Məhkəmə qərarları › İş №2(004)-3895/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3895/2023

25.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3895/2023 25.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirənin alınması üçün onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsini və cavabdehin hesabına ödədiyi 20 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən kontakt home mağazasından 399 manat dəyərində olan “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirəni 3 ay müddətində hissə-hissə ödənilməsi şərti ilə nisyə almışdır və 20 manat rüsum ödəmişdir. xx.xx.2023-cü il tarixdə çörək bişirəni gətirib ona təhvil vermişlər. O, çörək bişirəni cərəyana qoşmuş, proqramını işlədə bilməmişdir və içərisindən yanıq iyi gəldiyinə görə xx.xx.2023cü il tarixdə çörək bişirəni aparıb mağazaya qaytarmışdır. Mağazada ona bildirmişlər ki, 15 gün ərzində malı yoxlayıb cavab verəcəklər. 15 gün ərzində mağaza malı ona qaytarmamışdır. Bu səbəbdən o, özünə başqa yerdən çörək bişirən almışdır. Çünki o, şəkərli diabet xəstəsdir və evdə bişmə çörəklə qidalanır. Cavabdeh xx.xx.2023-cü il tarixli bildiriş göndərmiş və qeyd etmişdir ki, mal qiymətləndirilmiş və 170 manat onun borcundan çıxılacaq, qalan 230 manat borcu ondan tələb edir. O, malı geri cavabdehə geri qaytardığına görə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən kontakt home mağazasından 399 manat dəyərində olan “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirəni 3 ay müddətində hissə-hissə ödənilməsi şərti ilə İddiaçı nisyə satmışdır. xx.xx.2023-cü il tarixdə çörək bişirəni İddiaçı təhvil vermişlər. İddiaçı aldığı çörək bişirən aparatı işlədə bilmədiyini və aparatın naqilini cərəyana taxanda iy gəldiyini bildirərək, xx.xx.2023-cü il tarixdə mağazaya geri qaytarmışdır. Müştərinin məhsuldan iy gəlməsi iradı səbəbi ilə məhsulda qüsurun olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə texniki yoxlanışa göndərilmiş və məhsul “X2”nə yəni, məhsulun rəsmi servis mərkəzində müayinə edilmişdir. “X2”nin xx.xx.2023-cü il tarixli MT-23-1286 nömrəli texniki rəyinə əsasən məhsula texniki baxış keçirilmiş, spiralın qızma dərəcəsinin normal olması, daxilindən hər hansı bir qeyri-adi qoxu aşkarlanmadığı və məhsulun tam qaydasında olduğu müəyyən edilmişdir. Müştəri istifadə edilmiş və qüsuru olmayan malı təhvil almaq istəməmiş, bu səbəbdən müştəriyə mövcud əmtəə görünüşü qiymətləndirilməklə bildiriş göndərilmişdir. Qiymətləndirilmə məbləği müştəri razı olduğu halda borcundan çıxıla bilər, razı deyilsə müştəri məhsulu təhvil alıb istifadəyə davam edə bilər. Müştərinin iddia etdiyi kimi əsassız qiymətləndirmə edilib mal qaytarılmamış və ondan pul tələb edilməmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, müştəri malı özü seçmiş (malın forması, ölçüsü, fasonu, rəngini mağazada müşahidə etməklə ona bəlli olmaqla seçilmişdir) seçilən mal barəsində (onun istifadə qaydaları xüsusiyyətləri, təyinatı və s) mağazanın əməkdaşları tərəfindən ətraflı məlumat verilmiş, suallar cavablandırılmışdır. Yəni, müştərinin ona lazımi keyfiyyətli olmayan malın satılması barədə bildirdikləri tam şəkildə yalandır. Həmçinin qanunda göstərilən 14 günlük müddət də müştəri tərəfindən qəsdən ölürülmüşdür. Belə ki, məhsul servis müayinəsindən gəldikdən sonra müştəri tərəfindən həmin məhsul qəsdən geri təhvil alınmamış, məhsulu götürməkdən imtina etmiş, bu müddət ərzində iddia ərizəsi ilə müraciət edilməmiş və qanunla nəzərdə tutulmuş 14 günlük müddət qəsdən ötürülmüşdür. Beləliklə, X1 rəyini rəhbər tutub nəzərə alsaq ki, məhsul keyfiyyətlidi və bu zaman məhsulun geri qaytarılmasının mümkün olması üçün məhsulun əmtəə görünüşü, istehlak xassələri, plonıbu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri mövcud olduğu halda dəyişdirilməsi mümkündür. İddia ərizəsindən isə görünür ki, məhsul müştəri tərəfindən istifadə olunub. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Kontakt Home mağazasından 399 manat dəyərində olan “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirəni 3 ay müddətində hissə-hissə ödənilməsi şərti ilə İddiaçı nisyə satmışdır. Cavabdeh MMC xx.xx.2023-cü il tarixdə çörək bişirəni İddiaçı təhvil vermişdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 570.1.1-ci maddəsinə əsasən müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən nisyə aldığı “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirəni xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə məxsus olan Kontakt Home mağazasına qaytarmışdır. Aktda çörək bişirənin istifadə olunduğu, içərisindən qoxu gəldiyi və yanlarında cızıqlar var iç tərəfindən. Yaxşı bişirmədiyi qeyd edilmişdir. “Panasonic” servis mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli MT-23-1286 nömrəli texniki rəydən görünür ki, “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirən xx.xx.2023-cü il tarixdə sevisə verilmiş, sifarişçi yanıq qoxusu olduğunu bildirmişdir. Mal xx.xx.2023-cü il tarixdə alınmışdır, malın sahibi İddiaçıdur. Servis mərkəzinin rəyi: Texniki baxış keçirildi. Cihaz yoxlanıldı, spiralın qızma dərəcəsi normaldır. Cihazın daxilindən heç bir qeyri-adi qoxu aşkarlanmadı. Tam qaydasındadır. Mülki Məcəllənin 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Mülki Məcəllənin 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququna malikdir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 26-cı maddəsinə əsasən İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Satıcı müqavilənin predmetini təşkil edən çörək bişirəni alıcıya xx.xx.2023-cü il tarixdə təhvil vermiş, alıcı xx.xx.2023cü il tarixdə əşyanı geri qaytarmışdır. Satıcı əşyanı xx.xx.2023-cü il tarixdə təhvil almış, xx.xx.2023cü il tarixdə yoxlanması üçün texniki servisə vermişdir. Texniki servisin xx.xx.2023-cü il tarixli rəyi ilə əşyanın saz vəziyyətdə olduğu və heç bir problemi olmadığı təsdiq edilmişdir. Alıcı əşyadan təyinatı üzrə istifadə edə bilmədiyinə və cərəyana qoşanda iy gəldiyinə görə əşyanı yoxlanması üçün satıcıya təhvil vermişdir. Satıcı əşyanı xx.xx.2023-cü il tarixdə təhvil aldıqdan sonra 14 gün ərzində alıcıya qaytarmadığına görə alıcının həmin əşyaya olan marağı itmişdir. Satıcı xx.xx.2023cü il tarixdə alıcıya məktub ünvanlamaqla, məhsulun nasaz olmadığı barədə məlumat vermişdir. Məhsulun dəyərinin qiymətləndirilməsi yolu ilə geri qaytarılmasını təklif etmişdir. Alıcı aldığı məhsulu istifadə etmədiyi və aldığı günün növbəti günü əşyanı olduğu kimi satıcıya qaytardığına görə, müqaviləni ləğv etmək istəmişdir. Lakin satıcı müqaviləni ləğv etmək istəmədiyi üçün alıcı haqlı olaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirənin alınması üçün İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilməlidir. İddia tələbi ödədiyi 20 manat pulun geri qaytarılması hissəsində rədd edilməlidir. Çünki, iddiaçı 20 manat pul ödəməsini təsdiq edən kassa mədaxil qəbzini məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Panasonic SD-2510WTS” modelli, **********801 seriya nömrəli çörək bişirənin alınması üçün İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. İddia tələbi ödədiyi 20 manat pulun geri qaytarılması hissəsində rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar