Məhkəmə qərarları › İş №2(004)-3357/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3357/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3357/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X4, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, mərhum həyat yoldaşı X8 ilə 26 iyun 2007-ci il birgə nikaha daxil olmuş və bu evlilikdən 2 azyaşlı övladı var. Mərhum həyat yoldaşı İ.Qurbanov 13 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. 127472 saylı Ölüm haqqında şəhadətnamədə ölüm səbəbi “Törədicisi müəyyən olunmamış pnevmoniya” qeyd edilmişdir. Fövqəladə Hallar Nazirliyinin X16 Hospitalı tərəfindən təqdim edilən Epikrizə əsasən ölüm səbəbi “kəskin ağciyər və ürək çatışmazlığı” olduğu qeyd olunmuşdur. Eyni zamanda, mərhum həyat yoldaşı xərçəng xəstəliyindən də əziyyət çəkirdi. Sığorta ödənişinin həyata keçirilməsi məqsədi ilə 27.01.2021-ci il tarixdə Cavabdeh Sığorta Şirkəti ASC-yə ərizə ilə müraciət etmişdir. 03 mart 2021-ci il tarixdə ərizəsinə cavab olaraq bunun mümkün olmadığını qeyd etmişdilər. Səbəb olaraq göstərilmişdir ki, XLİ-00005/20 nömrəli, 05 oktyabr 2020-ci il tarixli sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Qaydaların 6.1.3-cü bəndinə əsasən sığorta olunanın elan edilmiş pandemiyalara məruz qalması sığorta təminatından istisna edilən hallara aid edilmişdir. Həmin məktubda göstərilir ki, məlum olduğu kimi, koronavirus (COVİD-19) yoluxucu xəstəlik dünyada, və o cümlədən ölkəmizdə pandemiya hesab edilmişdir. Pandemiyanın anlayışına gəldikdə isə bu çox sayda insanın tutduğu beynəlxalq sərhədləri aşan epidemiyadır. Yuxarıda edilənləri nəzərə alaraq sığorta ödənişinin həyala keçirilməsi mümkün deyildir. Hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. Belə ki, epikrizdə qeyd olunduğu kimi kəskin ağciyər və ürək çatışmazlığından vəfat etdiyindən sığorta haqqı ödənilməlidir. Qeyd edilənlərə əsasən, həyat yoldaşı vəfat etdiyinə görə onun həyat sığortasının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X10 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izhat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X11 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının həyat yoldaşının işlədiyi şirkətlə cavabdeh arasında bağlanılmış XLİ 00005/20 saylı 05.10.2020-ci il tarixli “Koliektiv həyat sığorta" şəhadətnaməsi 15.03.2019-cu il tarixində nəzarət orqanı tərəfindən təsdiq edilmiş “Həyat sığortası” Qaydalarına uyğun olaraq tərtib edilmişdir. Sığorta olunan X3 təqdim edilmiş ölüm haqqında tibbi şəhadətnaməsinə əsasən ölümün səbəbi o cümlədən COViD-19 virusu göstərilmişdir. Bundan əlavə, tərəflərindən sorğulanan və FHN-nin X14 Hospitalı tərəfindən təqdim edilmiş 19.02.2021-ci il tarixli Epikriz vərəqəsinə əsasən X5 “Covid-19 pozitiv və 25 % əhatə edən viral pnevmoniya” xəstəliyi diaqnozu qoyulmuşdur. Bununla bağlı bildirir ki, XLİ-00005/20 nömrəli, 05 oktyabr 2020-ci il tarixli sığorta müuaviləsinin ayrılmaz tərkib hissəsi olan Qaydaların 6.1.3.-cü bəndinə əsasən sığorta olunanın elan edilmiş epidemiyalara məruz qalması sığorta təminatından istisna edilən hallara aid edilmişdir. Bildiyiniz kimi Covid-19 infeksıyasının geniş yayılmasının qarşısının alınması məqsədilə 31 mart 2020-ci ii tarrxindən etibarən Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi elan edilmiş və həmin rejim bu günədək davam etməkdədir. Məlum olduğu kimi koronavirus yoluxucu xəstəlik dünyada, və o cümlədən ölkəmizdə pandemiya hesab edilmişdir. Pandemiyanın anlayışına gəldikdə isə bu çox sayda insanın tutulduğu beynəlxalq sərhədləri aşan epidemiyadır. Bu səbəbdən də, sığorta ödənişinin həyata keçirilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: XGLİ 00005/20 saylı, 05.10.2020-ci il tarixli kollektiv həyat sığortası şəahdətnaməsindən görünür ki, “xxxx” MMC ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında işçilərin həyat sığortası müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Qaydalar şəhadətnamənin tərkib hissəsinin ayrılmaz hissəsidir. Həmin qaydaların 6.1.3-cü bəndinə əsasən sığorta olunan ionlaşdırılmış radiasiyaya yaxud radioaktiv şüalanmaya, zəhərlənməyə, elan edilmiş epidemiyalara məruz qalması sığorta hadisəsi hesab edilmir. Fövqəladə Hallar Nazirliyinin X16 Hospitalının 19.02.2021-ci il tarixli məktubundan görünür ki, epikrizin nəticələrinə əsasən X17 19 pozitiv və 25 faizi əhaət edən viral pnevmoniya diaqnozu qoyulmuşdur. AZ-İİ saylı, 127472 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 13.12.2020-ci il tarixdə törədicisi müəyyən olunmamış digər pnevmoniyadan vəfat etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, XGLİ 00005/20 saylı, 05.10.2020-ci il tarixli kollektiv həyat sığortası şəahdətnaməsinə əsasən “xxxx” MMC ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında işçilərin həyat sığortası müqaviləsi bağlanmışdır. İddiaçının həyat yoldaşı X1 olan şikayətləri əsasında sonuncu 05.12.2020-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin X16 Hospitalına yerləşdirilmiş və ona Covid 19 pozitiv və 25 faizi əhaət edən viral pnevmoniya diaqnozu qoyulmuşdur. X9 13.12.2020-ci il tarixdə həmin hospitalda vəfat etmişdir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin əsasını iddiaçının həyat yoldaşının epikrizdə qeyd olunduğu kimi kəskin ağciyər və ürək çatışmazlığından vəfat etməsi ilə əsaslandırsa da, məhkəmə iddiaçı tərəfindən verilmiş həmin sübutlara tənqidi yanaşır. Belə ki, Fövqəladə Hallar Nazirliyinin X16 Hospitalının 19.02.2021-ci il tarixli məktubundan əsasən, epikrizin nəticələrinə əsasən X17 19 pozitiv və 25 faizi əhatə edən viral pnevmoniya diaqnozu qoyulmuşdur. Göründüyü kimi iddiaçının həyat yoldaşı İlkin Qurbanov epikrizdə qeyd olunduğu kimi kəskin ağciyər və ürək çatışmazlığından deyil, törədicisi müəyyən olunmamış digər pnevmoniyadan vəfat etmişdir. Yəni ölümün səbəbi nəticə etibari llə kəskin ağciyər və ürək çatışmazlığı olsa da, həmin hallara gətirib çıxardan isə xəsdədə Covid 19 virusunun pozitiv çıxması və pandemiya şəraitində həmin virusun törətdiyi fəsadlar olmuşdur. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, tərəflər arsında bağlanmış XLİ- 00005/20 nömrəli, 05 oktyabr 2020-ci il tarixli sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Qaydaların 6.1.3.-cü bəndinə əsasən sığorta olunanın elan edilmiş epidemiyalara məruz qalması sığorta təminatından istisna edilən hallara aid edilmişdir. Belə ki, X6 tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində X2 tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yarandığından Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilmiş və həmin rejim bu günədək davam etməkdədir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar