Məhkəmə qərarları › İş №2(004)-3911/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3911/2022

10.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3911/2022 10.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyət olan əmlakın açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin paylara mütənasib bölünməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyət olan əmlakın açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin paylara mütənasib bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə onun paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 39 saylı mənzilin açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin ½ hissəsinin Cavabdeh, ½ hissəsinin isə İddiaçı verilməsi, mediasiya təşikatına ödənilən 50 manat və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, cavabdehlə onun payına mütənasib olaraq kompensasiyanın ödənilməsi ilə bağlı razılaşmağa çalışmış, lakin razılığa gələ bilməmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Hazırki iddia ərizəsindən görünür ki, iddiaçı iddia tələbində cavabdehlə paylı mülkiyyətdə olan əmlakdan payının naturada ayrılması tələbini irəli sürməmiş, naturada bölgü mümkün olmadığı təqdirdə payının dəyərinin ona ödənilməsi təklifi ilə cavabdehə bildiriş göndərilməmişdir. Qanunvericiliyə əsasən yalnız bu qaydalara əməl edildikdən sonra paylı mülkiyyətçi əmlakın hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin paylara uyğun olaraq onunla cavabdeh arasında bölünməsini tələb edə bilər. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı öz payının naturada ayrılması şərtləri və üsulu, bu mümkün olmazsa payının dəyərinin ona ödənilməsi təklifi ilə cavabdehə bildiriş göndərilməsinə və həmin bildirişin cavabdeh tərəfindən alınmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin iddiaçı hazırki mübahisə bağlı mediasiyaya müraciət etməmiş və ya müraciət etdiyini təsdiq edən sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş mediasiya arayışdan görünür ki, həmin mediasiya prosesində tərəflər arasında mübahisə predmeti olan əmlakla bağlı payların müəyyən edilməsi ilə bağlı məsələ müzakirə edilmişdir. Lakin həmin mediasiya prosesində əmlakın hərracdan satılması ilə bağlı mübahisə müzakirə edilməmişdir. Buna dair cavabdehə mediasiya təklifi verilməmişdir. İddiaçı isə cavabdehə əmlakın satılması ilə bağlı təklif verməsini və aralarında buna dair razılığın əldə olunmamasını iddia etməsinə baxmayaraq məhkəməyə buna dair sübut təqdim edə bilməməmişdir. Halbuki, Azərbaycan Respublikası MM-nin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məcəllənin 220.4-ci maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göründüyü kimi, iddiaçı qanunla nəzərdə tutulmuş, cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məclləsinin 114.1.5-ci maddəsi ilə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 101 (bir yüz bir) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Beləliklə, iddia ərizəsi baxılmamış saxlanmalı və iddiaçıya izah edilməlidir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyət olan əmlakın açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin paylara mütənasib bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya iddianın baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 101 (bir yüz bir) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar