Məhkəmə qərarları › İş №2(004)-3693/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3693/2021

16.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3693/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Abbasova (Məmmədova) Validə Hacıbala qızının iştirakı ilə, İddiaçı cavabdeh Abbasova (Məmmədova) Validə Hacıbala qızına qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35000 (otuz beş min) manat məbləğində kompensasiya ödəməklə onun və cavabdehin mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X4 küçəsində yerləşən 22 saylı evin 22 saylı mənzilinə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 16 iyul 1988-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 11 aprel 1993-cü il tarixdə Rauf və 01 sentyabr 1998-ci il tarixdə Nigar adlı övladları anadan olmuşdur. Uzun müddət bir yerdə yaşamışlar. 2013-cü ildən isə ailə daxili münaqişələr və cavabdehin xəyanəti nəticəsində ailənin faktiki olaraq davam eləməsi mümkün olmamışdır. Bununla əlaqədar olaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2013-cü il tarixli, 2(004)- 314/2013 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş və birgə nikahlarından anadan olmuş Rauf onun, Nigar isə anasının yanında qalması qət edilmişdir. Qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay vaxtı - vaxtında alimentini ödəmiş və günü bugünə kimi də qızının bütün maddi və mənəvi problemləri ata olaraq iddiaçının çiyinlərindədir. Birgə nikah dövründə əldə etdiyi əmlak olaraq Bakı şəhəri Yasamal rayonu X4 küçəsində yerləşən 22 saylı evin 22 saylı mənzili olmuşdur. Həmin daşınmaz əmlakda paylarının müəyyən edilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 sentyabr 2104-cü il tarixli, 2(004)-5346/2014 saylı qətnaməsi ilə payları müəyyən edilmişdir, yəni, Bakı şəhəri Yasamal rayonu X4 küçəsində yerləşən 22 saylı evin 22 saylı mənzilinin 1/2 payı iddiaçının və digər payı cavabdeh Abbasova (Məmmədova) Validə Hacıbala qızının payları müəyyən edilmişdir. Bundan əlavə olaraq, həmin mənzilin naturada bölünməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(004)-1410/2019 saylı qətnaməsi əmlakın naturada bölünməsi mümkün hesab edilməmişdir. Həmçinin bildirmək istəyir ki, onun keçmiş arvadı ilə bir mənzildə yaşamağı faktiki olaraq qeyrimümkündür. Çünki, iddiaçı yenidən ailə qurmuşdur. Həmin mənzilin 10 kv.m olan bir otaqda arvadı, iddiaçı və oğlu ilə bir yerdə yaşayır. Keçmiş arvadı ilə bir yerdə yaşamağının qeyri-mümkün olmasının şərti tək bundan ibarət deyildir. Bir çox səbəbləri mövcuddur. Bunlardan ən başlıcası olaraq, dəfələrlə onu və arvadını zəhərləməklə hədə qorxu gəlmiş, dəfələrlə aralarında mübahisələr olmuşdur. Həmçinin bildirmək isdəyir ki, o, 2-ci qrup müddətsiz (asto nevrotik sindrom diaqnoz) Çernobıl əlilidir. Affekt vəziyyətində cavabdehlə onun arasında hər an bir cinayət tərkibi yaradan hadisələrin olması mümkündür. Bundan əlavə olaraq, cavabdehə dəfələrlə müraciət edərək birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın satılmasını və ondan əldə olunan ianənin aralarında bölünməsini təklif etmiş və hətta onun yaşaması üçün münasib qiymətə evlərdə tapmışdır. Lakin, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində yerləşən 22 saylı evin 22 saylı mənzilinin orta bazar qiyməti 65000-70000 manat olmasına baxmayaraq, cavabdeh həmin mənzili kosmos qiymətinə satılmasını istəmişdir. Bu da o deməkdir ki, cavabdeh həmin mənzilin satılmasına suni şəkildə maneçilik törədir və onun ailəsinin gününü qara eləməklə məşğuldur. Bununla əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlənə əsasən, Cavabdeh 35000 (otuz beş min) manat məbləğində kompensasiya ödəməklə onun və cavabdehin mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X4 küçəsində yerləşən 22 saylı evin 22 saylı mənzilinə mülkiyyət hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Abbasova (Məmmədova) Validə Hacıbala qızı məhkəmənin dəftərxanası vasitəsilə etiraz təqdim edərək, iddiaçının ona 35000 (otuz beş min) manat məbləğində kompensasiya ödəməklə onun və cavabdehin mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu X4 küçəsində yerləşən 22 saylı evin 22 saylı mənzilinə mülkiyyət hüququna xitam verilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində yerləşən 22 saylı evin 22 saylı mənzili barəsində dəfələrlə iddiaçı ilə arasında məhkəmə mübahisəsi olmuş və nəticədə onun mənzilin 1/2 hissəsinə olan mülkiyyət hüququ təsdiq olunmuşdur. Mənzili 30.06.2012-ci il tarixdə bağışlama vasitəsilə oğlu X2 adına keçirtsə də, aldadıldığını bildikdən sonra həmin bağışlama müqaviləsinin etibarsız sayılması və həmin mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürmə tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.05.2013-cü il tarixli qətnaməsi ilə rədd edilsə də, Bakı Apellyasiya Məhkəməsinin 17.10.2013-cü il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilmişdir. İddiaçı verdiyi kassasiya şikayəti isə təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.01.2014-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 26.09.2014-cü il tarixli qətnaməsi ilə hər birinin mənzilin 1/2 hissəsinə olan payı təsdiq edilmişdir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05.06.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış da mövcuddur. Lakin iddiaçı onun mənzildən istifadə etməsinə imkan yaratmamış, hər dəfə mənzilin açarını dəyişdirirərək ora daxil olmağının qarşısını almışdır. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 17.10.2013-cü il tarixli qətnaməsi hələ də icra olunmamışdır. Qətnamənin icrası üçün Bakı Apellyasiya Məhkəməsi 14.11.2018-ci il tarixində yeni icra vərəqəsi verməsinə baxmayaraq, iddiaçı bunun icrasından yayınmaqdadır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11.12.2018ci il tarixli qətnaməsi ilə İddiaçı mənzildən istifadə etməyinə maneəçilik törətməsi qadağan edilsə də, iddiaçı hələ də bu hərəkətlərini davam etirir. Yuxarıda sadaladığı məhkəmə aktlarından da göründüyü kimi mənzilin 1/2 hissəsi onun mülkiyyətindədir. Yəni mənzil hər ikisinin mülkiyyətində bərabər paylarda yer almaqdadır. Hazırki iddia tələbində isə iddiaçı ona kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının mülkiyyət hüququna münasibətdə belə bir tələb irəli sürmək hüququ yoxdur. İddia ərizəsində istinad olunan Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində yerləşən 22 saylı evin 22 saylı mənzili hər ikisinin mülkiyyətində bərabər paylarda yer aldığından payın digər mülkiyyətçiyə nisbətdə cüzi olmasından və ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olmamasından söhbət gedə bilməz. Mənzilə 1/2 paya sahib olmağına baxmayaraq, iddiaçı tərəfindən mənzildən istifadə qanunsuz olaraq məhdudlaşdırıldığından kirayədə yaşamaq məcburiyyətindədir. Hazırkı şəraitdə həmin mənzildən istifadə etmək və orada yaşamaq cavabdeh üçün olduqca vacibdir. Bundan əlavə, iddiaçı öz iddia ərizəsində cavabdehin onu və həyat yoldaşını zəhərləməklə hədəqorxu gəldiyini bildirmişdir. İddiaçının sözləri həqiqəti əks etdirmir. İddiaçı heç bir sübuta əsaslandırmadan cavabdehin onu və həyat yoldaşını zəhərləməklə hədələdiyini bildirməklə onu cinayət törətməkdə ittiham edir. Digər tərəfdən, iddiaçı özünün 2-ci qrup müddətsiz əlil olduğunu və asto nevrotik sindrom diaqnozuna malik olduğunu bildirərək, "affekt vəziyyətində" cavabdehlə onun arasında hər an cinayət tərkibi yaradan hadisənin ola biləcəyinin mümkün olduğunu qeyd edir. İddiaçı özü onun həyatına təhlükə törədə biləcəyini etiraf edir. Bu kimi cinayət tərkibi yarada biləcək hərəkətlərini əsas gətirərək onun mənzilə olan pay hüququna xitam verilməsini tələb etməsi qəbul edilə bilməz. Bu səbəbdən, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək yazılı etirazına uyğun izahat verərək, iddiaçının 35000 (otuz beş min) manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri Yasamal rayonu X4 küçəsi 22 saylı evin 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsinə dair iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 195564 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 21.05.2014-cü il tarixdə 205 saylı akt qeydi tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.10.2013-cü il tarixli 2(103)- 4543/2013 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayonu X4 küçəsi 22 nömrəli evin 22 nömrəli mənzilinin bağışlanmasına dair Cavabdeh ilə X2 arasında bağlanmış 30.06.2012-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmiş, X1 adına verilmiş çıxarış ləğv edilmiş, Cavabdeh Bakı şəhəri Yasamal rayonu X4 küçəsindəki 22 nömrəli evin 22 nömrəli mənzilinə istifadə hüququ tanınmış və o, həmin mənzilə köçürülmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5346/2014 saylı 26.09.2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri Yasamal rayonu X4 küçəsində yerləşən 22 saylı evin 2 otaqdan ibarət 22 nömrəli mənzili üzərində İddiaçı ½ payı, Cavabdeh ½ payı müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2855/2018 saylı 11.12.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri Yasamal rayonu X4 küçəsində yerləşən 22 saylı evin 22 nömrəli mənzili üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması cavabdeh İddiaçı həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2855/2018 saylı 11.12.2018-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “xüsusi mülkiyyətə qəsdin aradan qaldırılması, qanunsuz hərəkətlərin qadağan edilməsi, mənzilin naturada ayrılması və mənzilə köçürülmə” tələbinin iddiaçının mübahisəli mənzilə köçürülməsi hissəsinə xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1409/2019 saylı 18.03.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri Yasamal rayonu X4 küçəsi, ev 22, mənzil 22 ünvanında yerləşən mənzilin 16,12 kv.m olan qonaq otağı iddiaçı Cavabdeh istifadəsinə verilməsi və ona həmin mənzilin dəhliz, mətbəx, sanitar qovşaq və s. kimi yardımçı sahələrdən istifadəsinə şərait yaradılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu X4 küçəsi, 22 saylı evin 22 nömrəli mənzili 05.06.2015-ci il tarixindən 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı adlarına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29.11.2014-cü il tarixli Texniki Pasportun məlumatlarından müəyyən olunur ki, sözügedən mənzil 2 otaqlı olub, ümumi sahəsi 42,62 kv.m, yaşayış sahəsi 28,22 kv.m, 2 yaşayış otağından, dəhlizdən, mətbəxdən, eyvandan və sanitar qovşağından ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı ikinci qrup əlildir, diaqnozu “toksiki ensefalopatiya, Nevrosteniya, Kəskin Asteno, Nevrotik sindrom”dur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuş, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu X4 küçəsi, 22 saylı evin 22 nömrəli mənzilinə dair ½ hissədə iddiaçının və ½ hissədə cavabdehin paylı mülkiyyət hüquqları məhkəmə qətnaməsi əsasında tanınmış, mənzil daşınmaz əmlakın dövlət reyestri xidmətində paylı mülkiyyət kimi 05.06.2015-ci il tarixindən qeydiyyata alınmışdır. İddiaçı 35000 manat kompensasiya verməklə cavabdehin sözügedən mənzilə mülkiyyət hüquqlarına xitam verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Məhkəmə qeyd edir ki, İddiaçı ümumi paylı mülkiyyətin mülkiyyətçisi olaraq yalnız özünə məxsus payın əvəzi olaraq pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında öz əksini tapmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı 35000 (otuz beş min) manat məbləğində kompensasiya ödəməklə cavabdehin Bakı şəhəri, Yasamal rayonu X4 küçəsi, 22 saylı evin 22 nömrəli mənzilinə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Abbasova (Məmmədova) Validə Hacıbala qızına qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar