Məhkəmə qərarları › İş №2(004)-3292/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3292/2020

27.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3292/2020 27.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi , İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları 2008-ci il təvəllüdlü X4 və 2012-ci il təvəllüdlü X5 təyin olunmuş 320 manat alimentin miqdarının azaldılaraq hər bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 manat cəmi 180 manat alimentin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2007-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan 2008-ci il təvəllüdlü X4 və 2012-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə birgə yaşadıqları dövrdə xasiyyətləri uyğun gəlmədiyindən 2015-ci il tarixdə aralarında bağlanmış nikah pozulmuşdur. 2015-ci ildə yenidən ailə qurmuş və bu münasiətləri 2017-ci il tarixdə rəsmiləşdirmişdir. Həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X9 adlı övladı dünyaya gəlmişdir. Cavabdeh 2019-cu ildə alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə onun ailəli olmasını, himayəsində azyaşlı övladının olmasını nəzərə almayaraq iddianı təmin etmişdir. Ailənin və uşaqların saxlanılması üçün hər iki valideynin məsuliyyət daşımasına baxmayaraq Cavabdeh buna cəhd etmir. İddiaçı qeyd edir ki, o, heç yerdə işləmir, maddi vəziyyəti yoxsulluq səviyyəsindən aşağıdır. 2016-cı ildə avtomibil qəzasında aldığı xəsarərlər onun işləməsinə imkan vermir. Mütəmadi olaraq müalicələr alır və ona görə 320 manat aliment ödəmək həddindən artıq çoxdur. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 2008-ci il təvəllüdlü X4 və 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağın saxlanılması üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh izahat verərək bildirir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-6418/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsi ilə alimentin miqdarı hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat müəyyən olunmuşdur. İddiaçı isə müxtəlif bəhanələrlə qət olunmuş məbləği ödəməkdən yayınmaq istəyir. Bu günə qədər cavabdehin 2196 manat ödənilməmiş aliment borcu var. Məhkəmənin qətnamələri tam icra olunmamış, icra olunması üçün cavabdeh barəsində təsirli tədbirlər görülməmişdir. Elə ilkin iddia üzrə verilmiş tələb də alimenti ödəməkdən yayınmağa xidmət edir. Himayəsində olan uşağın biri əsəb xəstəliyindən, digəri isə nitq qabiliyyətinin zəifliyindən əziyyət çəkir. Mütəmadi müalicə alırlar. Tam müalicə etdirməyə maddi imkanı yetərli deyildir. Özü işləmir, anasının hesabına dolanırlar. Anasının evi şəraitsiz olduğundan uşaqlarla kirayədə yaşamağa məcburdur. Ailədə qazanc, gəlir gətirən yoxdur, hər hansı əmlak sahibi deyil. Maddi cəhətdən çətinlik çəkir. İddiaçı isə könüllü olaraq köməklik göstərmir, alimenti vaxtı-vaxtında ödəmir. Odur ki, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş edir. Məhkəmə ilkin iddia üzrə cavabdehin izahatını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. İşdə olan Yasamal Rayon Məhkəməsinin 2(004)-6418/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunur ki, tərəflər arasında nikah ləğv edilmiş, birgə nikahdan doğulmuş 2008-ci il təvəllüdlü X7 və 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağın saxlanılması üçün İddiaçı 160 manat olmaqla cəmi 320 manat miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri 1 saylı Uşaq Poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 473 №-li məktubdan müəyyən olunur ki, 27 09.2008-ci il təvəllüdlü X7 xx.xx.2009-cu il tarixdən 1 nömrəli Uşaq Poliklinikasında qeydiyyata alınaraq mütəmadi olaraq sahə həkiminin nəzarətində olmuş, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə müayinə olunaraq həkim-pediatr tərəfindən Remissiya dövrü, Bronxial astma, Atopik rinit diaqnozu qoyulmuş, İİİ sağlamlıq qrupuna aid edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X6 xx.xx.2013-cü il tarixdən 1 nömrəli Uşaq Poliklinikasında qeydiiyata alınaraq mütəmadi olaraq sahə həkiminin nəzarətində olmuş, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə müayinə olunaraq həkim-pediatr tərəfindən Loqonevroz, Uşaq yaşlı nevroz diaqnozu qoyularaq həkim-nevropotoloq tərəfindən uşağa müvafiq müalicə təyin olunmuşdur. İşin mübahisələndirilən halı odur ki, ilkin iddia üzrə iddiaçı başqa nikahdan uşağının olmasını əsas qətirərək alimentin azaldılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Yasamal Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyənolur ki, alimentin artırılması barədə tələbə baxılarkən İddiaçı məhkəmə iclasında iştirak etmişdir. Həmin qətnamə qanuni qüvvəsini alıb. Qətnamə çıxarıldıqdan sonra İddiaçı ailə vəziyyətində dəyişiklik baş verməmişdir. Məhkəmə uşaqların uşaqların diqqətəlayiq mənafeyini nəzərə alaraq qeyd edir ki, alimentin azaldılması tələbi təmin edilə bilməz. Alimentin artırılması ilə bağlı isə məhkəmə qeyd edir ki, aliment sonuncu dəfə 2019-cu ilin noyabr ayında artırılmışdır. Həmin dövrdən indiyədək qarşılıqlı iddiaçının ailə və maddi vəziyyətində hər hansı dəyişikliyin olması barədə sübut əlavə olunmadığından qarşılıqlı iddia da təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcud deyildir. Beləliklə, məhkəmə qeyd edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment miqdarının azaldılması tələbi”nə dair ilkin, Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 238-ci, 241-244-cü, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia üzrrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı cavabdeh X1 övladları 2008ci il təvəllüdlü X4 və 2012-ci il təvəllüdlü X3 təyin olunmuş 320 manat alimentin miqdarının azaldılaraq hər bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 manat cəmi 180 manat alimentin müəyyən olunması tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı 2008-ci il təvəllüdlü X4 və 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağın saxlanılması üçün 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənlmiş dövlət rüsumu tərəfin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar