Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3576/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində alimentin həmçinin mediasiyaya müraciət üçün ödənilmiş 60 manat mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X7 ilə birgə nikahdan xx.xx.2017-ci il tarixində X6 adlı övladı dünyaya gəlmişdir. Qeyd etmişdir ki, X7 hazırda bir çox xəstəliklərdən əziyyət çəkir. Övladının saxlanılmasında çətinlik çəkdiyi üçün tərəfindən Dəmirov Vahidin atası Cavabdeh alimentin ödənilməsinə dair məktub göndərmiş, daha sonra onu mediasiya qaydasında razılığa gəlməsinə dair mediasiyaya dəvət etmişdir. Dəvətini rədd etmiş nəticədə aralarında mediasiya qaydasında razılıq əldə edilə bilinməmişdir. Buna görə də məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Hal-hazırda hesab edir ki, iddiası əsaslı və qanuni olduğundan təmin edilməlidir. Mediasiya prosesi zamanı tərəfindən 50 manat rüsum ödənildiyinə görə hazırkı iddiasına həmin qəbzi əlavə edir və qanunvericilikdə bu növ iddialar üzrə rüsum bir illik müddət üçün müəyyən edildiyindən, həmin rüsum da 50 manatdan çox olmadığından mediasiyaya ödənilən rüsum bu iş üzrə kifayət etdiyi üçün tərəfindən rüsum ödənilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, o, Xızı rayonunda müəllimə işləyir. Həftənin 3 günü işi ilə əlaqədar evdə olmur. 450 manat maaş alır. Həyat yoldaşının xəstəliyi olduğuna, həmçinin həftənin 3 günü uşağına baxdığına görə işləmir. Buna görə də qaynatasından aliment tələb edir. Həyat yoldaşının heç bir əlilliyi yoxdur. Qaynatasının maddi vəziyyəti yaxşıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, iki dəfə əməliyyat keçirtmiş, sümükləri sınıq, onurğaları tökülür. Mədəbağırsaqlarını çıxardıblar. O, xəstə adamdır. Hal-hazırda işləmir, 430 manat təqaüd alır. Xəstəliyinə görə ona yardım verirlər. Üçüncü qrup əlildir, ona görə də müavinət alır. Onun altı uşağı var, o, hamısının arasında payları müəyyən edib ki, o, olmayanda, onların arasında dava düşməsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh onları vaxtı ilə evlə təmin etmiş, hətta avtomobil də almışdır, lakin hal-hazırda avtomobil onlar tərəfindən satılmışdır. Həmçinin cavabdeh xəstədir, əlildir. Onun aldığı təqaüd və müavinət dərmanlarına, həkim müayinələrinə gedir. Uşağın atası var, cəhd göstərib bir az işləmək lazımdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ №050394 saylı, xx.xx.2003-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X2 arasında 29 iyul 2003-cü il tarixdə nikah bağlanmış və həmin nikah 359 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. - Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV № 206675 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017ci il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 23 avqust 2017-ci il tarixində 984 saylı akt qeydi tərtib edilmişdir. X3, anası İddiaçıdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının xx.xx.2021-ci il tarixli rəyinə əsasən 73 yaşlı Cavabdeh eroziv iltihabı və high qrade dislaziya fonunda karsinoma in situ – yüksək differensiasiyalı adenokarsinoma aşkar edilmişdir. - Stimul Hospitalın ******* nömrəli xəstəlik tarixindən çıxarışa (epikrizə) əsasən xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh qapalı onurğa travması diaqnozu qoyulmuşdur. - NewMed Klinikasının xx.xx.2021-ci il tarixli çıxarışına əsasən xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh mədə qanaxması diaqnozu qoyulmuşdur. - AZEMİS elektron informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsində ümumi təhsil məktəbində fizika müəllimi vəzifəsində işləyir və aylıq 523 manat miqdarında əmək haqqı alır. İşin mübahisəsiz halı odur ki, iddiaçı ilə cavabdehin oğlu 29 iyul 2003-cü ildə nikaha daxil olmuş, onların xx.xx.2017-ci il təvəllüdlü X6 adlı övladları vardır. İddiaçı qeyd etmişdir ki, uşağın X3 hazırda bir çox xəstəliklərdən əziyyət çəkir. Buna görə də, övladının saxlanılması üçün Dəmirov Vahidin atası Cavabdeh qarşı iddia qaldıraraq, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində alimentin, həmçinin mediasiyaya müraciət üçün ödənilmiş 60 manat mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq ona verilməsini tələb edir, cavabdeh isə buna etiraz edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə hesab edir ki, iddiaçı həyat yoldaşının xəstə olduğu üçün övladının saxlanılmasına görə alimentin cavabdehdən tutulmasını xahiş etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə məhkəmə bildirir ki, iddiaçı hal-hazırda işləyir, müəllim olaraq çalışır və 523 manat əmək haqqı alır. İddiaçının izahatına görə əri müəyyən xəstəliklərdən əziyyət çəkir, ancaq əmək qabiliyyətsiz və əlil deyildir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə araşdırması ilə də müəyyən olundu ki, Cavabdeh 73 yaşı vardır, təqaüdçüdür, xəstədir, aldığı təqaüd və müavinət onun dərmanlarına, həkim müayinələrinə xəclənir. İddiaçı cavabdehin zəruri vəsaitə malik olmasını sübut edə bilməmişdir. Məhkəmə iddia tələbini təmin etməyərkən eyni zamanda onu da nəzərə alır ki, yetkinlik yaşına çatmayan uşağını saxlamaq ilk növbədə valideynlərin öhdəliyinə aiddir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, cavabdehin xəstə olmasını, əlil olmasını, habelə uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən xx.xx.2017-ci il təvəllüdlü X1 üçün sonraki artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində alimentin, həmçinin mediasiyaya müraciət üçün ödənilmiş 60 manat mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq ona verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehqarşı cavabdehdən xx.xx.2017-ci il təvəllüdlü X1 üçün sonraki artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində alimentin, həmçinin mediasiyaya müraciət üçün ödənilmiş 60 manat mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq ona verilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3576/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3576/2025
01.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver