Məhkəmə qərarları › İş №2(004)-3087/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3087/2023

02.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3087/2023 02.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “təhsil haqqı ilə əlaqədər olaraq əlavə xərclərə cəlb etmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “təhsil haqqı ilə əlaqədər olaraq əlavə xərclərə cəlb etmə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından olan övladları xx.xx.2004-cü il təvəllüdlü X4 illik təhsil haqqı ilə bağlı ödənilmiş 2022-2023-cü illər üzrə 6600 avro təhsil haqqının, təhsil dövründə təhsil müəssisəsi tərəfindən tələb edilən depozit qismində ödənilmiş ilk təhsil ili üzrə 11610 avro pulun yarısının, bundan sonrakı, yəni 2022-2025-ci illər üzrə ödənilməli olan depozit xərcinin, yəni hər il üzrə 11610 avro pulun yarısının və təhsil dövrü ərzində yol xərclərinin yarı hissəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin əsassız olduğunu bildirmiş və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh "xxxx" MMC-də idarə rəisi vəzifəsində işləyir və aylıq əmək haqqı 7475 (yeddi min dörd yüz yetmiş beş) manat təşkil edir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh mülkiyyətində Vaz 21099 markalı və Toyota Corolla markalı 2 (iki) ədəd avtomobil vardır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsili Nazirliyinin xx.xx.2022-ci il 47(01)-551/24 nömrəli arayışına əsasən müəyyən edilir ki, xx.xx.2004-cü il təvəllüdlü X7 “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrindən təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-2023-cü il tədris ilində Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsinin bakalavriat təhsil səviyyəsində “Mühəndislik Texnologiyası” ixtisası üzrə təhsil almaq hüququ qazanıb. Tələbənin təhsil müddəti 2022-ci ilin sentyabr ayından 2025-ci ilin sentyabr ayına qədər davam edəcəkdir. İş materiallarında olan Ku Leuven Universiteti Tədris və təhsil prosesləri şöbəsinin qəbul arayışına əsasən müəyyən edilir ki, xx.xx.2004-cü il təvəllüdlü X2 universitetin X1 Mühəndislik texnologiyası bakalavr dərəcəsi qəbulu təklif edilmişdir. İş materiallarında olan Ku Leuven Universiteti Təhsil uçotu şöbəsinin bildirişinə əsasən müəyyən edilir ki, müvafiq hesab rekvizitləri verilməklə 6600 avro pulun hesaba köçürülməsi təklif edilmiş, əks təqdirdə tələbənin qeydiyyat və loqin imtiyazları ləğv ediləcəkdir. İş materiallarında olan Ku Leuven Universiteti Təhsil uçotu və mobillik şöbəsinin bildirişinə əsasən müəyyən edilir ki, xx.xx.2004-cü il təvəllüdlü X4 Belçikada yaşayış xərclərini qarşılamaq üçün 11600 avro məbləğində pul qəbul edilmişdir. 2022-2023-cü tədris ili üzrə təhsil aldığı müddətdə yaşayış xərclərini qarşılamaq üçün xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək olan müddətdə (12 ay) 950 avro (birinci ay üçün 1050 avro) hər ay Belçikada cari hesaba köçürüləcəkdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqeyini nəzərə alır. Məhkəmə qətnaməni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 1-ci hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İş materiallarına əsasən müəyyən edilir ki, cavabdehin aylıq gəlirləri yüksək məbləğdə təşkil edir. Tərəflərin birgə nikahından olan övladları xx.xx.2004-cü il təvəllüdlü X3 İttifaqının seçilən universitetlərinin birində mühəndislik ixtisası üzrə dövlət proqramı əsasında təhsil alır. A.S.Əhmədin təhsil və yaşam xərcləri yüksək məbləğdə təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarda göstərilən hüquqi mövqeyinin istisnasız olaraq tətbiq edilməsini məhkəmə əsaslı hesab etmir. Məhkəmələr sosial münasibətlər üzrə hüquq subyektləri (insanlar) arasındakı münasibətləri tənzimləyir. Sosial münasibətlərin mahiyyəti gərəyi məhkəmə qətnamə qanuni və əsaslı olduğu qədər, həmdə ədalətlilik meyarlarına cavab verməlidir. Nəzərə almaq lazımdır ki, hüququn ümumi prinsiplərindən biri də ədalətlilikdir. Ümumi prinsip(lər)ə zidd olan hüquq norması effektiv tətbiq edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən ədalətli olmayan qərar qanuni ola bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, KMP-nin hüquqi mövqeyi 2015-ci ilin əvvəlində qəbul edilmişdir. Həmin tarixdən 9 ildən çox vaxt keçməklə hüquq münasibətləri, sosial münasibətlər, informasiya mübadiləsi, beynəlxalq əlaqələr, həyat və təhsil standartları, gənc nəslin maraq və arzuları dəyişmiş, inkişaf etmişdir. Odur ki, sözügedən hüquqi mövqeyə yənidən baxılaraq istisna halların tətbiq edilməsi mümkün hesab edilə bilər. Məhkəmə qeyd edir ki, KPM-nin hüquqi mövqeyi məhz Azərbaycan Respublikasında olan təhsil xərci ilə bağlı (yüksək olmayan təhsil haqqına dair) mübahisənin şərhi olaraq qəbul edilmişdir. Nəzərə almaq lazımdır ki, hazırki mübahisə üzrə təhsil Avropada seçilən universitetdə baş tutur. Sözügedən ixtisasın Azərbaycan Respublikasında Avropada olduğu keyfiyyətdə tətbiq oluna bilinməməsi xüsusatı nəzərə alınmalıdır. A.S.Əhməd yetkinlik yaşına çatsa da, tərəflər arasında valideyin-övlad-ailə münasibətləri davam etməkdədir. A.S.Əhməd yetkinlik yaşına çatsa da, tələbədir, təhsil alır və miqrasiya, iş, oturum münasibətləri nəzərə alınmaqla Avropada işləməklə gəlir əldə etməsi mümkün deyil. Xaricdə təhsil üzrə dövlət proqramının mahiyyəti, dövlətin göstərdiyi fəallıq və təşkilatçılıq nəzərə alınmaqla gənclərin avropada təhsil alaraq dövlətə, cəmiyyətə faydalılıq əmsalının artmasında dövlət, cəmiyyət və ailənin cəmiyyətin özəyi olması xüsusatı nəzərə alınmaqla xüsusən valideynlər maraqlı olmalıdır. Hüquqdan sui-istifadə yolverilməzdir. Lakin, məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən hüquqdan sui-istifadə xüsusatı müəyyən edilmir, həqiqi əsaslarla valideyn övladının layiqli formada yetişməsində digər valideynin iştirakçılığının təmin edilməsini xahiş edir. Qeyd olunanlar nəzər alınmaqla, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə KMP-nin hüquqi mövqeyindən istisna kimi nəzərə alınmalı, mübahisə ədalətli və ağlabatan formada tənzimlənməlidir. Məhkəmə qeyd edir ki, xaricdə təhsil marağı, halları 2015-ci ilə münasibətdə dəyişərək inkişaf etmişdir. Hazırda anoloji hallar çoxluq təşkil edir. Hüquq tətbiqetmə və hüquq yaratmanın əsas məqsədi hüquqi problemlərin profilaktikası, problemin vaxtından əvvəl müəyyən edilərək tənzimlənməsini tələb edir. Mübahisələr artdıqdan sonra hüquq münasibətlərinə, normalarına dəyişiklik (şərh, düzəliş) tətbiq edilsə də, həmin dəyişiklikdən sonra dövr üzrə subyektlərin hüquqları operativ qaydada müdafiə edilməsinə baxmayaraq tənzimetməyə (dəyişikliyə) qədər olan dövr üçün subyektlərə ikili yanaşmaya, bir sıra hallar üzrə ədalətsiz qərarların qəbul edilməsi ilə nəticələnir. Cavabdehin gəlirlərinin aşağı olması və ya olmaması xüsusatı mövcud olsa idi, məhkəmə mübahisəyə başqa mövqedən yanaşacaqdı. Nəzərə almaq lazımdır ki, hazırki mübahisə üzrə övladın təhsil xərcləri və cavabdeh atanın aylıq gəlirləri yüksək miqdarda təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2004-cü il təvəllüdlü X4 illik təhsil haqqı ilə bağlı ödənilmiş 2022-2023-cü illər üzrə 6600 avro təhsil haqqı (hazırki rəsmi məzənnə üzrə), təhsil dövründə təhsil müəssisəsi tərəfindən tələb edilən depozit qismində ödənilmiş ilk təhsil ili üzrə 11610 avro pulun yarısı, yəni 5805 avro (hazırki rəsmi məzənnə üzrə), bundan sonrakı, yəni 2022-2025-ci illər üzrə ödənilməli olan depozit xərcinin, yəni hər il üzrə 11610 avro pulun yarısı, yəni 5805 avro (ödəniləcək illər üzrə həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq) və təhsil dövrü ərzində yol xərclərinin yarı hissəsi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “təhsil haqqı ilə əlaqədər olaraq əlavə xərclərə cəlb etmə” tələbinə dair iddiası təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X4 illik təhsil haqqı ilə bağlı ödənilmiş 2022-2023-cü illər üzrə 6600 avro təhsil haqqı (hazırki rəsmi məzənnə üzrə), təhsil dövründə təhsil müəssisəsi tərəfindən tələb edilən depozit qismində ödənilmiş ilk təhsil ili üzrə 11610 avro pulun yarısı yəni, 5805 avro (hazırki rəsmi məzənnə üzrə), bundan sonrakı, yəni 2022- 2025-ci illər üzrə ödənilməli olan depozit xərcinin, yəni hər il üzrə 11610 avro pulun yarısı, yəni 5805 avro (ödəniləcək illər üzrə həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq) və təhsil dövrü ərzində yol xərclərinin yarı hissəsi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar