Məhkəmə qərarları › İş №2(004)-3897/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3897/2021

24.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3897/2021 24.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tutularaq 01.01.2021-ci il tarixindən başlayaraq 21 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancdan və ya başqa gəlirdən hər ay 700 manat sabit aliment pulu tutularaq Rüstəmova (Həmidova) Nərgiz Rüstəm qızının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, Cavabdeh ilə 07 iyun 2009cu il tarixində rəsmi nikah bağlayaraq ailə qurmuşdurlar. Toydan sonra tərəflər cavabdehin valideyinlərinə məxsus Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, 113/117 evin 25 nömrəli mənzildə mənzildə yaşamışdırlar. Nikahdan 21.11.2011-ci il təvəllüdlü qızı X3 doğulmuşdur. Bakı Yasamal Rayon Məhkəməsinin 2(004)-4883/2012 saylı, 24.08.2012-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. Cavabdeh 31.07.2012-ci il tarixdən başlayaraq hər ay 21.11.2011-ci il təvəllüdlü qızı X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment pulu tutularaq iddiaçı Həmidova (Rüstəmova) Nərgiz Rüstəm qızının xeyrinə ödəməli idi. 31.07.2012-ci il tarixdən başlayaraq cavabdehin maaşından 1/4 hissəsi tutularaq əvvəl 400 manat sonra isə artırılaraq 890 manata kimi aliment pulu tələbkara 2021-ci ilin yanvar ayına kimi ödənilirdi. Lakin cavabdeh işdən azad olunduğundan və öz qardaşı ilə xüsusi şirkət qurduqdan sonra maaşını az yazdırdığına görə maaşın 1/4 hissəsi 160 manat aliment pulu təşkil edir və fevral ayında 160 manat ödənilmişdir. 2009-cu il tarixində tərəflər cavabdehin valideyinlərinə məxsus Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 113/117 evin 25 nömrəli mənzildə ailə qurub 2012-ci ilə kimi həmin mənzildə yaşamasına baxmayaraq, nikah pozulduqdan sonra iddiaçı həmin mənzildə onun və uşağın yaşayış hüququnun tanınmasına dair tələb irəli sürməmişdir. Bugünkü gündə də cavabdeh həmin mənzili üçüncü şəxslərə icarəyə verir və bunun hesabına əlavə gəlir əldə edir. Öz övladını yaşayış sahəsi ilə təmin etmədən ata kimi təkçə alimenti ödəməklə, alimentin məbləğini azaldaraq həmin ödənişlərdən yayınmaq niyyətini gizlətmir. Cavabdeh həmin mənzili üçüncü şəxslərə icarəyə verərək öz övladının kirayədə qalmasına etiraz etmir. 160 manat aliment pulu verməklə cavabdeh hesab edir ki, öz atalıq borcunu yerinə yetirir. Belə olan halda uşağın yetkinlik yaşəna çatana qədər cavabdehdən 160 manat aldığı maaşdan tutulması, nikah dövründə uşağın yaşadığı səviyyədə saxlanılması və onun maddi və mənəvi tələbatların təmin edilməsi üçün yetərli deyil və övladın tələbatını təmin etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, işləyir. Uşağının məktəbi Ağ şəhərə köçəcək, o isə Elmlər Akademiyasında yaşayır. Uşağı məktəbə aparıb gətirmək əlavə xərc tələb edir. Bütün bunları isə 160 manata etmək mümkün deyildir. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, cavabdeh qardaşının şirkətində işləyir və ona orada formal maaş yazılır. Lakin həmin şirkət fəaliyyət göstərmir. Ödənilən aliment uşağın saxlanmasına kifayət etmir. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X3 21.11.2011ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-4883/2012 saylı, 24.08.2012-ci il tarixli qətnaməsindən görünür ki, 21.11.2011-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması 31.07.2012-ci ildən başlayaraq Cavabdeh bütün növ qazancının (başqa gəlirlərinin) hər ay dörd bir hissəsi miqdarında alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Beləlikə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4883/2012 saylı, 24.08.2012-ci il tarixli qətnaməsinə əsasən 21.11.2011-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması 31.07.2012ci ildən başlayaraq Cavabdeh bütün növ qazancının (başqa gəlirlərinin) hər ay dörd bir hissəsi miqdarında alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Lakin Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş aliment məbləği uşaqların saxlanması, onların artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Uşağın tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin olunmalı, 21 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh 21 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. 21 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 21 noyabr 2011-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar