Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3927/2021 02.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 109431 manat əsas məbləğ, 32829 manat əldən çıxmış fayda və vurulmuş mənəvi ziyana görə 10.000 manat kompensasiyası olmaqla, cəmi 152.260 manat məbləğində pulun tulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 ilə 12.12.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından 17.02.2005-ci il təvəllüdlü Gülzar və 30.01.2009-cu il təvəllüdlü Mədinə adlı uşaqları vardır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.10.2011-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-136/2012 saylı, 21.02.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırda o. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Sabunçu Rayon Məhkəməsinin 05.03.2012-ci il tarixli, 2(008)- 339/2012 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay cəmi 174 manat məbləğində aliment tutulması qət edilmişdir. Mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi olmuş və həmin ev 2018-ci ildə dövlət ehtiyacları üçün satın alınma layihəsinin təsirinə düşmüşdür. Bu zaman cavabdehlə aralarında razılıq əldə olunmuşdur ki, qeyd olunan evin dövlət ehtiyacları üçün satın alınması ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması, müqaviləyə əsasən ödəniləcək pulun götürülməsi və həmin vəsaitin onun adına bank hesabı açılaraq həmin hesaba köçürülməsi ilə bağlı cavabdehə etibarnamə verir, sonuncu isə evin alqı-satqısından əldə ediləcək pul vəsaitindən aliment borcunu çıxdıqdan sonra qalan məbləği onun adına bank hesabı açaraq həmin hesaba köçürdəcəkdir, eyni zamanda keçmişdə, gələcəkdə və həmin vaxt mövcud olan ailment borclarını ondan tələb etməyəcəkdir. Hətta bu barədə Cavabdeh etibarnamə almaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisinin adına ünvanladığı və notarial qaydada təsdiq olunmuş 09.07.2018-ci il tarixli ərizəsində öhdəlik götürmüşdür. Bundan sonra, 09.10.2018-ci il tarixdə tərəfindən cavabdehə etibarnamə verilmişdir. Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 1 Müavininin 03.05.2021 -ci il tarixli, 814/01 №-li məktubuna və 01.11.2018-ci il tarixli AN-İ №0731334 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı verdiyi etibarnamə əsasında X3 ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında 01.11.2018ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və 109.431 manat məbləğində pul ödənilmişdir. Lakin cavabdeh ona çatası 109.431 manat pul vəsaitini alsa da, bugündək öhdəliyini icra etməmiş, pul vəsaitini ona verməmiş, eyni zamanda alimentdən imtina etməmişdir. Qeyd etmək istəyir ki, 2018-ci ildə (hansı ki həmin ildə cavabdeh pul vəsaitini almışdır) Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi müvafiq olaraq 9,75%, 10%, 11% və 13 % təşkil etmişdir. Hesab edir ki, cavabdeh qaytarmalı olduğu 109431 manat məbləğində pulu 3 il ərzində əsassız özündə saxlamaqla daha çox zərər vurmuşdur. Belə ki, cavabdeh 109431 manat məbləğində pulu onun adına depozit hesabı açdıraraq əmanət qoymağına dir öhdəlik götürmüşdür və Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoyduğu halda, artıq 3 il müddət ərzində minimum 10 % olmaqla həmin məbləğdən (109431 10% = 10943 x 3 il = 32829 manat) 32.829 manat gəlir əldə edəcəkdi. Cavabdeh bu qanunsuz hərəkətləri ilə onu əldə edə biləcəyi gəlirdən məhrum etmişdir. Cavabdehin öhdəliklərini pozması onun mənəvi iztirablar keçirməsinə səbəb olmuş və nəticədə güclü mənəvi sarsıntı keçirmişdir. Belə ki, cavabdeh dəfələrlə pulu qaytaracağına söz versə də, hər dəfəsində onu aldatmış və müxtəlif bəhanələrlə pul vəsaitini ödəməkdən boyun qaçırmışdır. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanı 10.000 manat məbləğində qiymətləndirir və hesab edir ki, həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 idda ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, cavabdeh tərəfində mənzil alınıb, lakin iddiaçı tərəfində cavabdehə etibarnamə verilmədiyi üçün mənzili öz adına almışdır.İstəyirsə cavabdeh öz adına aldığı mənzil iddiaçının adına keçirə bilər.Ona görədə məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 6, 14, 21, 359.3, 385.1, 386.1, 425 390.1, 1091 və 1092-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 12.12.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.10.2011-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Sabunçu Rayon Məhkəməsinin 05.03.2012-ci il tarixli, 2(008)-339/2012 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 17.02.2005-ci il təvəllüdlü X4 və 30.01.2009-cu il təvəllüdlü X1 analarının yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay cəmi 174 manat məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan 09.07.2018-ci il tarixli etibarnamədən görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən İddiaçı X2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar olaraq verilən məbləğin 50% hissəsinin bağışlanmasını, notariat kontorunda nümayəndəsi olmağı, əvəzindən razılıq ərizəsi yazmağı və digər hüquqi hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan X3 tərəfindən dliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi T.Yusifova ünvanlanmış 09.07.2018-ci il tarixli ərizənin məzmunundan müəyyən olunur ki, cavabdeh, iddiaçının mülkiyyətində olan ev söküldüyü üçün onun razılığı ilə verdiyi etibarnaməsinə əsasən əldə etdiyi məbləğin 50%-nə adına ev alacağına və ya bank hesabına keçirəcəyinə, qalan məbləğə iddiaçının istəyi ilə öz adına ev alacağına, ev aldıqdan sonra yaranmış bütün aliment borclarını tələb etməyəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavininin 03.05.2021-ci il tarixli, 814/01 saylı məktubuna və 01.11.2018-ci il tarixli AN-İ №0731334 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***- **** manat arasında qiymətləndirilir. ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı İddiaçı verdiyi etibarnamə əsasında X3 ilə Yasamal rayon İcra Hakimiyyəti arasında 01.11.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və 109431 manat kompensasiya ödənilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14.07.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “...mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir... mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.” Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Beləliklə, tərəflər arasında bağlanmış razılaşmanın şərtlərinə cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öhdəliklərini yerinə yetirməyən cavabdehdən razılaşmada nəzərdə tutulduğu kimi, əldə olunmuş məbləğin, yəni 109431 manatın yarısını təşkil edən 54716 manatı tələb etməkdə haqlıdır. Odur ki, cavabdehdən 54716 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməldir. Bununla yanaşı, iddia tələbi bank uçot dərəcəsini əsas götürməklə əldən çıxmış fayda qismində tələb olunan pulun ödənilməsi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi hissələrində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iddia tələbi həmin hissələrdə kifayət qədər əsaslandırılmamış və sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 54716 (əlli dörd min yeddi yüz on altı) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3927/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3927/2021
02.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver