Məhkəmə qərarları › İş №2(004)-3814/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3814/2022

24.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3814/2022 24.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit məbləğdə aliment və əlavə xərclərdə iştirak etmə” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit məbləğdə aliment və əlavə xərclərdə iştirak etmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahdan doğulmuş 28 sentyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması, uşağın sağlamlığı ilə bağlı indiyədək çəkilən və bundan sonra çəkiləcək xərclərin cavabdeh tərəfindən qarşılanması və uşaq 3 yaşına çatanadək anaya uşağa qulluğa görə müavinət təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 27 dekabr 2019-cu il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan 28 sentyabr 2020-ci il tarixdə X2 doğulmuşdur. Birgə nikahdan olan X2 2 aylığından etibarən sadəcə onun himayəsindədir və cavabdeh həmin vaxtdan uşaqla maraqlanmır və onun saxlanması üçün heç bir maddi kömək göstərməmişdir. Qeyd edir ki, övladı doğulandan səhhətində problem yaranmış və Cavabdeh uşağın sağlamlığı ilə bağlı nə maddi, nə də mənəvi heç bir köməklik göstərməmişdir. Övladının sağlamlığı üçün çəkilən xərclərin hər birini çətinliklə də, olsa özü qarşılamış, lakin artıq maddi durumu buna imkan vermir. Göstərilənlərə əsasən iddiaçı 28 sentyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, uşağın sağlamlığı ilə bağlı indiyədək çəkilən və bundan sonra çəkiləcək xərclərin cavabdeh tərəfindən qarşılanması və uşaq 3 yaşına çatanadək anaya uşağa qulluğa görə müavinət təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, uzun müddətdir ki, cavabdehlə faktiki olaraq ayrı yaşayır, lakin nikah pozulmamışdır, hazırda da nikahın pozulması ilə bağlı tələbi yoxdur. Cavabdehin rəsmi iş yeri yoxdur. Həmçinin faktiki ayrı yaşadıqları müddət ərzində cavabdeh birgə nikahlarından olan övladı ilə maraqlanmamış və onun saxlanılmasında köməklik göstərməmişdir. Hazırda övladının saxlanılmasında maddi cəhətdən çətinlik çəkir və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddia tələbinin əlavə xərclər olan hissədə əsassızdır və bununla bağlı sübutlar təqdim edilməmişdir. Həmçinin müavinət tutulması hissəsində tələb qeyri-müəyyən olduğundan rədd edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmışdır və bu barədə akt qeydləri kitabında həmin tarixdə 4657 nömrəsi ilə qeydiyyat aparılmışdır. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 28 sentyabr 2020-ci il təvəllüdlü X2 adlı övladı vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 2019-cu il tarixdə nikaha daxil olmaqla ailə qurmuşlar. Nikahdan 28 sentyabr 2020-ci il təvəllüdlü X2 adlı bir övladları doğulmuşdur. Aralarında olan nikah pozulmamışdır, lakin bir müddətdir tərəflər faktiki olaraq ayrı yaşayırlar. Hazırda iddiaçı övladının saxlanması üçün aliment tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də məhkəmə hesab edir ki, 28 sentyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, “Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatlardan müəyyən edilir ki, Cavabdeh iş yeri və ya hər hansı gəlir məlumatları aşkar edilmir. Eləcə də, iddiaçı tərəfindən məhkəməyə cavabdehin gəlirləri barədə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin iddia tələbinin uşağın sağlamlığı ilə bağlı indiyədək çəkilən və bundan sonra çəkiləcək xərclərin cavabdeh tərəfindən qarşılanması və uşaq 3 yaşına çatanadək anaya uşağa qulluğa görə müavinət təyin edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı uşağın xəstəliyini təsdiq edən hər hansı sübut məhkəyəmə təqdim etməmişdir. İddia tələbi digər hissədə qeyri-müəyyən olmaqla iddiaçı tərəfindən məhkəmə baxışında dəqiqləşdirilməmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 28 sentyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulması 29 iyun 2022-ci il tarixdən hesablanmalı və dərhal icra edilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 29 iyun 2022-ci il tarixdən başlayaraq 28 sentyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək onun saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar