Məhkəmə qərarları › İş №2(004)-3187/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3187/2021

02.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3187/2021 02.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə 21.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Binəqədi rayon məhkəməsinin 2(004)-1842/2018 saylı, 12.04.2018-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının azadılması, cavabdehin xeyrinə 13.04.2007-ci il təvəllüdlü X1 üçün alimentin azaldılaraq sabit pul məbləğində alimetin müəyyən olunması və 10.04.2020-ci il tarixdən 18.03.2021-ci il tarixədək həbsdə olduğu müddətdə yaranmış aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı 02.07.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək ondan 13.04.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2013- cü il tarixli 2(001)- 2333/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə 13 aprel 2007-ci il tarixdə doğulmuş X2 18 yaşına çatanadək saxlanması üçün ondan hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Bildirir ki, o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021 -ci il tarixli 1(100)-61 /2021 saylı hökmü ilə Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2. 32.3. 206.3.3 və 32.3 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 200-1.2.1. 200-1.2.2, 200.1.2.3 maddələri ilə 2 il müddətdə dövlət orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 il azadlıqdan məhrum etmə Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2. 32.3. 206.3.3 maddələri ilə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət məcəlləsinin 32.3, 308.2-ci maddəsi ilə 2 il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 10 aprel 2020-ci il tarixdən 18 mart 2021 -ci il tarixədək həbsdə saxlanıldığı 11 ay 8 gün müddət təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 il 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. O, 11 ay 8 gün müddətə həbsdə olduğundan alimenti ödəyə bilməmişdir. Bundan başqa ondan 2018-ci il tarixdə bir uşağa görə tutulan alimentin miqdarı 300 manat olmuşdur. Belə ki, həmin dövrdə o, vəzifəli şəxs olmuşdur. Hal-hazırda isə ona hökmlə hər hansı rəhbər vəzifədə və yaxud dövlət orqanında iştirak etmək qadağan edilmişdir. Özü evlidir, 2 övladı var. Hal-hazırda işləmir. Ona görə də, təyin edilmiş alimentin miqdarı azaldılaraq 170 manat sabit pul məbləğində kəsilməsini xahiş edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, aliment çox həsas məsələdir. O, uşaq böyüdür və uşağın məlum olduğu kimi çoxlu tələbatları var. Uşağın səhhətində problemi var. Təhsil, tibb və digər bu kimi xərcləri var. Uşaq təkcə onun uşağı deyil. İddiaçının yüksək məbləğə icarəyə verdiyi qeyri-yaşayış obyektləri var. Əlavə optik sahədə biznesi var. İddiaçı kifayət qədər yüksək gəlirləri olan bir şəxsdir. İddiaçı ikinci nikahından olan uşağına pullar xərcləyir, özəl bağçaya qoymuşdur. Yaxın zamanda Binəqədi rayon Məhkəməsinin alimentlə bağlı onun xeyrimə qərarı olmuşdur. Alimenti ödəmək iddiaçının borcudur. 2019-cu ildə Ali Məhkəminin qərarı ilə iddiaıdan onun xeyrinə 300 manat məbləğində aliment tutulmasını təsdiq etmişdir. O vaxtla hazırki vaxt arasında heç bir dəyişiklik yoxudr. Aliment tutularkən iddiaçının maaşına deyil, mülkiyyətində olan əmlaklara istinad olunmuşdur. Hansı ki, həmin əmlaklar indi də var. İddiaçı o vaxt da 350 manat maaş alırdı. Hər dəqiqə həmin əmlakları yüksək qiymətə icarəyə verə və ya sata bilər. İddianın təmin edilməməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahatında bildirir ki, iddiaçının tələbi qeyri-müəyyəndir. İddiaçının aliment ödəməməsi ilə bağlı barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə gedişi zamanı iddiaçı aliment borcunu tam şəkildə ödədiyinə görə iş üzrə icraata xitam verilmişdir. Bu isə o deməkdir ki, tələbin bu hissəsi artıq iddiaçı tərəfindən icra olunmuşdur. Buna görə də iddiaçı iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə verməli, ya da məhkəmə müşavirə zamanı bu məsələyə diqqət yetirməlidir. İddia tələbinin azaldılması ilə bağlı məbləği tələbində qeyd etməmişdir. Tərəflər arasında birgə nikah zamanı əldə edilmiş əmlak barəsində də bölgü olmuş, həmin bölgüyə əsasən iddiaçıya yaşayış və qeyri-yaşayış sahələri verilmişdir. Hazırda iddiaçının faktiki mülkiyyətində olan əmlakların dəyəri bəlkə də, 500000 manatdan çoxdur. Həmçinin həmin əmlakların icarə haqqı cəmi 5000 manatdan çoxdur. İddiaçının alimentin azaldılması ilə bağlı təqdim etdiyi sübutlarda əvvəlki və indiki şəraitdə dəyişiklik yoxdur. İddiaçı bir dəfəyə 3200 manat aliment ödəyə bilirsə bu onu göstərir ki, onun gəlir mənbəyi var. Onun digər nikahdan olan övladlarına hüquq münasibətlərinin cavabdehlə hüquq münasibətlərinə aidiyyatı yoxdur. 175 manat aliment isə minimum məbləğdir və hazırki vəziyyətdə tətbiq oluna bilməz. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2013- cü il tarixli 2(001)- 2333/2013 saylı qətnaməsinə əsasən İddiaçı ilə birgə nikahdan olan uşaqların saxlanılması üçün ondan Cavabdeh xeyrinə hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8256/2018 nömrəli qətnaməsi ilə şikayət təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2013-cü il tarixli 2(001)-2333/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-61/2021 saylı, 18.03.2021-ci il tarixli hökmü ilə 6 il 22 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidaarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmişdir. AR CM 70,1 və 70.3-cü maddələrinə əsasən İddiaçı təyin olunmuş 6 il 22 gün azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 3 il 6 ay sınaq müddəti təyin olunmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 10.06.2021-ci il tarixli arayışa əsasən “xxxx” MMC-nin (VÖEN **********) təsisçisi bildirir ki, Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən onun direktoru İddiaçı işdən azad edilməsi ilə əlaqədar təsisçinin 18 may 2020-ci il tarixli təyinat qərarı əsasında dövlət reyestrində müvafiq dəyişikliklərin aparılması üçün Verği orqanına ərizə ilə müraciət olunmasına baxmayaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” 04.09.2020-ci il tarixli **********770200 nömrəli qərar çıxarmışdır. Göstərilənlərlə əlaqədar MMC-nin direktoru İddiaçı işdən azad edilməsi mümkün olmamışdır. İddiaçı qeyri-rəsmi olaraq işdən azad olunmuş və ona əmək haqqı hesablanmamışdır. İş materiallarında olan AR Vergilər Nazirliyi tərəfindən verilmiş 29.01.2021-ci il tarixli, **********296700 saylı arayışa əsasən “xxxx” MMC-nin subyektinin ləğvi barədə vergi ödəyicisi tərəfindən qəbul edilmiş qərara əsasən obyekt 29.01.2021-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan “xxxx” QSC tərəfindən verilmiş 01.07.2021-ci il tarixli hesabdan çıxarışa əsasən İddiaçı sonuncu dəfə 28.12.2019-cu ildə 327,25 manat ödəniş edilmişdir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçıdan yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, iddiaçıya Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-61/2021 saylı, 18.03.2021-ci il tarixli hökmü ilə 6 il 22 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidaarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmişdir. AR CM 70,1 və 70.3-cü maddələrinə əsasən İddiaçı təyin olunmuş 6 il 22 gün azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 3 il 6 ay sınaq müddəti təyin olunmuşdur. Bundan əlavə, iddiaçının direktoru olduğu “xxxx” MMC-nin subyektinin ləğvi barədə vergi ödəyicisi tərəfindən qəbul edilmiş qərara əsasən obyekt 29.01.2021-ci il tarixdə ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olduğundan ondan tutulan alimentin miqdarı maddi vəziyyətinə uyğun olaraq uşağın mənafeyinə zərər verməyəcək şəkildə azaldıla bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, tutulan alimentin məbləği azaldılaraq İddiaçı 13.04.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 12.04.2018-ci il tarixli, 2(001)-1842/2018 saylı qətnaməsi ilə 13.04.2007-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. İddiaçı 13.04.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar