Məhkəmə qərarları › İş №2(004)-3285/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3285/2021

17.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3285/2021 17.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17.01.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh X3 maaşının və digər gəlirlərinin ¼ hissəsi qədər, uşaq 3 yaşına çatanadək aylıq 200 manat alimentin uşaq doğulduğu vaxtdan hesablanmaq şərti ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında rəsmi nikah 27 sentyabr 2018-ci il tarixdə, 4 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Onların birgə nikahdan bir övladı dünyaya gəlmişdir: 17.01.2020-ci il təvəllüdlü X4. Ailə qurduqdan sonra onlar evliyin ilk 4 ayını kirayədə yaşamış, daha sonra iddiaçının valideynlərinə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 1-ci vağzal küçəsi, ev 20, mənzil 4-ə köçmüşlər. Elə orada da uşaqları X4 dünyaya gəlmişdir. Aytənlə Faiq ailə qurandan sonra hələ kirayədə yaşayarkən Faiq özlərinə məxsus evin olmasının istədiyini, bunun üçün də pullarını yığacağını və özlərinə ev alacağını bildirmişdir. Bu səbəbdən gənc ailə pullarını qənaət etmək niyyəti ilə Aytənin atası evinə köçüb, orada, müvəqqəti yaşamaq qərarına gəlirlər. Tərəflər əmi qızı əmi oğludur. Beləliklə 2018-ci ilin dekabr ayından bu günədək onların ailəsi Aytənin atasının evində yaşayır və yeni qurulmuş ailənin bütün xərcləri Aytənin ailəsi tərəfindən ödənilirdi. Cavabdeh, Cavabdeh isə ev almaq adı ilə bu dövrdə artıq 50000 manat toplamışdır. Cavabdeh AR Müdafiə Nazirliyinin Silahlı X5 Mərkəzində, hərbi hissə komandirinin müavini vəzifəsini daşıyır, mayordur. Ailənin sevincinin həddi hüdudu yox idi, çünki onlar artıq toplanılmış 50000 manatla bu məbləğə müvafiq ev ala bilərdilər. Hətta bir evi bəyənib 500 manat beh vermişdilər. Cavabdeh, 11 aprel 2021-ci il tarixdə idarə etdiyi avtomobili də satıb pulun üstünə qoymaq adı ilə evdən çıxmışdır. 12.04.2021-ci il tarixdə isə, evdən indiyədək toplanılmış 50000 manatı götürərək evin alqı-satqısına getdiyini bildirmişdir. Həmin gün axşam evə gəlmiş, yoldaşı ondan xəbər alanda: - “sən nə danışırsan, nə ev nə pul deyib?!” evdən çıxmışdır. Cavabdeh bu hərəkətləri heç bir məntiqə sığmır, iddiaçıya da məlum deyil. Lakin bir fakt dayişiməz olaraq qalır ki, cavabdeh öz ailəsini aldatmışdır. Halhazırda İddiaçı məhkəməyə müraciət etməsinin səbəbi Cavabdeh ilə “nikahlarının pozulması” deyil, sadəcə oğulları X2 varlığını cavabdehə xatırlatmaqdır. Həmçinin cavabdeh 1 yaş 3 aylıq oğlu Atilla doğulan bu günədək onun saxlanmasında iştirak etməmişdir. Təbi ki, bu aldadılma nəticəsində baş vermişdir. Cavabdeh hər kəsi ev almaq üçün puluna toxunmadığına inandırmışdır. Məhz bu səbəbdən də tərəflərin birgə nikahdan 17.01.2020-ci il tarixdə anadan olmuş X1 üçün alimentin tutulması doğulduğu tarixdən hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia tələbinə uyğun izahat verərək məhkəmədən iddia əizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, maaşın və digər gəlirlərin ¼ hissəsində alimentin təyin edilməsinə münasibətdə iddia tələbini qəbul edirlər və həmçinin uşaq 3 yaşına çatanadək 50 manat aylıq alimentin tutulmasına razıdırlar. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78, 84, 86-ci maddələrini, Mülki Prosessual Məcəllənin 14, 77, 83, 217, 218, 220 və 234.2.1-ci maddələrini və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 27.09.2018ci ildə nikaha daxil olmuşlar. Birgə nikahdan bir övladları dünyaya gəlmişdir. Belə ki, iş materiallarında olan Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X6 17.01.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşlar. Atası Cavabdeh anası isə İddiaçıdır. Belə ki, Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 17.01.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə iddia tələbinin “uşağın 3 yaşına qədər saxlanılmasına görə iddiaçıya 200 manat məbləğində aimentin tutulması”na dair hissəsi ilə bağlı hesab edir ki iddiaçı məhkəmə qaydasında cavabdehdən aliment ödəməyi tələb etməkdə qismən haqlıdır. Buna görə də, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin ailə və maddi vəziyyəti, yetkinlik yaşına çatmayan uşağın saxlanılmasında iddiaçının köməyə ehtiyacı olması, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin əlavə pul vəsaiti verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və 17.01.2020-ci il təvəllüdlü X2 3 yaşına çatanadək cavabdehdən hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 26.04.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia ərizəsi qismən təmin edilsin. 17.01.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay əmək haqqının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment və 17.01.2020-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması 26.04.2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar