Məhkəmə qərarları › İş №2(004)-3640/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3640/2021

29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3640/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı Nəsibli (Məmmədova) Səbinə Neman qızının, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Nəsibli (Məmmədova) Səbinə Neman qızının Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nəsibli (Məmmədova) Səbinə Neman qızı Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 18.08.2020-ci il tarixdə Cavabdeh ilə nikaha daxil olmuşdur. Aralarında olan nikah Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 90 nömrəli, 18.08.2020-ci il tarixli aktla qeydə alınmışdır. Cavabdeh ilə birgə nikahından 28.04.2021-ci il tarixdə X4 adlı bir övladı dünyaya gəlmişdir. Xatırladır ki, cavabdeh nikahdan bir neçə gün sonra ailəsini tərk edərək getmiş, uşaq doğulana kimi və övladı dünyaya gəldikdən sonra nə onunla, nə də övladı Sena ilə heç maraqlanmamış, maddi və mənəvi köməklik göstərməmişdir. Övladının dünyaya gələnə kimi xərclərinin hamısını valideynləri çəkmişdir. Bildirir ki, o hazırda heç bir yerdə işləmir və aylıq qazanca malik deyildir. Uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. Odur ki, uşağın saxlanılması üçün cavabehdən onun xeyrinə qanunvericliklə müəyyən edilmiş qaydada aliment tutulmalıdır. Eyni zamanda cavabdehdən uşağın üç yaşına çatana kimi də saxlanılması üçün maddi yardımın tutulması mütləqdir. Göstərilənlərə əsasən övladı 28.04.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 175 manat aliment və uşağın 3 yaşı tamam olana qədər əlavə olaraq 150 manat məbləğində alimentin onun xeyrimə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Nəsibli (Məmmədova) Səbinə Neman qızı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, cavadbeh ilə ailə qurduqdan 10 gün sonra ayrı yaşamağa başlamışdır. Cavabdeh onlar faktiki ayrıldıqdan sonra övladı ilə maraqlanmamışdır. 28.04.2021-ci il təvəllüdlü X4 onun övladı olduğu kimi cavadbehin də, övladıdır. O, hazırda heç bir yerdə işləmir və aylıq qazanca sahib deyildir. Belə ki, o tələbədir və universitetdə oxuyur. Cavabdeh hazırda mühafizə polisində işləyir və daimi gəlirə malikdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs iddia tələbini qəbul etmir və hesab edir ki, iddiaçı ilə birgə nikahdan doğulmuş uşaq onun övladı deyildir. Cavabdeh hazırda mühafizə xidmətində işləyir və onda olan məlumata görə cavadbeh 300 manat məbləğində aylıq gəlirə malikdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 18.08.2020-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahlarından 28.04.2021-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Hazırda tərəflər ayrı yaşayır və tərəflərin birgə nikahdan olan övladı iddiaçının himayəsindədir. Cavabdeh birgə nikahdan doğulmuş nikahlarından 28.04.2021-ci il təvəllüdlü X2 onun övladı olmasını mübahisələndirdiyi üçün, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3640/2021 saylı, 16.06.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, lakin Məhkəmə-Tibbi Ekspertiza və X1 16.08.2021-ci il tarixli məktubu ilə, cavabdeh ekspertizanın keçirilməsi üçün mərkəzə gəlməməsi səbəbindən, ekspertizanın keçirilməsi mümkün olmamış və qərardad icra edilmədən geri qaytarılmışdır. Məhkəmə cavabdehin uşağın ondan olmamasına dair etirazlarına tənqidi yanaşaraq qeyd edir ki, iş üzrə məhkəmə ekspertizası təyin edilməsinə və Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən tərəflərə məlumat verilməsinə baxmayaraq, cavabdeh ekspertizanın keçirilməsi üçün mərkəzə gəlməmiş və bu səbəbdən də, ekspertizanın keçirilməsindən keçirilməsindən imtina edilərək, qərardad icra edilmədən geri qaytarılmışdır. Bundan başqa iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28.04.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 28.04.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq iddiaçı Nəsibli (Məmmədova) Səbinə Neman qızına verilməlidir. Məhkəmə həmçinin iddia tələbinin uşaqların 3 yaşına çatanadək cavabdehdən hər ay 150 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.2 və 84.2.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qanunvericilik arvadın ərindən ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində aliment almaq hüququnu müəyyən edir, lakin göründüyü kimi iddiaçı tərəfindən cavabdeh tərəfin zəruri vəsaitə malik olması, özünün əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacı olması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbini bu hissədə təmin etməyərkən, həm də onu da nəzərə alır ki, cavabdehin hal-hazırda əmək fəaliyyəti ilə məşğul ola bilməməsinin (işləməməsinin) səbəbini, onun azyaşlı uşağının 3 yaşına çatanadək, ona baxması və qulluq etməsi ilə əladəqar deyil, ali təhsil alması ilə bağlıdır. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini və uşağın mənafeyini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, 28.04.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq iddiaçı Nəsibli (Məmmədova) Səbinə Neman qızına verilməlidir. Məhkəmə Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 16.05.2021-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 28.04.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq iddiaçı Nəsibli (Məmmədova) Səbinə Neman qızına verilsin. Alimentlərin tutulma müddəti 16.05.2021-ci il tarixdən müəyyən edilsin. Qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar