Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3760/2020 08.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 manat pulun İddiaçı1 xeyrinə, 600 manat pulun İddiaçı2 xeyrinə, həmçinin hər ay Cavabdeh əmək haqqının ¼ hissəsinin İddiaçı1 xeyrinə, ¼ hissəsinin isə İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, onların birgə nikahından Cavabdeh anadan olmuşdur. Hal-hazırda onlar yaşlanmışlar və artıq uzun müddətdir ki, onların yaşamaq üçün maddi yardıma və qayğıya ehtiyacları var. Əvvəllər oğlu Cavabdeh maddi xərclərinin ödənilməsində köməklik edir və bunun üçün onlara müəyyən pul vəsaiti verirdi. Cavabdeh 2019-cu ilin sonlarından onlardan ayrı yaşamağa başlamış və həmin vaxtdan da onlara etdiyi maddi yardımları dayandırmış, qayğıları ilə maraqlanmamış və onlara heç bir maddi köməklik göstərməmişlər. Dəfələrlə bu barədə ona bildirmiş, maddi ehtiyaclarımızın olduğunu və valideynləri olaraq ahıl və yaşlı ata-anasına köməklik göstərməsini ondan xahiş etmişlər. Lakin o, müxtəlif bəhanələrlə ödənişlərin edilməsindən yayınmışdır. Nəhayət 2020-ci ilin iyun ayının 6-da cavabdehlə alimentin ödənilməsi barədə notariat kontorunda saziş bağlamışlar. Bu sazişə əsasən Cavabdeh maddi yardım etmək məqsədi ilə hər ay bütün qazancının 1/4 hissəsini atası - İddiaçı1, 1/4 hissəsini isə anası - İddiaçı2 aliment olaraq ödəyəcəyini öhdəsinə götürmüşdür. Sazişin 2-ci bəndinə əsasən aliment ödənişlərinin hər ayın ilk 5 günü ərzində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin sazişin 3-cü bəndində göstərilmişdir ki, İddiaçı1 və İddiaçı2 daha əvvəldən Cavabdeh aliment tələbini nəzərə alaraq tərəflər razılaşır ki, Cavabdeh bu sazişin qüvvəyə mindiyi gündən etibarən 3 gün ərzində bu günədək ödənilməli olan aliment olaraq 600 manat İddiaçı1, 600 manat isə İddiaçı2 aliment ödəyəcək. Halbuki, sazişin 3-cü bəndində göstərilən müddət ərzində Cavabdeh yenə də öz öhdəliklərinə əməl etməmiş və nəzərdə tutulmuş pul məbləğini onlara ödəməmişdir. Odur ki, hal-hazırda o, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehin valideynləridir. İddiaçılar ahıl şəxslərdir və cavabdehin himayəsindədirlər. Cavabdeh valideynlərinin qayğıları ilə hazırda maraqlanmır. Tərəflər notariat qaydasında alimentin ödənilməsi ilə bağlı saziş imzalanmışdır. Lakin cavabdeh həmin sazişin şərtlərini yerinə yetirmədiyi üçün Ailə Məcəlləsinin 95.2-ci maddəsinə cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəliyin icra edilməsi üçün iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflər arasında alimentin ödənilməsi ilə bağlı saziş olduğundan iddiaçıların əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacının olub-olmaması araşdırılmamalıdır. Onlar müqavilədən irəli gələn öhdəliyin icra edilməməsi əsasından çıxış edərək və Ailə Məcəlləsinin 95-ci maddəsinə əsasında məhkəməyə müraciət etmişlər. Bunları nəzərə alaraq o, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli, alimentin ödənilməsi barədə Sazişdən görünür ki, müqavilə iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh arasında bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh öhdəsinə götürür ki, o, maddi yardım etmək məqsədi ilə hər ay bütün qazancının ¼ hissəsini atası - İddiaçı1, 1/4 hissəsini isə anası - İddiaçı2 aliment olaraq ödəyəcək. Aliment ödənişləri hər ayın ilk 5 günü ərzində Cavabdeh tərəfindən həyata keçiriləcək. İddiaçı1 və İddiaçı2 daha əvvədən Cavabdeh aliment tələbini nəzərə alaraq tərəflər razılaşır ki, Cavabdeh bu saziş qüvvəyə mindiyi gündən etibarən 3 (üç) gün ərzində bu günədək ödənilməli olan aliment olaraq 600 manat İddiaçı1, 600 manat İddiaçı2 aliment ödəyəcək. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar. Həmin Məcəllənin 94.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə sazişin qanunla müəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquqi əqdlərin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması barədə normaları tətbiq olunur. Həmin Məcəllənin 95.4-cü maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Bundan əlavə “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.3-cü maddəsinə əsasən alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər icra sənədi hesab edilir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar məhz maddi yardıma ehtiyacı olan, həmçinin əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Lakin iş materiallarını araşdırarkən müəyyən edildi ki, iş materiallarında iddiaçıların yaşını və şəxsiyyətini müəyyən etmək üçün nə şəxsiyyət vəsiqəsi, nə də onların həqiqətən də əmək qabiliyyətinin olub-olmamasını müəyyən etmək üçün hər hansı bir sənəd təqdim edilməmiş və bu barədə məhkəməyə məlumat verilməmişdir. Bundan əlavə ailə qanunvericliyinin tələblərindən də göründüyü kimi, maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlardan aliment o zaman tutulur ki, onların arasında alimentin ödənilməsi barədə saziş olmasın. İş materialları ilə təsdiq edilir ki, xx xxxx 2020-ci il tarixdə tərəflər arasında alimentin ödənilməsi barədə notarial qaydada saziş bağlanmışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, qanunvericliyin tələbindən də aydın görünür ki, alimentin ödənilməsi barədə notarial qaydada bağlanmış saziş artıq icra sənədi hesab olunur. İddiaçının nümayəndəsinin istinad etdiyi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 95-ci maddəsi isə tərəflər arasında alimentin ödənilməsi barədə artıq bağlanmış sazişin dəyişdirilməsi və pozulması ilə bağlı məhkəməyə müraciət etmək hüququnu təsbit edir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir və Yasamal Rayon Məhkəməsinin 2(004)- 3760/2020 saylı, xx.xx.2020-ci il tarixli müvəqqəti alimentin tutulması barədə qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3760/2020 saylı, xx.xx.2020-ci il tarixli müvəqqəti alimentin tutulması barədə qərardadı ləğv edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3760/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3760/2020
08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver