Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3062/2025 19.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, hədiyyə edilmiş onun mülkiyyəti sayılan 5336 manat dəyərində olan, İtaliya istehsalı olan, 750 əyarlı, çəkisi 19,75 qram olan brilyant dəstinin – 500 mm uzunluğunda bir ədəd ağ qızıldan olan klonlu boyunbağının, bir cüt ağ qızıl sırğanın, 165 mm uzunluğunda olan 1 ədəd ağ qızıl qolbağın və bir ədəd ağ qızıl üzüyün cavabdehdən alınıb iddiaçıya qaytarılması, əgər mümkün olmasa həmin qızıl-zinət əşyalarının bazar dəyəri ilə pulun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə el adəti ilə toy edib ailə qurmuşlar. 5 Saylı Bakı “ASAN” xidmət mərkəzi” Qeydiyyat Şöbəsində nikahları rəsmiləşmişdir və bu barədə onlara nikahın bağlanması haqqında AKT qeydləri kitabında 07 sentyabr 2017-ci il tarixdə 3020 №-li akt qeydi tərtib olunmuş və bizə “Nikah haqqında şəhadətnamə" verilmişdir. Toy zamanı ona qızıl-zinyət əşyaları hədiyyə edilmişdir. Cavabdeh həyat yoldaşı Cavabdeh ilə uzun müddət ər-arvad olaraq birgə yaşamışlar, birgə ümumi təsərrüfat aparmışlar. Lakin, son zamanlar cavabdeh ona və uşaqlara qayğı göstərmədiyi üçün, gəlirini ailədən gizlətdiyi üçün və ona uşaqları saxlamaq üçün yardım göstərmədiyinə görə o, məcburiyyət qarşısında qalıb nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi rayon məhkəməsinin 2(001)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Həyat yoldaşı Cavabdeh onun xəbəri olmadan ona məxsus olan, mülkiyyəti sayılan 5336 manat dəyərində olan, İtaliya istehsalı olan, 750 əyarlı, çəkisi 19.75 qram olan brilyant dəstini - sırğa, qolbaq və üzük dəstindən ibarət qızıl-zinyət əşyalarını götürmüşdür, o, dəfələrlə cavabdehdən qızıl-zinyət əşyalarımı tələb etsə də o, müxtəlif bəhanələrlə qızılları ona qaytarmaqdan yayınır, boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, ona məxsus qızıl-zinət əşyaları cavabdeh tərəfindən onun xəbəri olmadan 2024-cü ilin aprel ayında lombarda qoymuş, pul vəsaitini öz ehtiyaclarına xərcləmişdir. Buna görə də, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən və məhz o, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. İddia tələbində göstərilən qızıl-zinət əşyaları iddiaçıya hədiyyə qismində verilmişdir. Tərəflərin nikah münasibətləri 2024-cü ilin oktyabr ayında pozulmuş, bununla əlaqədar məhkəməyə müraciət edilmiş, Binəqədi Rayon Məhkəməsinin (001)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması qət edilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatları ilə qızıl-zinət əşyalarının 2024-cü ilin aprelində lombarda qoyulduğunu, həmin pul vəsaitinin avtomobilin təmir-bərpa işlərinə xərcləndiyini və qeyd olunan avtomobilin tərəflərin birgə mülkiyyətində olan əmlak kimi aralarında bölüşdürüldüyünü bildirmişdir. Eyni zamanda, iddiaçının təqdim etdiyi flashkartda əks olunan tərəflər arasında danışıqlarla iddiaçının qızıl-zinət əşyalarının lombarda qoyulmasından, həmin pul vəsaitinin ailənin ümumi xərcləri və avtomobilin təmir-bərpa işlərinə xərcləndiyindən məlumatlı olduğu aydın görünür. Beləliklə, həm iş materialları ilə, həm də iddiaçının izahatı ilə iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının nikahın pozulması barədə müraciətdən 6 ay əvvəl, yəni 2024-cü ilin aprel ayında lombarda qoyulduğu və ailə təsərrüfatına xərcləndiyi işin halları ilə müəyyən edilir. İddiaçı hazırkı iddia tələbində ona məxsus ümumi dəyəri 5336 manat olan qızıl-zinət əşyasının ona məxsus əmlak olduğu üçün cavabdehdən alınaraq ona verilməsini xahiş etsə də, sözügedən əşyanın cavabdehdə olması və ya cavabdehin şəxsi ehtiyaclarına xərclənməsi barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Tərəflər arasında danışıqlarla da qızıl-zinət əşyalarının nikahın pozulmasından əvvəl ailənin ümumi təsərrüfatına və avtomobilin təmir-bərpa işlərinə xərclənməsi qeyd edilmişdir. Məhkəmə iclasında hakimin sualına cavabında iddiaçı qeyd etmişdir ki, həmin avtomobil onunla cavabdeh arasında payları bərabər olmaqla məhkəmə qərarı ilə bölünmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, onun tərəfindən tələb etdiyi qızıl-zinət əşyasının cavabdehdə olması və ya cavabdehin şəxsi ehtiyaclarına xərclənməsi barədə heç bir sübut təqdim edilmədiyindən, bununla da iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən, iddia tələbi öz hüquqi təsdiqini tapmadığından təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3062/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3062/2025
19.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver