Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3084/2025 29.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi, icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi, icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyənb edilir ki, İddiaçı və Cavabdeh fərdi sahibkardırlar, VÖEN-ləri müvafiq olaraq 2006 və 2007-ci illərdə qeydiyyata alınmışdır. Mübahisə predmeti olan icarə müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. MM-in 43.5-ci maddəsinin tələblərinə əsasən, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Məhkəmə qeyd edir ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas şərt lazımdır:
1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.
2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.
3. Subyektlər arasındakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hər 3 (üç) şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi əsas götürülməklə hazırki mübahisə üzrə tərəflər kommersiya subyektləri olmaqla onlar arasında yaranmış münasibətlər kommersiya hüquq münasibətləridir. Tərəflər arasında yaranan münasibətlər məhz mübahisə üzrə tərəflərin (subyekt) özözlüyündə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarlıq münasibətlərindən doğmuşdur. Nəticə etibarilə, yuxarıda qeyd olunan hər 3 (üç) dispozitiv şərt ödənilir. Qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, iddia ərizəsi ümumi məhkəməyə deyil, müvafiq kommersiya məhkəməsinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, yenidən, müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi, icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 126 (yüz iyirmi altı) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı (FİN: xxxxxxx) qaytarılsın. İddiaçı izah edilsin ki, iddia tələbi üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Fariz Əlizadə