Məhkəmə qərarları › İş №2(004)-3543/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3543/2024

26.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3543/2024 26.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İdidaçının səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi və mənzilə köçürülmə" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladıyla birlikdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 180, 11 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2007-ci il tarixdə Bakı Səadət sarayında 4113 saylı akt qeydi ilə qeyd etdirməklə evləniblər. Birgə nikahdan 1 azyaşlı övladları vardır. Cavabdehlə nikahlarına məhkənə qətnaməsi ilə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Hal-hazırda 1 az yaşlı övladla qalmağa yerləri yoxdur və o halhazırda keçmiş həyat yoldaşına məxsus evdə qeydiyyatdadır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd - şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-bulluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, iddiaçı xx.xx.2007-ci il tarixdə nikaha daxil olaraq qaynatasının mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Ailə kiHəmin mənzil 2011-ci ildən keçmiş həyat yoldaşının mülkiyyətindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 180, 11 saylı mənzil Bakı şəhəri 19 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2011 -ci il tarixli 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011 -ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən İddiaçı 15 mart 2011-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 180, 11 saylı mənzildə qeydiyyatdadır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3834/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, İddiaçı və Cavabdeh arasında Bakı şəhəri Səadət Sarayında xx.xx.2007-ci il tarixdə 4113 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamall rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha 13 noyabr 2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olaraq, qaynatasının mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 180, 11 saylı mənzilə gəlin köçmüşdür. Lakin Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən iddiaçının həmin mənzilə istifadə hüquqları yaranmamışdır. Mübahisə predmeti olan mənzil xx.xx.2011-ci il tarixdə vərəsəlik hüququ üzrə Cavabdeh mülkiyyətinə keçmişdir. İddiaçının və övladının həmin tarixdən mənzilə istifadə hüquqları yaranmışdır. Mülki-prosessual qanunvericiliyə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətləri 2011-ci il tarixdə yarandığından, hazırki mübahisəyə AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə” dair 8 oktyabr 2013-cü il tarixli qərarından görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflərin nikahına 13 noyabr 2023-cü il tarixdə xitam verilmişdir. Cavabdeh qarşı tərəfin, yəni İddiaçı və övladının mübahisəli mənzildən “istifadə hüququna xitam verilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, Yasamal rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə hazırda qanuni qüvvəyə minməsə də, Cavabdeh dolayısı ilə hazırki mübahisəyə münasibətdə mövqeyi açıq-aşkar görünür. Beləliklə, qanunvericiliyin tələbinə əsaslanaraq qeyd edilməlidir ki, tərəflərin nikahlarına xitam verildikdən sonra iddiaçının mübahisəli mənzildən istifadə hüququ saxlanılmadığından, onun həmin mənzilə köçürülməsinə hər hansı bir hüquqi əsası yoxdur. İddiaçı bir ildən artıq müddətdir ki, övladı ilə birlikdə həmin mənzili tərk etmişdir, iddiaçının formal qeydiyyatı mübahisəli mənzilə köçürülməsinin qanuni əsası kimi qiymətləndirilə bilməz. Odur ki, hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, tərəflərin nikahları pozulan zaman xx.xx.2010-cu il təvəllüdlü X1 anasının yanında qalması qət edilmişdir. İddiaçının övladı Nərminə Məcidova cavabdehin ailə üzvü olaraq, atasının mülkiyyətində olan mənzilə köçürülmə tələbi ilə bağlı subyektiv hüququna malikdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77,216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar