Məhkəmə qərarları › İş №2(004)-3915/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3915/2021

13.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3915/2021 13.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı X1, onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların nizamnamə kapitalında ikidə bir təsisçi payına mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların nizamnamə kapitalında ikidə bir təsisçi payına mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə 26.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikah dövründə öz adına əldə etdiyi "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin nizamnamə kapitalında 1/2 təsisçi payına onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, iddiaçı X5 və Cavabdeh 31.08.2002-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli 2(004)-6594/2018 saylı qətnaməsi ilə onların nikahı pozulmuşdur. Birgə nikah dövründə əldə olunan əmlakların bir qisminin 1/2 hissəsinə iddiaçının mülkiyyət hüququ məhkəmə qərarları əsasında tanınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsinin 29.11.2019-cu il tarixli arayışından məlum olur ki, Cavabdeh 04.02.2016-cı il tarixdən hal-hazıra kimi "xxxx" MMCnin təsisçisi, eyni zamanda 04.04.2018-ci il tarixdən hal-hazıradək direktorudur. 16.09.2003-cü il tarixdən hal-hazıradək "xxxx" MMC-nin təsisçisidir, 16.09.2003-cü il tarixdən 23.09.2018-ci il tarixədək direktoru olmuş, boşanma ərəfəsində öz əmri ilə direktor vəzifəsindən çıxaraq 01.10.2018-ci il tarixdə doğma qardaşı X7 direktor təyin etmişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan məlumdur ki, "xxxx" MMC-nin təsisçisi və direktoru 16.01.2017-ci il tarixdə qeydiyyata alındığı gündən hal-hazıradək Cavabdehdur. Hesab edir ki, birgə nikah dövründə keçmiş əri Cavabdeh tərəfindən təsis edilən və alqı-satqı yolu ilə alınan hüquqi şəxslərin təsisçilik payının ½ hissəsinə iddiaçının mülkiyyət hüququ tanınmalıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, nümayəndəsi və vəkili X6 izahatı ilə razı olduğunu bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir, lakin cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 21.12.2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin həqiqi halları və işdə olan rəsmi sənədlərlə təsdiq edildi ki, Cavabdeh və X5 31.08.2002-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Tərəflər arasındakı nikah 26.10.2018-ci il tarixdə pozulmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 İdarəsinin 29.11.2019-cu il tarixli **********767100 nömrəli və 02.07.2021-ci il tarixli **********853400 nömrəli məktublarından müəyyən edilir ki, Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 İdarəsində olan reyestrə əsasən Bakı şəhəri 51 saylı notariat ofisinin 28.01.2016-cı il tarixli ЗМ-75 saylı müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən 04.02.2016-cı il tarixdən hal-hazıradək "xxxx" MMC-nin təsisçisi Cavabdehdur. Cavabdeh Ümumi Yığıncağın 02.04.2018-ci il tarixli qərarı ilə 04.04.2018-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin direktorudur. "xxxx" MMC-nin dövlət qeydiyyatına alındığı tarixdən hal-hazıradək təsisçisi Cavabdehdur. Cəmiyyətin 16.09.2003-cü il tarixli əmrinə əsasən 01.10.2018-ci il tarixədək direktoru Cavabdeh olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 25.06.2021-ci il tarixli **********715000 nömrəli məktubundan müəyyən edilir ki, "xxxx" MMC-nin (VÖEN **********) 14.01.2017-ci il tarixdə təsisçi və rəhbəri Cavabdeh olmaqla qeydiyyata alınmışdır. Qeydiyyata alındığı tarixdən bugünə kimi rəhbər və təsisçi dəyişikliyi ilə bağlı müraciət daxil olmamışdır. Göründüyü kimi, "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) nizamnamə kapitalındakı 100 % təsisçi payı ər-arvadın birgə nikah dövründə qazanılmış vəsaiti hesabına alındığına görə tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlakı sayılır və onların təsisçi paylarında payları bərabər hesab edilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikah dövründə əldə etdikləri və Cavabdeh adına qeydiyyata alınmış "xxxx" MMCnin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) nizamnamə kapitalındakı 100 % təsisçi paylarının 1/2 hissələrinə iddiaçı X1 pay hüququ tanınmalı, həmin əmlakların təsisçi paylarının qalan 1/2 hissələri isə Cavabdeh mülkiyyətində saxlanılmalıdır. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362, 443.0.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikah dövründə əldə etdikləri və Cavabdeh adına qeydiyyata alınmış "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) nizamnamə kapitalındakı 100 % təsisçi paylarının 1/2 (ikidə bir) hissələrinə iddiaçı X1 pay hüququ tanınsın, həmin əmlakların təsisçi paylarının qalan 1/2 (ikidə bir) hissələri isə Cavabdeh mülkiyyətində saxlanılsın. Bu barədə müvafiq qeydiyyat aparılması və tərəflərə yeni çıxarış verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar