Məhkəmə qərarları › İş №2(004)-3875/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3875/2024

24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3875/2024 24.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 iyul 2008-ci il təvəllüdlü X2 və 20 oktyabr 2011-ci il təvəllüdlü X1 üçün ataları Cavabdeh ümumilikdə 470 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1556/2023 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 20 oktyabr 2007-ci il tarixdə Rusiya Federasiyası Volqoqrad Vilayəti Voljski şəhər 2 nömrəli VVAQ şöbəsində 993 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 12 iyul 2008-ci il təvəllüdlü X2 və 20 oktyabr 2011-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. Hər iki uşağın ehtiyacları ilə bağlı bütün xərcləri özü çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1556/2023 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 20 oktyabr 2007-ci il tarixdə Rusiya Federasiyası Volqoqrad Vilayəti Voljski şəhər 2 nömrəli VVAQ şöbəsində 993 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 12 iyul 2008-ci il təvəllüdlü X2 və 20 oktyabr 2011-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılmaları qət edilmişdir Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında nikah Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1556/2023 saylı qətnaməsinə əsasən pozulmuş və 12 iyul 2008-ci il təvəllüdlü X2 və 20 oktyabr 2011-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. Hər iki uşağın ehtiyacları ilə bağlı bütün xərcləri iddiaçı özü çəkir. Ataları isə uşaqlarının saxlanılmasına maddi yardım göstərmir. Məhkəmə qeyd edir ki, sabit pul məbləğində alimentin tutulması tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 78.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqlarının saxlanması üçün tutulan sabit pul məbləğində alimentin miqdarının hər ay hər uşağa 235 manat müəyyən edilməsi ağlabatandır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilərək 12 iyul 2008-ci il təvəllüdlü X2 və 20 oktyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 12 iyul 2008-ci il təvəllüdlü X2 və 20 oktyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar