Məhkəmə qərarları › İş №2(004)-3568/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3568/2023

25.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3568/2023 25.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüldü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment və eyni zamanda alimentin alınmadığı 3 il üçün hesablanmış alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüldü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 doğulmuşdur. Şəmkir rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(076)-465/2018 saylı qətnaməsinə əsasən nikah pozulmuş və yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüldü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 onun - ananın yanında qalması müəyyən edilmişdir. Nikah pozulduqdan sonra cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya maddi və mənəvi yardım göstərməmişdir. xx.xx.2023-cü il tarixli mediasiya sesiyasında iddiaçı iştirak etmiş, lakin cavabdeh iştirak etməmiş, ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, aliment tələbi ilə ilk dəfədir ki, məhkəməyə müraciət edir. Cavabdehin birinci həyat yoldaşından bir övladı vardır, onunla birgə nikahdan isə iki övladı vardır. Cavabdehin uşaqla ünsiyyətdə olmasına dair iddiası olmuş, lakin sonradan iddiadan imtina etmişdir. Əlavə olaraq bildirir ki, özü xəstə olduğu üçün işləmir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın qismən – hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması hissədə təmin edilməsi, qalan hissədə isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı birgə nikahdan olan uşaqları kiçik yaşlarından tərk etmiş və uşaqlar onun himayəsində, onun qayğısı, nəvazişi və tərbiyəsi altında böyümüşdür. Lakin iddiaçı illər sonra xx.xx.2021-ci ildə uşaqları almaq üçün gəlmiş və Şəmkir rayon İcra Şöbəsinin icra məmuru tərəfindən icra tədbiri zamanı məcburi qaydada, uşaqlar ağlayaraq, psixoloji təzyiq və şiddət altında ondan ayıraraq analarına təhvil verilmişdir. Bundan əlavə, Şəmkir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə ilkin nikahından doğulmuş X1 üçün ondan hər ay 130 manat məbləğində aliment tutulur. Qeyd olunanlarla yanaşı, hazırda işsizdir. Buna görə də, iddiaçı birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tələb etməsinə baxmayaraq, işsiz biri üçün eyni zamanda əvvəlki nikahdan olan övladının saxlanılması üçün tutulan aliment məbləği ilə birlikdə iddiaçının tələb etdiyi qeyd olunan məbləğdə alimentin ödənilməsi onun üçün çətindir. İddia tələbinin 3 il ərzində ödənilməyən alimentin məbləğinin tutulması hissəsində isə qeyd edir ki, birgə nikahdan olan uşaqlar xx.xx.2021ci il tarixədək onun himayəsində olduğundan əvvəlki 3 il dövrü üçün alimentin tələb edilməsi qanuna müvafiq deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan - Şəmkir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Şəmkir rayon Qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 85 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüldü X3 və xx.xx.2016-cı il təvəllüdlü X6 anaları İddiaçı yanında qalmaları müəyyən edilmişdir. - Şəmkir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-1541/2019 saylı qətnaməsinə əsasən müəyyən edilir ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-3631/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək xx.xx.2007-ci il təvəllüldü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh X7 xeyrinə tutulan alimentin miqdarı artırılaraq 130 manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş AR ƏƏSMN DOST Agentliyi 5 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən edilir ki, Cavabdeh AR ƏƏSM-in Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən əmək müqaviləsi aşkar edilməmişdir. Beləliklə, işin mübahisəsiz halı odur ki, tərəflər arasında rəsmi nikah xx.xx.2018-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən ləğv edilmiş, tərəflərin birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 hazırda anaları İddiaçı yanında qalır. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən indiyədək aliment tutulmamışdır. Tərəflər arasında alimentlə bağlı yazılı saziş olmamışdır. Hazırda cavabdehin rəsmi iş yeri yoxdur, eləcə də onun onun digər aylıq gəlirlərinin olubolmaması barədə rəsmi məlumat yoxdur. Hazırda iddiaçı faktiki olaraq himayəsində olan hər iki uşağa görə cavabdehdən hər ay ümumilikdə 440 manat aliment tutulmasını, eyni zamanda 3 il ərzində ödənilməmiş alimentin də hesablanaraq cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə sosial və maddi durumunu, eyni zamanda birgə nikahdan olan uşaqların xx.xx.2021-ci ilə qədər onun himayəsində olmasını əsas gətirərək iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə, cavabdehin rəsmi gəliri barədə məlumatın olmamasını, əvvəlki nikahdan 1 uşağı olması və onun saxlanılması üçün məhkəmə qaydasında müəyyən edilmiş məbləğdə aliment ödəməsini, iddiaçı ilə nikahdan 2 uşaq olmaqla, cəmi 3 uşağının olmasını və uşaqların üstün mənafelərini, onların gündəlik tələbatlarının artmasını, onların saxlanılmasında hər iki valideynin bərabər öhdəlik daşımasını və hər bir uşağın saxlanılması üçün tələb olunan minimum yaşayış xərclərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, hər iki uşaq hazırda iddiaçının himayəsindədir. Buna baxmayaraq nikah pozularkən birgə nikahdan olan uşaqların saxlanılması üçün cavabdehdən alimentin tutulması müəyyən edilməmişdir. Hazırda iddiaçı və cavabdehin rəsmi iş yeri və rəsmi gəlirlərinin olması barədə məlumat yoxdur. Lakin, bu, birgə nikahdan olan uşaqların hər iki valideynin iştirakı ilə saxlanılması öhdəliyini istisna etmir. Məhkəmə bunu və cavabdehin digər nikahdan olan uşağının saxlanılması üçün aliment ödəməsini nəzərə alaraq qeyd edir ki, uşaqların mənafeyi üstün tutulmalı, bununla yanaşı cavabdehin maddi və sosial durumu da nəzərə alınmalıdır. Belə olan halda, cavabdehdən hər ay cəmi 440 manat məbləğində alimentin tutulması gələcəkdə qətnamənin icra edilməsində çətinlik yaratmaqla yanaşı, digər nikahdan olan uşağın saxlanılması üçün ödənilən maddi təminatın məbləğinə də təsir edərək uşağın hüquqlarına toxuna bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq, cavabdeh yetkinlik yaşına çatamayan uşaqların saxlanılması üçün tutulan alimentin məbləğinin hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçı tutulan alimentin 3 il əvvəlki dövr üçün hesablanmasını tələb etsə də, qanunvericiliyin tələbinə əsasən aliment ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan, eləcə də iddia tələbini bu hissədə əsaslandıra bilmədiyindən və buna dair sübut vermədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüldü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 180 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, alimentin tutulması iddia ərizəsilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı və dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüldü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar