Məhkəmə qərarları › İş №2(004)-3840/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3840/2021

24.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3840/2021 24.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 üçün o, yetkinlik yaşına çatana qədər hər ay 175 manat sabir pul məbləğində alimentin tutulması və uşaq 3 yaşına çatanadək cavabdehin ona 100 manat məbləğində aliment ödəməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 20 iyun 2019-cu il tarixdə 3 saylı Bakı ASAN xidmət X2 nikah bağlamışdır. Birgə nikahdan uşaqları 21 oktyabr 2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. 2021-ci ilin mart ayından anasıgildə qalır. Cavabdeh əvvəl uşağın saxlanılması üçün maddi köməklik etsə də, hazırda uşağın ehtiyyaclarına heç bir köməklik etmir. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, baxış iclasının onun iştirakı olmadan keçirilib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri 3 saylı Bakı ASAN xidmət X3 tərəfindən 20.06.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 344732 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 20 iyun 2019-cu il tarixdə 1995 nömrəli akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Məmmədli”, arvada “Mehdiyeva” soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli, AZ-İV 523580 saylı döğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 21.10.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 12 noyabr 2020-ci il tarixdə 7169 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci və 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin (ərdən) aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərindən 21 oktyabr 2020-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Birgə nikahdan anadan olmuş övladı isə İddiaçı himayəsindədir. Göründüyü kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində hansı hallarda alimentin miqdarının məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməsi təsbit edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ailmentin cavabdehdən sabit pul məbləgində tutulmalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddianın 21 oktyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması hissəsi təmin olunmalı, 21 oktyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulması iddiaçı tərəfindən bu barədə məhkəməyə ərizə verildiyi, yəni 24 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, iddianın uşağın 3 yaşına kimi cavabdehdən 100 (bir yüz) manat alimentin tutulması hissəsi qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə uşaq 3 yaşına çatana kimi 50 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21 oktyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. 21 oktyabr 2020-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək, yəni 21 oktyabr 2023-cü il tarixədək Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentlərin tutulma vaxtı 24 may 2021-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin olunmasın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar