Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-374/2023 02.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2700 manat sığorta ödənişi, gecikdirilmiş sığorta ödənişi məbləğinin gündəlik 0,1 faizi qismində hesablanmış 190 manat dəbbə pulu, nəqliyyat vasitəsinin hadisə yerindən servislərə və ustalara daşınması üçün çəkilən 200 manat olmaqla, ümumilikdə 3090 manat pulun və 51 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi AD 001345 №-li, 30 iyun 2017-ci il tarixli texniki pasporta əsasən, WF0LXXGBFL1G65121 Ban №-li, 50CL075 dövlət nömrə nişanlı “X6” markalı avtomaşın iddiaçıya məxsusdur. 20 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində sığortalı “Mercedes Benz C200” markalı, 10RB331 dövlət qeydiyyat nişanlı avtomobil ilə X2 etibarnamə əsasında idarə etdiyi “X6” markalı, 50CL075 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncuya maddi zərər dəymişdir. Hadisənin baş verməsinə səbəb “Mercedes Benz C200” markalı, 10RB331 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün işıqforun qadağan edici işığının, yəni qırmızı işığının tələblərinə məhəl qoymaması, qırmızı işıqda hərəkət etməyə davam etməsi olmuşdur. Hadisədən dərhal sonra 102 qaynar xəttinə məlumat verilərək, hadisə yerinə Yol Polisi və sığorta şirkətinin əməkdaşı çağırılmışdır. Göstərilən yolnəqliyyat hadisəsi 10RB331 dövlət nömrə nişanlı avtomaşını idarə edən sürücünün AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş ermişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması hadisə yerinə çıxan YPX inspektorunun çəkdiyi çertyoj və sürücünün yazılı verdiyi izahatla təsdiq olunur. Yolhərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən 10RB331 dövlət nömrə nişanlı avtomaşının sürücüsünün təqsiri aidiyyəti üzrə X5 İdarəsində tanınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomaşınının ön sol yan hissəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüşdür, ön hissəsinin həm xarici, həm də daxili (peredok) hissəsinə ciddi zərər dəymişdir. 10RB331 dövlət nömrə nişanlı avtomaşının İcbari Sığortası "xxxx"ya aid olduğu üçün dəymiş maddi zərərin müəyyən edilməsi və maşının təmiri işlərinin təmin edilməsi məsələsinə həmin sığorta şirkətinin əməkdaşları tərəfindən baxılmışdır. İlkin olaraq sığorta şirkətinin əməkdaşları tərəfindən sadəcə maşına səthi olaraq baxılmış və dəymiş zərər 1015 manat müəyyən edilmişdir. İddiaçı bu məbləğlə razılaşmayaraq, maşını söküb daxildən (peredok və s.) maşına dəyən zərərin dəqiq müəyyənləşdirilməsini tələb etmişdir. Onlar isə buna ehtiyac olmadığını və bu məbləğdən artıq vəsait verməyəcəklərini söyləmişlər. Həmçinin, onların avtoservisində maşını özləri tərəfindən təmir edə biləcəklərini söyləmiş, lakin bu təmirin ən azı 50 gün çəkəcəyini qeyd etmişlər. Bu gecikmənin də forma 4-ün hazırlanması, növbədə olan maşınların çoxluğu ilə əsaslandırmağa başlamışlar. Bu müddət isə əsas qazanc yeri bu maşın olan iddiaçı üçün xeyli itki deməkdir. İddiaçı maşına dəyən həqiqi zərərin dəyərini tələb edəndə sığorta şirkəti imtina etmişdir. İmtinanın əsassız və qanunsuz olması ilə bağlı məhkəmənin nəzərinə aşağıdakıları çatdırılır: İddiaçının maşın və onun təmiri ilə bağlı yetəri qədər məlumatı və təcrübəsi vardır. İddiaçı ona deyilənlərin həqiqətə uyğun olmadığını başa düşmüş və fikrini dəqiqləşdirmək üçün maşını bir sıra tanınmış avtoservislərə apararaq maşına dəymiş həqiqi zərəri müəyyənləşdirmişdir. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş qüsur aktına əsasən dəymiş zərər 2631 manat, "xxxx" MMC tərəfindən verilmiş qüsur aktına əsasən dəymiş zərər 2685 manat, "xxxx" MMC tərəfindən verilmiş qüsur aktına əsasən zərər 2720 manat məbləğində müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin avtoservislərə evakuatorla daşınmasına, ustalara baxdırılmasına iddiaçı tərəfindən 200 manat əlavə vəsait ödənilmişdir. Bir daha qeyd edirik ki, yuxarıda qeyd edilən nəqliyyat vasitəsini icbari sığortalayan "xxxx" şirkəti iddiaçıya dəymiş ümumi maddi ziyanın yalnız 1015 manat hissəsini qarşılayacağını söyləmişdir və bu günə qədər heç bir ödəniş etməmişdir. Aparılan danışıqların, yazışmaların, şikayətlərin heç bir faydası olmamışdır. Əlavə olaraq bildiririk ki, maşının ön tərəfinə (peredokuna) iddiaçı öz hesabına 990 manat xərc çəkmişdir və bu qədər gecikmənin uzandığını görüb əlində olan pulla hissə-hissə təmir etməyə başlamışdır. Məlumat üçün bildiririk ki, iddiaçıya məxsus olan Ford Transit markalı nəqliyyat vasitəsi iddiaçının əsas qazanc mənbəyidir. Ailəsinin əsas dolanışıq yeridir. "xxxx" şirkənin əməkdaşlarının öz vəzifə borclarını bu cür məsuliyyətsiz yerinə yetirmələri nəticəsində halhazırda iddiaçının ailəsinin dolanışığı xeyli dərəcədə çətinləşmişdir. Həmçinin, iddiaçıya məxsus nəqliyyat vasitəsi hələ də yararsız vəziyyətdə qalmaqda davam edir. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər "xxxx" tərəfindən ödənilməmişdir, bununla bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmış, lakin danışıqlar və pulun ödənməsi ilə bağlı sorğular bu günə qədər nəticəsiz qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Mercedes Benz 250” markalı, 10RB331 dövlət qeydiyyat nişanlı avtomobil X1 tərəfindən "xxxx" ASC-də sığortalanmışdır. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı “Ford Transit” markalı, 50CL075 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmə səlahiyyətini Tofiq Qurbanova etibar etmişdir. Sumqayıt DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan və eyni tarixli TP № ******* saylı inzibati təhbeh vermə haqqında qərardan görünür ki, X1 tərəfindən 20 avqust 2022-ci il tarixdə idarə etdiyi “Mercedes Benz 250” markalı, 10RB331 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi yörədilmiş, hadisə nəticəsində iddiaçıya məxsus “Ford Transit” markalı, 50CL075 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Yol nəqliyyat hadisəsində sürücü X1 təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən dəvət edilmiş müstəqil ekspert tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə” aktına əsasən, İddiaçı məxsus “Ford Transit” markalı, 50CL075 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 1015 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş: "xxxx" MMC tərəfindən tərtib edilmiş 23 nömrəli qüsur aktına əsasən, İddiaçı məxsus “Ford Transit” markalı, 50CL075 dövlət qeydiyyat nişanlı avtomobildə dəyişəcək ehtiyyat hissələrinin və görüləcək təmir işlərinin ümumi dəyəri 2631 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 1 nömrəli qüsur aktına əsasən, İddiaçı məxsus “Ford Transit” markalı, 50CL075 dövlət qeydiyyat nişanlı avtomobildə sıradan çıxan və yenisi ilə əvəz olunmalı ehtiyyat hissələrinin ümumi dəyəri 2720 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən, İddiaçı məxsus “Ford Transit” markalı, 50CL075 dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməsi vacib bilinən ehtiyyat hissələrinin və görülməli təmir işlərinin ümumi dəyəri 2685 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 4 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciəti əsasında Bank "xxxx"ya müraciət edərək Mülki Məcəllənin 925.3 və 927.2-ci maddələrinə əsasən iddiaçının ərizəsində qeyd edilən məsələnin tənzimlənməsi ilə əlaqədar əmlaka dəymiş zərərin miqdarı barədə əldə olunmuş razılığın, razılıq əldə olunmadığı təqdirdə isə müstəqil ekspertizanın keçirilməsi və keçirilmiş ekspertizanın nəticəsi barədə məlumatın 5 gün müddətində Mərkəzi banka və müraciət müəllifinə təqdim edilməsi tələb olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 933. Sığorta ödənişinin verilməsinin əsasları 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. Maddə 934. Sığorta ödənişinin verilməsi 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Maddə 15. Əmlaka dəyən zərər 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; 15.3.3. zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; 15.3.4. sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər. Maddə 18. Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/516 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı “Ford Transit” markalı, 50CL075 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə, təxminən, 1215 manat məbləğində müəyyən edilmişdir. Beləliklə tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən icbari sığorta növü üzrə sığortalanmış avtomobil tərəfindən törədilmiş yol nəqliyyat nəticəsində, yəni baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi, cavabdeh sığorta şirkəti ilə dəymiş zərərin məbləği barədə iddiaçı arasında razılıq əldə olunmaması, cavabdeh sığorta şirkəti tərəfindən dəymiş zərərin məbləğindən az miqdarda sığorta ödənişinin iddiaçıya təklif olunması, bunun nəticəsində iddiaçının məcbur olaraq digər mütəxəssislərə – servis şirkətlərinə müraciət etməsi, avtomobili həmin servis şirkətlərinə daşınması üçün xidmət haqqı ödəməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla belə məhkəmə hesab edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tərəfindən müəyyən edilmiş zərər məbləği nəzərə alınaraq iddia sığorta ödənişi tələbi hissəsində qismən təmin edilməli və cavabdehdən 1215 manat sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, daşıma xərci də məhkəmə tərəfindən qismən təmin olunmalıdır. Belə ki, iddiaçı 3 servisə daşıma xərci olaraq cəmi 200 manat daşıma xərcini tələb edir. Məhkəmə hesab edir ki, orta məbləğ - 70 manat daşıma xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə təqdim olunmuş sübutlardan müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verib xx.xx.2022-ci il tarixdə, inzibati tənbeh vermə haqqında qərar çıxarılıb xx.xx.2022-ci il tarixdə, iddiaçı cavabdehin təqsiri nəticəsində sığorta ödənişinin məbləği barədə cavabdehlə razılığa gəlmədiyindən iddiaçı özü xx.xx.2022-ci il tarixdə başqa servislərə müraciət edib. Yəni cavabdehin təqsirli hərəkətləri nətricəsində 7 iş günü müddətində iddiaçıya sığorta ödənişi ödənilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdən məhkəməyə iddia ərizəsi verilənədək (xx.xx.2022-ci il tarix) olan müddət üçün ekspert tərəfindən müəyyən edilmiş zərərin məbləğinin 0,1 % (1215 x 0,1%) x 2ay 1 gün) 74,12 manat dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 51 manat dövlət rüsumunun 22,44 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. O cümlədən, ekspertiza tədqiqatının dəyəri olan 50 manat xərcin 28 manatı iddiaçıdan, 22 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 1215 (min iki yüz on beş) manat dəymiş zərər, 70 (yetmiş) manat daşıma xərci, 74,12 (yetmiş dörd manat on iki qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 1359,12 (min üç yüz əlli doqquz manat on iki qəpik) manat məbləğində pul və 22,44 (iyirmi iki manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat xərcin 28 (iyirmi səkkiz) manatı İddiaçı, 22 (iyirmi iki) manatı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-374/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-374/2023
02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver