. Meşəbəyi olaraq ilə əlaqədar meşənin mühafizəsinin təmin edilməsi, meşədə qırıntıların qarşısının alınması vəzifə funksiyalarına aiddir. 139 m3 ərazidə qanunsuz olaraq ağacın kəsilməsi, daşınması üçün xeyli müddət lazımdır. Meşəbəyinin və meşəbyi köməkçisinin bundan məlumatlı olmaması onları məsuliyyətdən azad etmir. Həmçinin 52 ha sahədə meşə əkinlərinin batması halı aşkar edilmişdir Həmin meşə əkinləri də iddiaçın xidməti ərazisinin daxilində baş vermişdir. İddiaçı iddia ərizəsində ondan başqa heç kim barəsində tədbir görülmədiyini qeyd etmişdir. Bununla bağlı qeyd edir ki, bununla bağlı prokurorluğa müraciət edilmiş və cinayət işi başlanılmışdır. Digər şəxslər barəsində də tədbir görülmüş, onlar barəsində intizam tənbeh tədbiri tətbiq edilmişdir. Dörd növ yoxlama növü vardır ki, nəzarətiv, operativ, korperativ və növbəti yoxlamalar həyata keçirilir. Bu yoxlamalardan heç bir vaxtında həyata keçirlməmişdir. Yeni direktorun təyin edilməsi ilə bağlı təhvil-qəbul işləri həyata keçirilərkən həmin ərazidə bu qanunsuz hallar aşkar edilmişdir. İddiaçı iş saatlar ərzində istilik mişarının səsini eşitməməsi də mümkün deyildir. İddiaçının işdən azad edilməsi zamanı qanunvericiliyin tələbinə riayyət edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Ağali oğluna aid əmək kitabçasının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Əsədov X19 və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X38 X11 meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 27 may 2022-ci il tarixli 213/ü nömərli əmrinin surətindən görünür ki, təhvil qəbul yoxlamasında 205,7 m3 həcmində 9764,3 manat nırx və ziyan dəyərində 254 ədəd, həmin müddətdə aparılan digər yoxlamalarda isə 471,2 m3 həcmində 94128,9 manat nırx və ziyan dəyərində 266 ədəd ümumilikdə 676,9 m3 həcmində 103893,2 manat nırx və ziyan dəyərində 520 ədəd ağacın qanunsuz kəsildiyi aşkar edilərək aktlaşdırılmışdır. O cümlədən Lerik rayonu Lerik meşəbəyliyi üzrə 139,1 m3 həcmində 16777,3 manat dəyərində 59 ədəd (meşəbəyi İddiaçı) ağacın qanunsuz kəsildiyi aşkar edilərək aktlaşdırılmışdır. Mərkəz üzrə dövriyyədə olan 659.9 ha əkinə baxış keçirilmiş və Lerik meşəbəyliyində 52.5 ha əkinin batdığı müəyyən edilmişdir. Əmək funksiyasını və öhdəliklərini yerinə yetirmədiyinə görə X38 X11 meşəbəyliyinin meşəbəyi İddiaçı Ağali oğlu ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, X38 X11 rayronu üzrə Lerik meşəbəyliyinin 15 saylı meşə dolayısında 11-13 yanvar 2022-ci il tarixdə aparılmış yoxlamaya dair tərtib olunmuş akt üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi iiə başlanmış ********* saylı cinayət işinin hazırki istintaq mərhələsində müəyyən edilmişdir ki, Lerik meşəbəyliyin 15 saylı meşə dolayısında yuxarıda göstərilən tarixdə aparılmış yoxlamada naməlum şəxslər tərəfindən 2021-ci ilin noyabr-dekabr aylarında qanunsuz kəsilməsi aşkar olunaraq qeydə alınmış ağaclardan bir neçə ədədi həmin meşə sahəsinə yaxın məsafədə yerləşən, Lerik rayonunun Zardonu kəndində yaşayan həmin kənd sakini X1 Regional Meşə Təsərrüfatı mərkəzinin əməkdaşlarından gizli və qanunsuz kəsərək işlik issələrini emal etməklə meşə sahəsindən atla daşıyıb aparılması halları meşəbəyi və meşə gözətçisinin səyi və ifadələri əsasında sübuta yetirilmiş, digər ağacların kimlər tərəfindən qanunsuz kəsilməsinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir. Cinayət işinin istintaqı zamanı Meşəbəyi İddiaçı və meşə gözətçisi Nail Şahbazovun vətəndaşlarla, yəni ağacları qanunsuz kəsimiş şəxslərlə əlbirliyi sübuta yerililməmişdir. İş materiallarında olan X38 Təsərrüfatı Mərkəzinin işçiləri ilə bağlı keçirilmiş Meşələrin İnkişafı Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin iclasının 25 may 2022-ci il tarixli protokolun əsasında qərara alınmışdır ki, Lerik üzrə meşəbəyliyinin meşəbəyisi İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi tövsiyə edilmişdir. Əsədov X16 iclasında iştirak etmiş və çıxışında bildirmişdir ki, meşəbəyliyini 2021-ci ilin fevral ayında təhvil almışdır. 2015-2016-cı illərdən qalan 33 ha ərazinin ona təhvil verilməmişdir. Meşəbəyiliyin ümumi sahəsi 52 ha təşkil edir. 19 hektar əkin sahəsi onun fəaliyyəti dövründə batmışdır. Bu əkin sahələrinin batma səbəbini əlverişsiz hava şəraiti, eləcə də relyefin dağlıq olması ilə əlaqələlidir. İş materiallarında olan İddiaçı xx.xx.2022-ci il tarixli izahatında qeyd olunur rəhbərlik etdiyi meşəbəylikdə aşkar edilmiş qanunsuz qırıtılar və tərtib edilmiş akt inzibati orqanlara göndərilmiş, inzibati orqan tərəfindən araşdrıma aparılmış və təqsirkarlar müəyyən edilmişdir. Batmış meşə əkinləri barəsində bildirmişdir ki, o meşəbəyli 02 aprel 2021-ci il təhvil götürən zaman dövriyyədə olan meşə əkinlərindən 2015-ci və 2016-cı illərdə meşə əkinləri ona təhvil verilməmiş, 2017-ci ildən 2021-ci ilə qədər meşə əkinlərinin vəziyyəti 16%-dən aşağı olduğundan o əkin sahələrində doldurma işləri aparmışdır. İş materiallarında olan Lerik meşəbəyliyinin 14 saylı meşə dolayısında yoxlama aparılarkən Lerik meşəbəyliyinin meşəbəyisi İddiaçı Ağəli oğlu, meşəbəyliyin qonşu 6 saylı meşə dolayı gözətçisi Zamanov Əmirağa və meşəbəyliyin qonşu 14 saylı meşə dolayı gözətçisi X13 tərəfindən tərtib edilmiş 29 dekabr 2021-ci il tarixli aktın surətindən görünür ki, 14 saylı meşə dolayı gözətçisi X6 verdiyi şiafahi məlumat əsasında 14 saylı meşə dolayında yoxlama aparılmışdır. Yoxlama zamanı ağcaqayın cinsindən olan 36 smdiametrində 2 ədəd işlik, 40 sm diametrində 1 ədəd işlik, 44 sm diametrində 3 ədəd işlik, 48 sm diametrində 3 ədəd işlik, 52 sm diametrində 1 ədəd işlik, ağcaqayın cinsindən olan 10 ədəd, fısdıq cinsindən 48 sm diametrində 1 ədəd odunluq, vələs cinsindən 36 sm diametrində 2 ədəd odunluq, 10 sm diametrində 1 ədəd odunluq, 60 sm diametrində 1 ədəd odunluq, vələs cinsində cəmi 4 ədəd olmaqla cəmi 15 ədəd kök üstə yaş ağaclar kəsilib, meşə sahəsindən aparılmışdır. Qanunsuz kəsilib aparılmış ağacların dib kötükləri meşəbəyiyə məxsus N-103 nömrəli damğa ilə damğalamışlar. Akta həcim və qiymət cədvəli əlavə olunanda ağacların dib kötükləri döş hündürlüyünə qaldırılıb, hesablanmışdır. Həcm qiymət cədvəlindən görünür ki, kəsilmiş ağacların nırx dəyəri 901,232 manat müəyyən edilmişdir. İş materiallarında olan Lerik meşəbəyliyinin 5 saylı meşə dolayısında yoxlama aparılarkən Lerik meşəbəyliyinin meşəbəyisi İddiaçı Ağəli oğlu, meşəbəyliyin qonşu 6 saylı meşə dolayı gözətçisi Zamanov Əmirağa və meşəbəyliyin qonşu 5 saylı meşə dolayı gözətçisi Salmanov Qəhrəman, Lerik rayonun Cəgəmiran kənd sakini Qafarov Raqib Hicran oğlu, Lerik rayonun Cəgəmiran kənd sakini X4 iştirakı ilə tərtib edilmiş 03 fevral 2022-ci il tarixli aktın surətindən görünür ki, 5 saylı meşə dolayı gözətçisi Salmanov Qəhrəmanın mərkəzə verdiyi xx.xx.2022-ci il tarixli məlumatı yerində yoxlamaq məqsədi ilə 5 saylı meşə dolayısının 57 saylı kvartalında olmuşlar. Araşdrıma zamanı məlum olmuşdur ki, Lerik rayonun Cəgəmiran kənd sakinləri Qafarov Rafiq və Mirzəyev Fikrət əllərində heç bir meşə buraxılış orderi olmadan qanunsuz olaraq palıd cinsindən 68 sm diametrində 1 ədəd, 72 sm diametrində 1 ədəd və 100 sm diametrində 1 ədəd, cəmi 3 ədəd kök üstə yaş odunluq ağaclar kəsilib, yerində saxlanmışdır. 5 saylı meşə dolayı gözətçisi Salmanov Qəhrəman vətəndaş Qafarov Raqib Hicran oğluna telefonla zəng edərək meşə sahəsinə dəvət etmişdir. O, iştirakdan imtina etmişdir. Kəsilmiş ağacların dib kötükləri meşəbəyiyə məxsus N-103 nömrəli damğa ilə damğalamışlar. Kəsilib yerdə qalan 12,36 kubmetr oduncağın qorunması 5 saylı meşə dolayı gözətçisi Salmanov Qəhrəmana təhvil verilmişdir. Həcm qiymət cədvəlindən görünür ki, 12,36 kubmetr odunun nırx dəyəri 61,07 manat müəyyən edilmişdir. İş materiallarında olan Lerik meşəbəyliyinin 15 saylı meşə dolayısında yoxlama aparılarkən Lerik meşəbəyliyinin meşəbəyisi İddiaçı Ağəli oğlu, meşəbəyliyin qonşu 6 saylı meşə dolayı gözətçisi Zamanov Əmirağa və meşəbəyliyin qonşu 14 saylı meşə dolayı gözətçisi Sərxanov Ramin, Lerik meşəbəyliyinin 15 saylı meşə dolayı gözətçisi Şahbazov Nail , Lerik rayonun Almu kənd sakini X14 iştirakı ilə tərtib edilmiş 01 fevral 2022-ci il tarixli aktın surətindən görünür ki, 15 saylı meşə dolayı gözətçisi X23 mərkəzə verdiyi xx.xx.2022-ci il tarixli məlumatı yerində yoxlamaq məqsədi ilə Lolayev 13 saylı kvartalında olmuşlar. Araşdrıma zamanı məlum olmuşdur ki, Alma kənd sakini X26 əlində heç bir meşə buraxılış orderi olmadan qanunsuz olaraq nəhəng ağcaqayın cinsindən 64 sm diametrində 1 ədəd işlik, qızılağac cinsindən 88 sm diametrində 1 ədəd işlik, cəmi 2 ədəd kök üstə yaş işlik ağaclarını kəsib istilik mişarı ilə inşaat karakterli materiallar hazırlamış, at vasitəsi ilə meşə sahəsindən aparmışdır. X18 meşə sahəsinə gələrək onlarla iştirak edilməsi xahiş edilsə də, vətəndaş meşə sahəisnə gəlməkdən imtina etmişdir. Kəsilmiş ağacların dib kötükləri meşəbəyiyə məxsus N-103 nömrəli damğa ilə damğalamışlar. Həmçinin, iş materiallarında görünür ki, 31 yanvar 2022-ci il və 04 fevral 2022-ci il tarixlərində Lerik meşəbəyliyinin 15 saylı meşə dolayısında, 31 yanvar 2022-ci il tarixində Lerik meşəbəyliyinin 14 saylı meşə dolayısında, 2021-ci ilin sentyabr ayında Lerik meşəbəyliyinin 5 a saylı meşə dolayısında, 04 fevral 2022-ci il tarixdə Lerik meşəbəyliyinin 1 a saylı meşə dolayısında araşdırma aparılmış və qanunzus olaraq ağac kəsilməsi halları aşkar edilərək aktlaşdırımışdır. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X38 Təsərrüfatı Mərkəzinin 06 iyun 2022-ci il tarixli 142/Ü nömrəli əmrinə əsasən, mərkəzin ziyanvericilər və xəstəliklər üzrə baş mütəxəssisi X27 əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissədinin a bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X38 Təsərrüfatı Mərkəzinin 01 avqust 2022-ci il tarixli 182/Ü nömrəli əmrinə əsasən, mərkəzin əkin üzrə baş mühəndisi X8 əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissədinin a bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X38 Təsərrüfatı Mərkəzinin 03 iyun 2022-ci il tarixli 139/K nömrəli əmrinə əsasən, Lerik meşəbəyliyi üzrə 15 saylı meşə dolay gözətçisi X28 əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən töhmət verilməsi, Razvandoband meşəbəyliyi üzrə 19 saylı meşə dolay gözətçisi X9 əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən şiddətli töhmət verilməsi, Lerik meşəbəyliyi üzrə 5 saylı meşə dolay gözətçisi X3 əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən töhmət verilməsi, Razvandoband meşəbəyliyi üzrə 17 saylı meşə dolay gözətçisi X7 əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissədinin a bəndinə əsasən töhmət verilməsi, Gürdəsər meşəbəyliyi üzrə 23 saylı meşə dolay gözətçisi X10 əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə uyöun olaraq xəbərdarlıq edilməsi əmr edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan görünür ki, İddiaçı Ağali oğlu xx.xx.2021-ci il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X38 X11 meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin olunmuş və 27 may 2022-ci il tarixli 213/ü nömərli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və müəssisənin mənafeyinə ciddi xələl gətirməsinə görə işdən azad olunmuşdur. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən verilmiş 27 may 2022-ci il tarixli 213/ü əmr qanunsuz olduğundan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. Həmin Məcəllənin 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, işçi əmək vəzifələrini kobud şəkildə pozduqda və bu pozma mülkiyyətçinin, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduqda, işçi təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduqda işçi ilə bağlanan əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 529/Ü nömrəli əmri ilə təsdiq edilmiş X38 Təsərrüfatı Mərkəzinin əsasnaməsinin 5.9-cu maddəsinə əsasən meşəbəyi meşə fondunun qorunub saxlanılmasına, meşələrin mühafizə edilməsinə va təkrar istehsalına, meşə təsərrüfatı işlərinin aparılmasında texniki-təhlükəsizlik qaydalarına əməl edilməsinə, meşə mühafizə və meşəbərpa tədbirləri barədə müəyyən olunmuş qaydada dövri hesabatların təqdim edilməsinə görə məsuliyyət daşıyır. İş materiallarından müəyyən edildiyi kimi, iddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işəgötürənin qanuni mənafeyinə ciddi ziyan dəymişdir. İddiaçı meşə fondunun qorunub saxlanılmasına, meşələrin mühafizə edilməsinə dair öhdəliyini düzgün şəkildə yerinə yetirməmiş, yoxlamaları vaxtı-vaxtında aparmamışdır. Nəticədə, təhvil-qəbul yoxlaması aparılarkən iddiaçının meşəbəyisi olduğu Lerik rayonu Lerik meşəbəyliyi üzrə 139,1 m3 həcmində 16777,3 manat dəyərində 59 ədəd ağacın qanunsuz kəsildiyi aşkar edilərək aktlaşdırılmışdır. Həmçinin Lerik meşəbəyliyində 52.5 ha əkinin batdığı müəyyən edilmişdir. İddiaçı həmin pozuntuların onun tərəfindən aşkar edilərək aktlaşdırıldığını qeyd etsə də, özü də izahatında ağacların özbaşına kəsilməsi hallarının 2021-ci ilin dekabr ayında baş verdiyi bildirmişdir. Halbuki, özbaşına qırıntı halları onun tərəfindən 2022-ci ilin yanvar ayının sonunda və fevral ayının əvvəllərində təhvilqəbul işləri ilə əlaqədar aparılan yoxlama nəticəsində aşkar edilmişdir. Həmin dövrə qədər də 139,1 m3 həcmində 16777,3 manat dəyərində 59 ədəd ağac qanunsuz olaraq kəsilmişdir. Məhkəmə qeyd edir, məhkəmə araşdırması zamanı həm də əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmış, həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması və bu səbəbdən işdən azad edilməsi iş materialları öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları müəyyən edilməmişdir. Odur ki, iddia tələbi əsassız hesab edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə, həmçinin iddia üzrə "əmrin ləğv edilməsi və işə bərpa" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "əmrin ləğv edilməsi və işə bərpa" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar