Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3555/2020 14.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxx” ASC-yə qarşı “icbari sığorta ödənişinin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxxxxxxxxxx” ASC-yə qarşı “icbari sığorta ödənişinin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə “Mercedes-Benz ML350W4” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyana görə 4452 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan “Mercedes-Benz ML350W4” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Həmin yol nəqliyyat hadisəsinin baş verməsində təqsirkar olan avtomobilin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığorta etmiş “xxxxxxxxxxxx” ASC-nin əməkdaşları hadisə yerinə gələrək lazımı qeydləri aparmışlar. Bundan sonra “xxxxxxxxxxxx” ASC-nin eksperti avtomobilə baxış keçirərək dəymiş zərərin 1100 manat təşkil etdiyini şifahi olaraq bildirmiş, bununla bağlı hər hansı rəsmi sənəd təqdim edilməmişdir. İddiaçının israrlı tələblərindən sonra ASC tərəfındən qüsur aktı təqdim edilmişdir ki, həmin aktda nə imza, nə də ki möhür olmamışdır. İddiaçı avtomobilə dəymiş zərərin müəyyənləşdirilməsi üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə (Mercedes-Benzin rəsmi dillerinə) müraciət etmişdir. MMC tərəfindən avtomobilə baxış keçirilərək dəymiş zərərin 9552,06 manat olduğu müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin bildirdiyi ziyan ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin müəyyən etdiyi ziyan məbləği arasında ciddi fərq olduğundan iddiaçı məsələ ilə əlaqədar Mərkəzi Banka müraciət etməyə məcbur olmuşdur. Mərkəzi Bank tərəfindən “xxxxxxxxxxxx” ASCyə müraciət edilərək avtomobilə dəymiş zərərlə bağlı qarşılıqlı razılıqla müstəqil eskpertizanın təmin edilməsi tələbi qoyulsa da, ASC həmin tələbə riayət etməmiş, iddiaçıya məlumat vermədən və onun fıkrini almadan ekspert kimi “xxxxxxxxxxxxxxxxx” MMC-ni təyin etmişdir. İddiaçı buna haqlı etirazını bildirməklə qarşılıqlı razılıqla müstəqil eskpertizanm təmin edilməsini istəsə də, qarşı tərəf müvafiq reyestrdən başqa müstəqil eskpertin təyin edilməsini israrla qəbul etməmiş, yalnız “xxxxxxxxxxxxxxxxx” MMC-nin zərəri qiymətləndirə biləcəyini bildirmişdir. Aparılan telefon danışıqları da istənilən nəticəni verməmiş, sığortaçı son nəticədə iddiaçıya 1500-1600 manat sığorta ödənişini qəbul etməyi təklif etmişdir. Həmçinin qeyd edilməlidir ki. proses kifayət qədər uzun çəkdiyindən iddiaçı öz hesabına avtomobilini təmir etdirmək məcburiyyətində qalmışdır. Bunun üçün o, 3500 manat xərc çəkmişdir. Eyni zamanda o, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən yuxarıda qeyd edilən xidmətin göstərilməsi üçün 952 manat məbləğində ödəniş edərək əlavə zərərə də məruz qalmışdır. Həmin zərər də sırf qarşı tərəfin qərəzli olaraq avtomobilə dəymiş zərər üzrə sığorta ödənişini həyata keçirilməməsi ucbatından yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, baş vermiş sığorta hadisəsi ilə əlaqədar olaraq iddiçıya məxsus “Mercedes-Benz ML350W4” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərə görə ilkin olaraq İddiaçı müstəqil ekspert kimi “xxxxxxxxxxxxxxxxx” MMC-ni təyin edilmiş, həyata keçirilən qiymətləndirmə nəticəsində 1100 manat müəyyən edilməsinə baxmayaraq, o, bunu qəbul etməmişdir. İkinci dəfə müstəqil ekspert kimi digər təşkilat olan “xxxxxxxxxxxxxxxxxx” MMC-ni təyin edən zaman iddiaçı artıq bundan da imtina etdi. Beləliklə, Azərbaycan Respublikasınm Mülki Məcəllənin 925.3-cü maddəsinə əsasən, ASC tərəfindən artıq iki dəfə müstəqil ekspertizanın təmin edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.Buna görə iddiaçının tələbi tamamilə qanunazidd və əsassızdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş AC seriyalı, 495565 saylı nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, “Mercedes-Benz ML350W4” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına xx.xx.2015ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxx” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, baş vermiş sığorta hadisəsi ilə əlaqədar olaraq İddiaçı istifadəsində olan “Mercedes-Benz ML350W4” markalı, **-ZK-*** d.q.n-lı nəqliyyat vasitəsinə dəyən zərərə görə ilkin olaraq İddiaçı müstəqil ekspert kimi “xxxxxxxxxxxxxxxxx” MMC-ni təyin edilmiş, həyata keçirilən qiymətləndirmə nəticəsində 1100.00 manat müəyyən edilməsinə baxmayaraq, o, bunu qəbul etməmişdir. İkinci dəfə də vətəndaşa müstəqil ekspert kimi digər təşkilat olan “xxxxxxxxxxxxxxxxxx” MMC-ni təyin edən zaman artıq bundan imtina etmişdir. Beləliklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 925.3-cü maddəsinə əsasən, tərəfimizdən artıq iki dəfə müstəqil ekspertizanın təmin edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən hazırlanmış icra edilmiş xidmətlərə dair aktdan görünür ki, İddiaçı tərəfindən qəzalı “Mercedes-Benz ML350W4” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədə aktının qiymətləndirilməsinə görə MMC-yə 952,01 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli qaimə-fakturadan görünür ki,İddiaçı tərəfindən ehtiyat hissələrinə görə 2355 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən müəyyən olunur ki, İddiaçı tərəfindən avtomobilin təmirinə görə usta işi üçün cəmi 1050 manat sərf olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli,cavabdeh “xxxxxxxxxxxx” ASC-dən "Mercedes-Benz" ML350W markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 4357,01 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə əsaslandırılmadığından təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.3-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının qanunun 3.1 və 3.1.2-ci maddələrinə əsasən qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindən biri sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Həmin Qanunun 24.1.4-cü maddəsinə görə zərərçəkənin müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxx” ASC-dən "Mercedes-Benz" ML350W markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 4357,01 (dörd min üç yüz əlli yeddi manat 1 qəpik) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3555/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3555/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver