Məhkəmə qərarları › İş №2(004)-3568/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3568/2021

22.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3568/2021 22.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh2 Ziya oğlunun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 nümayəndəsi X3, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 14 saylı Notariat ofisi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “alqısatqı müqavilələrinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 14 saylı Notariat ofisi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “alqısatqı müqavilələrinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi ev 12b, mənzil 35-ə dair 30.11.2015-ci il tarixli, AN-İ0821286 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ünvanında yerləşən 1 (bir) otaqlı 17 kv.m yaşayış sahəsi olan mənzil 19.10.2006-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olmuşdur. Həmin mənzil 30.11,2015-ci il tarixli, Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən AN-İ ******* nömrəli, alqı-satqı müqaviləsi ilə Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Bildirmişdir ki, iddiaçının adından etibarnamə üzrə imza edən şəxsi yəni Cavabdeh1 şəxsən tanımır və həmin şəxs iddiaçının mənzilini yaxın qohumu Cavabdeh2 adına alqı-satqı edərək rəsmiləşdirmişdir. Buna baxmayaraq, o həmin ünvanda qalaraq bu barədə məlumatı olmamışdır. Belə ki, həmin mənzil müqavilənin 4-cü bəndində qeyd edilmiş şərtə əsasən 30.000 (otuz) min manata satıldığı qeyd edilmişdir. Həmin məbləğ iddiaçıya verilməmişdir. Əlavə olaraq həmin şəxslər iddiaçını yenidən aldadaraq həmin mənzili yenidən Cavabdeh2 Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi" notariusu X9 tərəfindən 4Ə-1124 nömrəli, 20.12.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 60.000 (altmış) min manata Cavabdeh3 satmışdır. Hər iki alqı-satqı müqaviləsində Cavabdeh2 iştirak etməsə də, iddiaçının mənzilindən 60.000 min manat xeyir götürmüşdür. Həmin məbləği əldə edən şəxslər iddiaçını evsiz qoymuşdur. İddiaçı hesab edir ki, bu məsələ məhkəmə qaydasında həll edilməli iddiaçının iradəsinə zidd olaraq iddiaçının əmlakına ələ keçirmiş şəxslərin dair müəyyən edilməli onların bu dələduz əməllərinə hüquqi qiymət verilməlidir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili X8 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət etmiş, 30.11.2015-ci il tarixli alqı-satqı müqaviləsinin və 20 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X8 iddia tələbinə uyğun olaraq izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Ziya oğlunun nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini qəbul etməmiş, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi X10 izahatında iddia tələbini qəbul etməmiş, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbini qəbul etməmiş, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində qardaşının heç vaxt heç kimi aldatmadığını bildirmişdir. Xüsusilə də xalasını. Xalasının hər arzusunu qardaşı yerinə yetirmişdir. Sadəcə pandemiya dövründə nə qardaşı, nə də ki o, Bakıya gəlib gedə bilməmişlər. Xalasının son arzusu 2 otaqlı ev idi. Xalası Musaya bildirmişdir ki, ona şərait yaratsın, 2 otaqlı ev alsın. Həmin evə də kirəçi tələbə gəlsin və ona baxsınlar. Xalası bir yox, 5-6 evin alqı-satqısında iştirak edib. Bütün evləri xalası özü tapıb. Qardaşının iki qızı kirayədə qalır. Xalası özü tapırdı evləri. Xalası deyirdi ki, o evi istəmirəm. Qaldığı evi satıb yeni tapdığı evi alırdı. O illərlə 8-ci km qəsəbəsində yaşayıb. Demişdir ki, artıq yaşa dolmuşdur, bu səbəbdən də yaxına köçmək istəyir. Onlar onda Nizami metrosu yaxınlığında həyət evində yaşamışlar. Xalası 8-ci km-dəki evi satıb Avropa oteli ilə üzbə-üz binada ev almaq üçün 1000 AZN öz pulu var idi, 1000 manatda qardaşından istəmişdir. Qardaşı təklif etdi ki, anasının həyətdə 4 evi var, gəlib onlarla qalsın. Xalası isə bina evi istədiyini bildirmişdir. Qardaşı anasının evindəki zirzəmini 1000 ABŞ dollarına sataraq, həmin pulu xalasının pulunun üstünə qoyaraq o istədiyi evi almışdır. Dəfələrlə belə şeylər olmuşdur. Qardaşı xalasına pul göndərmiş, lakin xalası qardaşının göndərdiyi pulu kiməsə vermişdir. Həmin şəxs xalasını aldatmışdır. Xalası Gəncədə yaşayan bacısı qızından 3000 ABŞ dolları borc pul almışdır. Sonra xalası qızı öz oğlunu Emini evə qeydiyyata saldırmaq istəmişdir və qeydiyyata salınmadığı təqdirdə həmin pulu faizi ilə alacağını söyləmişdir. Qardaşı həmin 3000 ABŞ dollarını faizi ilə 5000 ABŞ dolları xalasına vermişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək və proses iştirakçılarının izahatını dinləyərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: 30 noyabr 2015-ci il tarixli, 4Ə-645 nömrəli notariat işinə əlavə edilmiş qəbzlərə əsasən görünür ki, Əliyev Elmar və Nağıyeva Mətanət tərəfindən 30 noyabr 2015-ci il tarixdə, 230 manat məbləğində ödəniş edilmişdir. AN-İ №0530451 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 1 otaqlı 17 kv.m yaşayış sahəsi İddiaçı tərəfindən Cavabdeh2 30000 manat qiymətinə satılmışdır. 0040604 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən görünür ki, ünvan 2 ünvanında yerləşən 1 otaqlı 17 kv.m yaşayış sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 185 nömrəli reyestr kitabının 19673 nömrəli vərəqində qeydiyyata alınmışdır. 01 dekabr 2015-ci il tarixli mədaxil orderinə əsasən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nə 32 manat ödəniş olunmuşdur. Dövlət reyestrindən arayışa əsasən 19.10.2006-cı il tarixdə İddiaçı mənzilə tam payı tanınmışdır. 16008 nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən görünür ki, İddiaçı 08 may 2007-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı tərəfindən verilmiş 30 noyabr 2015-ci il tarixli ərizəyə əsasən görünür ki, İddiaçı gələcəkdə əmlakla bağlı hər hansı iddia və ya məhkəmə mübahisəsi meydana çıxarsa, bununla əlaqədar bütün məsuliyyətini öz boynuna götürdüyünü imzalayaraq təsdiq etmişdir. 56AA0868515 nömrəli etibarnaməyə əsasən görünür ki, Cavabdeh2 nədən ibarət olduğundan və harda yerləşdiyindən asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi X2 etibar etmişdir. 14 iyul 1976-cı il tarixli doğum haqqında şəhadətnaməyə əsasən görünür ki, X4 ilə İddiaçı 350 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. 20 dekabr 2019-cu il tarixli, 4Ə-1124 nömrəli notariat işinə əsasən görünür ki, Cavabdeh3 tərəfindən 26.12.2019-cu il tarixdə X6 300 manat məbləğində ödəniş edilmişdir. 20.12.2019-cu il tarixli, AZ-İ №082126 nömrəli alqı-satqı müqaviləsinə əsasən görünür ki, ünvan 2 ünvanında yerləşən 1 otaqlı 17 kv.m yaşayış sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh3 60000 manat qiymətinə satılmışdır. 0785591 çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh2 10.12.2015-ci il tarixdə ünvan 2 ünvanında yerləşən mənzilə tam mülkiyyət hüququ tanınmışdır. 19.12.2019-cu il tarixli çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı və Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadırlar. 20 dekabr 2019-cu il tarixli ərizəyə əsasən görünür ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında ünvan 2 ünvanında yerləşən mənzilin 60000 manat qiymətinə satılması barədə razılıq əldə edilmişdir. 19.12.2019-cu il tarixli, 2140 nömrəli ərizəyə əsasən müəyyən edilir ki, Cavabdeh3 "xxxx" ASC-nə müraciət edərək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 37000 manat pulun X11 verilməsi üçün bankda olan **********00001AZN38 nömrəli depozit hesabına qəbul edilməsini xahiş etmişdir. 19 dekabr 2019-cu il tarixli qəbzə əsasən görünür ki, 37000 manat məbləğində pul depozit hesabına qəbul edilmişdir. 20.12.2019-cu il tarixli, 2144 nömrəli ərizəyə əsasən müəyyən edilir ki, Cavabdeh3 "xxxx" ASC-nə müraciət edərək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 23000 manat pulun X11 verilməsi üçün bankda olan **********00001AZN38 nömrəli depozit hesabına qəbul ediləsini xahiş etmişdir. 20 dekabr 2019-cu il tarixli qəbzə əsasən görünür ki, 23000 manat məbləğində pul depozit hesabına qəbul edilmişdir. 061490 seriya nömrəli daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnaməyə əsasən ünvan 2 ünvanında yerləşən mənzil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan daşınmaz əmlakın reyestri xidmətindən çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh3 24.12.2019-cu il tarixdən etibarən ünvan 2 ünvanında yerləşən mənzilə tam mülkiyyət hüququ tanınmışdır. Beləliklə məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır. Məhkəmə iddiaçının 30 noyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasına münasibətdə qeyd edir ki, alqı-satqı prosesi qanuni şəkildə həyata keçirilmiş, notarial qaydada təsdiq olunmuşdur. Bağlanmış müqavilənin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində həmin müqavilənin tərəflərinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət etmişlər. Məhkəmə 20.12.2019-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiaya münasibətdə qeyd edilir ki, müqavilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmışdır. İddiaçının 20.12.2019-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsinintələb etmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Plenum qərarındakı mövqeyinə və Mülki Məcəllənin 386.1-ci maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, ikinci müqaviləyə münasibətdə iddiaçı ilə cavabdeh arasında nə qanundan, nə də müqavilədən irəli gələn öhdəlik hüquq münasibəti yaranmamışdır. Bu səbəbdən iddia əsassız olduğuna görə rədd edilməlidir. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqavilələrinin ləğvi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqavilələrinin ləğvi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar