Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3263/2020 16.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh ASC-nin nümayəndələri X2 və X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, dəymiş mənəvi zərərə görə Cavabdeh ASC-dən 2000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (atası) X4 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı məxsus ünvan 1 ünvana (abonent kodu - **********000) su təchizatının verilməsi xx.xx.2019-cu il tarixdə dayandırılmış və bu günə qədər bərpa edilməmişdir. xx.xx.2019-cu il tarixdə özünü Zaur adı ilə təqdim edən Binəqədi rayon sukanal idarəsinin işçisi iddiaçının 84 manat borcu olduğunu və borcun ödənilməyəcəyi təqdirdə su təchizatının dayandırılacağını iddiaçıya bildirmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə Binəqədi rayon su kanal idarəsinə yaxınlaşaraq abonent kartı vərəqəsini götürmüşdür. Vərəqədə iddiaçıya xx.xx.2019-cu il tarixdə əlavə sərfiyyat hesablanmışdır. Lakin bunun səbəbi barədə iddiaçıya hər hansı bir məlumat verilməmişdir. İddiaçının xx.xx.2019-cu il tarixədək hər hansı bir borcu olmamışdır. Abonent kartı vərəqəsində məhkəmə mübahisəsi yoxdur qeyd edilmişdir. Lakin göstərilənlərdən fərqli olaraq Yasamal Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qətnamələri vardır. Qətnamədə göstərilmişdir ki, “Sudan istifadə qaydaları”nın 4-cü maddəsinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. xx.xx.2018-ci il tarixli abonent kartı vərəqəsindən də bu qaydaların 7.4-cü bəndi əsas götürülərək 4 nəfərin hesabatı aparılmışdır. İddiaçının xx.xx.2019-cu il tarixli abonent kartı vərəqəsində göstərilən 15 nəfərin nə əsasda və ya kimlər tərəfindən əsaslandırılması barədə heç bir məlumatı yoxdur. İddiaçının mənzilində dörd nəfər yaşayır və sudan istifadəyə görə borcu yoxdur. xx.xx.2019-cu il tarixdə məhkəmənin qərarı ilə suyun verilməsi bərpa edildi və xx.xx.2019-cu il tarixldi qətnamə ilə borc silindi, 4 nəfər üçün hesablama aparılması qərara alındı. Bundan sonra xx.xx.2019-cu il tarixdə sənədləri Cavabdeh ASC-yə vermiş, Binəqədi şöbəsinə yönəltmişlər. Orada 305 manat ödəməyi tələb etmişlər, o, pulu ödəməkdən imtina etmiş və suyu kəsmişlər. Bu zaman aralarında mübahisə yaranmış, bir-birini təhqir etmişlər. Hazırda xx.xx.2020-ci il tarixdə iddiaçının mənzilinə sayğac quraşdırılmış və suyun verilməsi bərpa edilmişdir. Hesab edir ki, iddiaçının mənzilinə suyun verilməsinin dayandırılması və əsassız borc yazılması nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı məxsus ünvan 1 ünvana (abonent kodu - **********000) su təchizatının verilməsi suya olan borc ödənilmədiyi üçün dayandırılmış və məhkəmənin qərarı əsasında bərpa edimlmişdir. İddiaçının mənzilinə bir neçə su xətti gəlir. Bir xəttin kəsilməsi nəticəsində iddiaçının mənzili susuz qalmamışdır. Çünki, digər xətlər vasitəsilə sudan istifadə etmişdir. İddiaçı həyətində 3 kirayə ailə saxlayır və iki qeyri-yaşayış sahəsi işlədir. Lakin hesablanmış məbləği ödəməkdən imtina edir. Hazırda 305 manat borcu var, borcu ödəmək istəmir. Sayğan quraşdırılmasına isə şərait yaratmır. Çünki, sayğac quraşdırıldığı təqdirdə həqiqətən iddiaçının nə qədər su istifadə etməsini müəyyən etmək mümkün olacaqdır. xx.xx.2016-cı il tarixdə smart tipli sayğac quraşdırılması üçün ünvana gedilmiş, lakin iddiaçı sayğacı quraşdırmağa imkan verməmişdir. İddiaçının çoxlu kirayənişinləri olduğuna görə 15 nəfər üçün sərfiyat hesablanıb. İddiaçı suyun kəsildiyini iddia etsə də, hazırkı vaxta kimi, digər xətlərdən gələn sudan sərbəst şəkildə istifadə etmiş və pulunu ödəməmişdir. Məhkəmənin təklifindən sonra xx.xx.2020-ci il tarixdə nəhayət iddiaçının mənzilinə sayğac quraşdırılmış və bütün kənar xətlər ləğv edilmişdir. Bundan sonra iddiaçı işlətdiyi suyun pulunu ödəməlidir. Artıq sayğac olduğuna görə işlənən suyun miqdarını dəqiq müəyyən etmək mümkün olacaq və yersiz mübahisələrə son qoyulacaqdır. İddiaçının mənzilində xx.xx.2018-ci ilə kimi bir nəfər üçün sudan istifadə haqqı hesablanıb, xx.xx.2018-ci ildən isə 4 nəfər üçün hesablanıb, iddiaçı həmin borcu da ödəmək istəməyib. Cavabdeh ASC tərəfindən iddiaçıya qarşı hər hansı bir qanunsuz hərəkət edilməyib, ona mənəvi zərər vurulmayıb. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və digər nümayəndə X2 izahatı ilə razı olduğunu bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları və işin faktiki halları ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3974/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilmiş, ünvan 2 ünvanı üzrə İddiaçı (abonent kodu-**********0000) Cavabdeh ASC tərəfindən xx.xx.2019-cu il tarixdə hesablanmış 84 manat borc silinmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3974/2019 nömrəli qərardadı ilə İddiaçı məxsus ünvan 2 ünvana suyun verilməsi bərpa edilmişdir. İcra sənədi icra edildiyinə görə icra məmurunun qərarı ilə xx.xx.2019-cu il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdeh ASC-nin əməkdaşları xx.xx.2016-cı il tarixdə smart tipli sayğac quraşdırılması üçün iddiaçının ünvana getmiş, lakin iddiaçı sayğacı quraşdırmağa imkan verməmişdir. İddiaçı suyun kəsildiyini iddia etsə də, hazırkı vaxta kimi, digər xətlərdən gələn sudan sərbəst şəkildə istifadə etmişdir. Məhkəmənin təklifindən sonra xx.xx.2020-ci il tarixdə nəhayət iddiaçının mənzilinə sayğac quraşdırılmış və iddiaçıya təhvil verilmişdir. Bundan sonra iddiaçı işlətdiyi suyun pulunu sayğacın göstəricisinə uyğun olaraq ödəməlidir. Cavabdeh ASC tərəfindən iddiaçıya qarşı hər hansı bir qanunsuz hərəkət edilməmiş və ona mənəvi zərər vurulmamışdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılara məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş və mənəvi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, yəni iddiaçı öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh ASC-dən 2.000 manat pul tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3263/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3263/2020
16.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver