Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3274/2020 26.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması tələbinə dair mülki işə Yasamal rayon məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış, ünvan 1 ünvanında yerləşən, sahəsi 149.4 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 6521 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 26500 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ünvan 2 ünvanında yerləşən sahəsi 149.4 kv.m olan qeyri-yaşayış sahəsi satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 6521 nömrəlı alqı-satqı müqaviləsinə əsasən 45000 manata Cavabdeh satılmışdır. X1 ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 26500 manat ödəmiş, digər hissəsinin, yəni 18500 manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən alıcı müqavilə imzalandığı andan 30 gün müddətində əmlakın tam dəyərini, yəni 45000 manatı satıcının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı tranzit hesabına köçürməyi ohdəsinə götürmüşdür. Göründüyü kimi, alıcı həm müqaviləyə, həm də mülki hüquq normalarına əsasən satın aldığı əmlakın dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödəməyə borclu olsa da, bu vəzifəsini icra etməmiş, bununla müqavilənin şərtlərini və Mülki Məcəllənin normalarını pozmuşdur. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri-yaşayiş sahəsi dövlət mülkiyyətində qalmışdır və cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Beləliklə, məhkəmə tərəfindən alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə yanaşı, həmçinin müqavilənin predməti olmuş əmlakın satıcıya qaytarılması vəzifəsi də alıcının üzərinə qoyulmalıdır. Alıcı müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödəməmiş, bununla satıcını dövlət əmlakının satışından dövlət büdcəsinə daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir. Odur ki, cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş 26500 manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi nəzərə alınmalı və alıcıya qaytarılmamalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, izahatında göstərmişdir ki, alqı-satqı müqaviləsi üzrə cavabdehin hal-hazırda borcu 17000 manat təşkil edir. Cavabdehin müqavilə üzrə ödənişləri iddiaçının razılığı əsasında hissəhissə həyata keçirilmişdir. Cavabdeh iki dəfə iddiaçının nümayəndələri tərəfindən xidmətə dəvət edilmiş və ondan əmlakın dəyərinin hissə-hissə ödənilməsi barədə yazılı ərizəsi alınmışdır. Lakin hər iki halda ərizələrin surəti ona təqdim edilməmişdir. 2020-ci ildə cavabdeh tərəfindən ödənişlərin aparılmaması səbəbi isə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Respublikada bir çox müəssisələrin, o cümlədən də sahibkarlıq obyektlərinin işləməməsi səbəbi olmuşdur. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasənəgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi cavabdeh alqı-satqı müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq əmlakın dəyərini müqavilə imzalandığı andan 30 gün müddətində, yəni xx xxxxx 2017-ci tarixədək tam ödəməyi öhdəsinə götürməsinə baxmayaraq əmlakın dəyərini halhazıradək tam ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasənmülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsini əhəmiyyətli dərəcədə pozduğundan iddiaçı haqlı olaraq müqavilənin ləğvi və alqı-satqı predmiti olan qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin iddia tələbləri təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 26500 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi tələbi əsassızdır və rədd edilməlidir. İddiaçı həmin tələbi onunla əsaslandırmışdır ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödəmədiyindən bununla iddiaçını dövlət əmlakının satışından daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd edir ki, həmin alqı-satqı predmeti olan əmlak iddiaçıya geri qaytarıldıqdan sonra o, həmin əmlakı satıb, satışından əldə olunan pul vəsaitini dövlət büdcəsinə köçürə bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən iddiaçı dövlət büdcəsi hesabına maliyyələşən qurum olduğundan iddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumu ödəməkdən azaddır. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçının məbləğlə ifadə olunmuş tələbi rədd edildiyindən cavabdehdən həmin iddia üzrə dövlət rüsumu tutula bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 3 ünvanında yerləşən, sahəsi 149.4 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 6521 nömrəli müqavılə ləğv edilsin. ünvan 3 ünvanında yerləşən, sahəsi 149.4 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-3274/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3274/2020
26.10.2020 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver