Məhkəmə qərarları › İş №2(004)-3131/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3131/2021

18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3131/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə 19.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan yetkinlik yaşına çatmayan 06.03.2010-cu il təvəllüdlü X2, 15.06.2012-ci il təvəllüdlü X3 və 04.02.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla ümumilikdə 510 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 03.05.2021-ci il tarixdə ərizə göndərərək 2(004)-3131/2021 saylı mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 30.04.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikaha daxil olduqdan sonra cavabdehlə birlikdə yaşamış və birgə təsərrüfat aparmışdır. Birgə nikahdan 06.03.2010-cu il təvəllüdlü X2, 15.06.2012-ci il təvəllüdlü X3 və 04.02.2015-ci il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra münasibətləri normal olsa da, son zamanlar ailədə baş verən çoxsaylı aiədaxili münaqişələr ucbatından münasibətləri tamamilə soyumuş və kəsilmişdir. Hazırda faktiki olaraq ayrı yaşayırlar. Lakin cavabdeh uşaqların maddi vəziyyəti ilə maraqlanmır, onların saxlanılması üçün ona heç bir maddi köməklik göstərmir. Hesab edir ki, cavabdehin uşaqların saxlanılması üçün kifayət qədər maddi imkanı var. Lakin yetkinlik yaşına çatmayan uşaqlarının bütün maddi tələbatını təkbaşına qarşılamalı olmuşdur və bu tək qadın kimi ona çox çətinlik yaradır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Yasamal rayon Qeydiyyat Şöbəsinin 30.04.2008-ci il tarixli AZ-İ № 383075 seriyalı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Cavabdeh və X1 30.04.2008-ci il tarixdə 363 №-li akt qeydi ilə rəsmi nikaha daxi olaraq ailə qurmuşdur. Nikahdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan 21.07.2010-cu il tarixli, AZ-İİ № 478015 №-li doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahdan 06.03.2010-cu il təvəllüdlü X2 adlı övladları var. İş materiallarında olan 27.07.2012-ci il tarixli, AZ-İİ № 927640 №-li doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahdan 15.06.2012-ci il təvəllüdlü X5 adlı övladları var. İş materiallarında olan 14.03.2015-ci il tarixli, AZ-İİİ № 483127 №-li doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahdan 04.02.2015-ci il təvəllüdlü X7 adlı övladları var. İşin mübahisəsiz halı odur ki, tərəflərin rəsmi nikahı pozulmasa da onlar ayrı yaşayırlar, birlikdə təsərrüfat aparmırlar və birgə nikahdan olan 06.03.2010-cu il təvəllüdlü X2, 15.06.2012-ci il təvəllüdlü X3 və 04.02.2015-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında qalırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, 06.03.2010-cu il təvəllüdlü X2, 15.06.2012-ci il təvəllüdlü X3 və 04.02.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla ümumilikdə 510 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, aliment tələbi təmin olunduğundan cavabdehdən dövlət nəfinə 30 manat pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 06.03.2010-cu il təvəllüdlü X2, 15.06.2012-ci il təvəllüdlü X3 və 04.02.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla ümumilikdə 510 (beş yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması 19.04.2021-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar