Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3643/2021 02.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında Xaçmaz rayon 1 saylı notariat ofisində bağlanmış 3M-98 saylı, 08 aprel 2018-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2000-ci illərdən tanışdır. Onunla bir yerdə qızıl alveri ilə məşğul olmuşdur. 2008-ci ildə Xaçmaz rayonu, Nabran kəndində şərikli torpaq sahəsi almışlar. Həmin torpağın alınması məqsədi ilə 20000 (iyirmi min) manat Rafiq Qaraşov vermiş, sonradan isə 8000 (səkkiz min) dollar əlavə vermişdir. 2009-cu ildə Rafiq Əsgərov şəriklikdən ayrılmış və pulun qaytarılması üçün onu polisə vermişdir. Araşdırmadan sonra polis ərizəni rədd etmişdir. Bildirir ki, bu illər ərzində ona 24000 (iyirmi dörd min) manat məbləğində ödəniş etmişdir. Bundan sonra cavabdeh ona təzyiqlər etmiş, buna görə də məcbur olaraq Xaçmaz rayonu 1 saylı Notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş 3 M-98 saylı, 08 aprel 2018-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Lakin kredit müqaviləsinin predmeti olan 70000 (yetmiş min) manat pul cavabdeh tərəfindən ödənilməmişdir. Bununla bağlı 08 aprel 2021-ci ildə cavabdehə pretenziya məktubu göndərilmiş, lakin 10 gün ərzində cavab verməli olduğu halda cavab verməmişdir. Həmçinin cavabdehin 70000 manat pulu qəbul etməsinə dair ünvan 1 ünvanlanmışdır. Həmin notariat ofisinin notariusunun 231 nömrəli 19 aprel 2021ci il tarixli cavabında, cavabdehlə onun arasında kredit müqaviləsi notariat qaydasında təsdiq edilərkən pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi halı olmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iş üzrə tərəflər arasında ticari əlaqələr olmuşdur. Lakin sonradan aralarında narazıçılıqlar yaranmışdır. İddiaçının cavabdehə 35000 manat miqdarında borcu olmuş, həmin puldan müəyyən ödənişlər edilmiş və hazırda 30000 manat civarında borc qalmışdır. Tərəflər arasında bağlanmış notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 70000 manat məbləğində pul verməsi təsdiq edilməmişdir. Müqavilə bağlansa da, cavabdeh iddiaçıya notariusda o məbləğdə pulu təqdim etməmişdir. Müqavilə bağlanarkən notariusun depozit hesabına pul qoyulması məsələsi hələ qüvvədə olmamamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, iddia tələbi tamamilə əsasızdır. O, iddiaçıya sözü gedən məbləğdə pulu borca vermişdir. Belə ki, iddiaçı onu Xaçmaz şəhərinə çağırmış və o, həmin yerə gedərək pulu ona təqdim etmişdir. Notariusda adam çox olduğu üçün pulu maşında ona təqdim etmişdir. Hətta notarius ondan iki dəfə bu barədə sual vermiş və iddiaçı bu halı təsdiq etmişdir. Borcu verməkdə məqsədi cavabdehin biznes qurması, ordan xeyli miqdarda xeyir götürəcəyini və aldığı borcla yanaşı ona da əlavə xeyir verəcəyini bildirməsi olmuşdur. O, ozü Bakıda yaşayır və onu Xaçmaza və məhz o notariusa iddiaçı özü çağırmışdır. Düzdü pulun notariat şəklində verilməsini o tələb etmişdir. Lakin onu həmən notariusa iddiaçı çağırmış, o da, Xaçmaza gederək orada notariusun önündə onunla görüşmüş və pulu da ona vermiş, o isə sayaraq qəbul edərək və birlikdə borc müqaviləsin imzalamaq üçün notariusun kabibetinə keçmişdirlər. Borc müqaviləsi ilə bağlı artıq notarius tərəfindən icra qeydi də, verilmişdir. İddiaçının atası ona pulun yarısının ozünün verəcəyini bildirmiş, sonra isə atası rəhmətə getdiyindən pulu ona qaytarmamlşdır. Hazırda isə anası ona təkidlə vaxt verilməsini və pulu geri qaytaracağını bildirsə də, hal-hazıradək borcundan ödəniş edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat Ofisi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 08.04.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Cavabdeh borc alan İddiaçı 30.12.2020-ci il tarixinədək qaytarmaq şərtiylə 70000 manat məbləğində borca pul vermişdir. İş materiallarında olan Xaçmaz rayonu 1 saylı Notariat Ofisinin vəkili Vəkil ünvanladığı 19.04.2021-ci il tarixli məktubundan görünür ki, Xaçmaz rayonu 1 saylı Notariat Ofisində 08.04.2018-ci il tarixdə rəsmiləşdirilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi notariat qaydasında təsdiq edilərkən pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi halı olmamışdır. Məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08.04.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən Cavabdeh borc alan İddiaçı 30.12.2020-ci il tarixinədək qaytarmaq şərtiylə 70000 manat məbləğində borca pul vermişdir. Hazırda iddiaçı cavabdehlə onun arasında kredit müqaviləsi notariat qaydasında təsdiq edilərkən pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi halının olmamasını və əslində borc müqaviləsində 70000 manat yazılsada ona 35000 borc verildiyini göstərərək, 08.04.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 421.1-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə baxışı zamanı tərəflərin izahatları, iş materialları və məhkəmədə toplanılmış digər sübutlar hərtərəfli araşdırılmaqla işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlə onun arasında kredit müqaviləsi notariat qaydasında təsdiq edilərkən pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi halı olmaması mülahizələrinə və eləcədə əslində və əslində borc məbləğinin 35000 manat olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə iddiaçı tərəfindən istinad edilən Xaçmaz rayonu 1 saylı Notariat Ofisinin vəkili Vəkil ünvanladığı 19.04.2021-ci il tarixli məktubuna münasibət bildirərək qeyd edir ki, işin halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya borc müqaviləsində göstərilmiş pul vəsaiti notariusun şəxsən iştirakı ilə deyil, notariusun otağından kənarda verilmiş və tərəflər həmin halı müqaviləyə imza etməklə təsdiqləmək çün notariusun yanına daxil olmuşlar. Məhkəmə, tərəflər arasında borc müqaviləsi bağlanılan zaman qanunvericilikdə verilən borc məbləğinin notariusun deposit hesaıba qoyulması yolu ilə verilməsinə dair qanunvericlikdə tələblər və müddəalar olmadığından cavabdehin işin halları ilə bağlı verdiyi izahatını inandırıcı sayır. Bununla yanaşı iddia tərəfindən qeyd olunan halları təkzib edən mötəbər sübutlar da təqdim edilməmiş, iddiaçının nümayəndəsi tərəfindən iddiaçının cavabdehə borcu olması etiraf edilərək, sadəcə borcun məbləği mübahisələndirilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasəndə müqavilənin ləğv edilməsi üçün əsaslar olmamaqla, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3643/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3643/2021
02.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver