Məhkəmə qərarları › İş №2(004)-3092/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3092/2021

08.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3092/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 nümayəndələri və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan qızıl zinət bəzək əşyalarının və ya onların dəyərini təşkil edən 36700 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə 24.10.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahdan 10.11.2018-ci il təvəllüdlü Cavabdeh2 Ceyhun qızı dünyaya gəlmişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən Yasamal rayon məhkəməsinin 08.02.2021 tarixli qərarı ilə nikahları pozulmuş və Cavabdeh2 Ceyhun qızı anası İddiaçı yanında saxlanılmışdır. İddiaçı gəlin gələrkən ona həyat yoldaşı və ailəsi tərəfindən qiymətli qızıl- zinət əşyaları hədiyyə edilmiş, birgə nikah dövründə yaşadıqları müddətdə həmin qızıl zinyət əşyaları Cavabdeh2 olmuş, o həmin qızıl-zinət əşyalarını Cavabdeh1 mənzilindəki seyfində saxlamışdır. İddiaçı ilə Cavabdeh3 arasında mübahisə düşdüyündən və sonuncu onu 15.07.2020-ci il tarixdə döyərək ona xəsarət yetirdiyindən iddiaçı uşağını götürüb evdən getmək məcburiyyətində qalmış və 17.07.2020-ci il tarixdə evdən gcderkən qızıl-zinət əşyalarını cavabdehlərdən ala bilməmiş, qeyd olunan qızıl-zinət əşyaları cavabdehlərdə qalmışdır. Həmin zinət əşyaları dəyəri 10000 manat olan bir ədəd beş qaşlı brilliant nişan üzüyü və bir ədəd bir qaşlı brilliant nişan üzüyündən, dəyəri 15000 manat olan bir dəst brilliant qaşlı sırğa, üzük, qolbaq və kulonlu sepdən, dəyəri 1200 manat olan bir ədəd brilliant qaşlı ürək kulonla qızıl sepdən, dəyəri 5000 manat olan bir dəst brilliant qaşlı üzük və sırğadan, hər biri 800 manat olmaqla ümumilikdə 1600 manat dəyəri olan 2 ədəd briliant qaşlı qolbaqdan, dəyəri 1000 manat olan bir ədəd uşağın brilliant qaşlı üzüyündən, dəyəri 1100 manat olan bir ədəd uşağa məxsus qızıl sepdən və dəyəri 1800 manat olan, iddiaçının özünə məxsus olub ata evindən gətirdiyi 2 ədəd qızıl qolbaqdan ibarətdir. Qızıl-zinət əşyalarının cəmi dəyəri 36700 manatdır. Həmin əşyalar cavabdehlərdə qalmışdır. Dəfələrlə həmin əşyaların cavabdehlərdən ayrı-ayrılıqda tələb edilmələrinə baxmayaraq iddiaçıya məxsus qiymətli əşyaları verməkdən imtina etmişlər. Bu əşyalar iddiaçının şəxsi əmlakları sayıldığından bununla iddiaçıya 36 700 manat məbləğində maddi ziyan vurmuşdur. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən iddiaçının qızıl-bəzək alarının görüntüləri aydın görünür. 08.02.2021-ci il tarixli 2(004)-288/2021 saylı Yasamal rayon məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh3 ilə 24.10.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahdan 10.11.2018-ci il təvəllüdlü Cavabdeh2 Ceyhun qızı dünyaya gəlmiş, cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən nikahları 08.02.2021 tarixli qərarla pozulmuş və Cavabdeh2 Ceyhun qızı anası İddiaçı yanında qalmışdır. 13.04.2021-ci il tarixli AZ-İ 380395 nömrəli Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, 08.02.2021-ci il tarixli məhkəmə qərarı ilə İddiaçı həyat yoldaşı Cavabdeh3 tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilində döymüşdür. Yasamal rayon Polis İdarəsinin 17.07.2020-ci il tarixli məhkəmə tibbi ekspertizası təyin edilməsi barədə Qərarından da görünür ki, 15.07.2020-ci il tarixdə İddiaçı lıəyat yoldaşı Cavabdeh3 tərəfindən ünvan 3 ünvanda yerləşən mənzilində döymüşdür. Yasamal rayon məhkəməsinin 16.02.2021 -ci il tarixli bildirişindən də görünür ki, Cavabdeh3 faktiki yaşayış ünvanı Bakı şəhəri , H.Zərdabi pr. Almaz Park mənzil 122-dir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 27 aprel 2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişlər ki, İddiaçı cavabdehlərə qarşı “əmlak tələbinə dair” iddia irəli sürərək tərəfindən 36.700 manat qiymətləndirilən qızıl zinət əşyaları tələb etmişdir. Onun iddiası əsassızdır, qanuni deyil və təmin olunmamalıdır. Cavabdeh3 iddiaçı ilə ailə qurandan sonra, atası Cavabdeh1 məxsus, Qurbanov Ə.Ələkbərov 559/560 saylı ev,61 saylı mənzildə yaşamışlar, faktiki olaraq valideynləri ilə ayrı tam müstəqil təsərrüfat aparmışlar. Yəni istər iddiaçının cehiz əşyaları, istər hər ikisinin və sonra da dünyaya gəlmiş övladlarının geyim əşyaları,həmçinin Cavabdeh3 və valideynləri tərəfindən iddiaçıya hədiyyə olunmuş zinət əşyaları həmin ünvanda saxlanmış, o cümlədən zinət əşyaları mənzildə seyfdə saxlanmış, Cavabdeh3 işlədiyi və bu səbəbdən evdə az vaxt olduğu üçün mənzilin və seyfin açarı daim iddiaçıda olmuşdur. İddiaçı yazır ki, guya “ Cavabdeh3 15.07.2020-ci il tarixdə onu döydüyündən evdən getmək məcburiyyətində qalmış” və təkrar yazır ki, 17.07.2021-ci il tarixdə evdən gedərkən qızıl zinət əşyalarını cavabdehlərdən ala bilməmişdir. Cavabdeh3 tərəfindən onu döydüyündən evdən getmək məcburiyyətində olduğunu yazır, halbuki onun yazdığı tarixdən iki gün sonra özü, cavabdeh Cavabdeh3 işdə ikən evdən çıxmışdır. Özü də həmin vaxt evdə yəni Cavabdeh3la iddiaçının yaşadığı Ə.Ələkbərov 559/560 saylı ev,61 saylı mənzildə digər cavabdehlərdən heç kim olmamış, əksinə iddiaçı özü cavabdehlərdən Cavabdeh2 telefonda cavab verərək, bacısının gəldiyini evdə adi yır-yığış etdiklərini bildirmiş, günün sonunda isə özü Cavabdeh2 zəng vuraraq evdən çıxdığını bildirmişdir. Bu zaman o Cavabdeh2 evdən çıxmamaq barədə təkidinə əhəmiyyət verməmiş, bir qədər sonra Cavabdeh1 evə çatdıqda artıq iddiaçının evdə olmadığını çıxaraq, evin açarını qapının kandarında ayaqaltı xalçanın altında atdığını görmüş, oradan öz evinə qayıtmışdır. Beləliklə, iddiaçı evdən çıxarkən, onun yanında cavabdehlərdən heç kim olmamış, əksinə öz sözlərinə əsasən onun anası və bacısı olmuşdur. Bununla da, cavabdehlərdən heç birinin iddiaçıya nəyi isə götürməyə mane olmaq imkanı belə olmamışdır. Cavabdehlər üçün iddiaçının evdən getmək niyyəti əvvəldən məlum olmamışdır, belə ki 16.07.2020-ci il tarixdə iddiaçı cavabdehlərdən Cavabdeh2 ad günündə, cavabdehlərlə birlikdə, Abil və Cavabdeh2 yaşadığı ünvanda iştirak etmiş, bu zaman ertəsi gün evdən getmək niyyəti barədə heç bir fikir irəli sürməmişdir. İddiaçı 17.07.2020-ci il tarixdə evdən gedərkən, bütün şəxsi əşyalarını aparmışdır. İddiaçının şikayəti əsasında Yasamal rayon 27-ci PB-də araşdırma aparılmış,guya ki, cavabdehlərdən Cavabdeh3 tərəfindən 15.07.2021-ci il tarixdə zorakılığa məruz qalması barədə ərizə araşdırılmış, lakin bu zaman iddiaçı guya ki, qızıl zinət əşyalarının ona verilməməsi barədə heç nə yazmamışdır. 21.07.2021-ci il tarixdə artıq iddiaçının qayıtmayacağı tam məlum olduqda cavabdehlərdən Abil və Cavabdeh2 həmin mənzilə getdikdə ,evdə iddiaçıya aid bütün geyim əşyalarının olmadığı, həmçinin seyfin qapısının açıq olduğu,bütün qutuların boş olduğu görünmüş,bu hal mobil telefonla videoya çəkilmişdir. Məhkəməyə boşanma ərizəsi 2020-ci ilin iyul ayının sonunda verilmiş, uşaqla bağlı mübahisə olduğu üçün məhkəmə uzanmış, boşanma barədə qətnamə 2021 -ci ilin fevralında qəbul olunmuşdur. Halbuki, əmlak tələbinə dair iddia 9 aydan sonra verilmiş, bu da onun həqiqətə uyğun olmadığını, haqsız varlanmaq istəyini təsdiq edir. Bundan başqa qeyd etmişlər ki, iddiaçı tərəfindən ona məxsus olan və evdən çıxarkən özü ilə apardığı qızıl zinət əşyalarının qiymətləri şişirdilmişdir. İddiaçı nə qızılzinət əşyalarının qiymətini, nə də ki guya evdən çıxarkən apara bilməməsini təsdiq edən hər hansı sübut etməmiş, bu barədə iddia ərizəsinə hər hansı mötəbər sübut əlavə etməmişdir. Məhkəmədən bunları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, onların evində seyf olmasına baxmayaraq qızıl-zinət əşyalarını qayınanası saxlamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə fotoşəkil təqdim etmiş, bildirmişdir ki, fotoşəkildəki qızıl-zinət əşyası Cavabdeh3 atası tərəfindən hədiyyə olaraq verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə uyğun izahat vermiş, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməmiş, məhkəmədən iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 nümayəndələri və vəkili X2 iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq eyd etmişdir ki, iddiaçı evdən gedərkən evdə heç kim olmamışdır. O özü evi tək başına tərk edib getmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək və proses iştirakçılarının izahatını dinləyərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan sübutlar qızıl-zinət əşyalarının cavabdehlərdə qaldığını sübut etmək üçün kifayət etmir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına iddia tələbində qeyd edilən qızıl-zinət əşyalarının dəyərini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Eyni zamanda, məhkəmə təqdim edilmiş fotoşəkilə qiymət verərək hesab edir ki, fotoşəkilin üstündə tarix qeyd olunmadığı və iddiaçının öz izahatında da fotoşəkildəki qızıl-zinət əşyasının Cavabdeh3 atası tərəfindən hədiyyə olaraq verildiyini təsdiq etdiyi üçün sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-288/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 ilə İddiaçı arasında 24.10.2018-ci il tarixdə Səadət Sarayı (Bakı Nikah evi) 34 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş 13.04.2021-ci il tarixli MAPS şöbəsi arayışlarına əsasən müəyyən edilir ki, Cavabdeh1 ünvan 6 ünvanında, Cavabdeh2 Qazax rayonu, Çaylı kəndində, Cavabdeh3 isə Qazax rayonu, Çaylı kəndində qeydiyyatdadır. İş materiallarında olan 24 noyabr 2018-ci il tarixli, 7030 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən görünür ki, Cavabdeh2 Ceyhun qızı 10 noyabr 2018-ci il tarixdə anadan olmuş, atası Cavabdeh3, anası İddiaçıdır. İş materiallarında olan 30 iyul 2020-ci il tarixli qərara əsasən görünür ki, İddiaçı ərizəsinə əsasəm toplanmış material üzrə cinayət müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 13 aprel 2021-ci il tarixli, 175 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, 08 fevral 2021-ci il tarixli qətnaməyə əsasən 09 mart 2021-ci il tarixdə Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mülki işdə iddiaçı iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarını cavabdehlərdən tələb etsə də, məhkəməyə həmin əşyaların həqiqtətən də cavabdeh şəxsdə olması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəf həmin qızıl-zinət əşyalarının iddiaçıdan götürmədiyini, həmin qızılların iddiaçıda olduğunu qeyd edir. Məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı mübahisədə sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə hesab edir ki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, onun tərəfindən tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehlərdə olması barədə heç bir sübut təqdim edilmədiyindən, beləliklə də iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən, iddia tələbi öz hüquqi təsdiqini tapmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar