Məhkəmə qərarları › İş №2(004)-3759/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3759/2020

17.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3759/2020 17.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 məhkəməyə iddia tələbini qəbul etməsinə dair ərizə təqdim edərək, cavabdehin uşaqların saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat aliment ödəməyə razı olduğunu bildirmiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-416/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “uşağın bir valideyindən alınaraq digər valideyinin himayəsinə verilməsi tələbinə dair” iddia tələbi təmin edilmiş, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 analarından alınaraq ataları İddiaçı yanında qalmaları qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixl 2(103)-7337/2019 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixl qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7452/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixl 2(103)-7337/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. Belə ki, Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədə uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin ödənilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi barədə ərizədə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, iddia tələbinin etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin tutulma müddəti xx.xx.2020-ci il tarixdən hesablanmalı və alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia ərizəsi təmin edilsin. Cavabdeh, xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 ( bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti xx xxxx 2020-ci il tarixdən hesablansın. Aliment tutulması dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar