Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3950/2023 03.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh “İcbari Sığorta Bürosu” HŞİ-yə qarşı “sığorta haqqının yenidən hesablanması və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh “İcbari Sığorta Bürosu” HŞİ-yə qarşı “sığorta haqqının yenidən hesablanması və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilərək cavabdeh İcbari Sığorta Bürosunun iddiaçının mülkiyyətində olan “Mersedes Benz ML 350” markalı, dövlət qeydiyyat nişanı ** BK *** və “Lexus” markalı, dövlət qeydiyyat nişanı ** MK *** olan nəqliyyat vasitələrinə hesablanmış bonus-malus əmsalları qanunsuz hesab edilərək silinməsi, sığorta haqqının yenidən hesablanması, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun və cavabdehin qanunsuz əməllərinə görə iddiaçıya dəymiş mənəvi zərərə görə 100 (bir yüz) manatın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan “Mersedes Benz ML 350” markalı, dövlət qeydiyyat nişanı 99BK101 olan nəqliyyat vasitəsini icbari sığorta edərkən sığorta haqqı olaraq cavabdeh ondan 450 (dörd yüz əlli) manat pul almışdır. Sığorta haqqının yüksək olmasından şübhələnərək iddiaçı bu barədə cavabdehə rəsmi müraciət etmişdir. Cavabdeh təşkilatın ona xx.xx.2023-cü il tarixli, **-VM-***2023 saylı cavab məktubunda Büronun informasiya sistemində axtarış zamanı iddiaçının adına olan avtonəqliyyat vasitəsinin xx.xx.2022ci il tarixdə sığorta hadisəsi törətdiyi və bu səbəbdən malus tətbiq edildiyi aşkarlandığı bildirilir. Həmçinin “İbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə istinad edilərək, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Cavabdeh təşkilatın iddiaçıya ünvanladığı cavab məktubunda göstərilir ki, hadisənin törədilməsi iddiaçının bonus-malus əmsalına təsir göstərmişdir. İddiaçı bildirir ki, mülkiyyətində olan başqa bir avtonəqliyyat vasitəsini (1999-cu il buraxılışlı “Lexus” markalı, dövlət qeydiyyat nişanı ** MK *** olan) icbari sığorta edərkən eyni qaydada bonu-malus əmsalı 3 hesablanmaqla, 304,39 (üç yüz dörd manat otuz doqquz qəpik) manat sığorta haqqı alınmışdır. İddiaçı İcbari Sığorta Bürosunun bu hərəkətlərini qanunsuz hesab edir. Belə ki, ona yazılmış cavab məktubunda istinad olunan “İcbari sığortalar haqqında” AR Qanununun 53.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. İddiaçının mülkiyyətində olan “Lexus ** MK ***” markalı avtonəqliyyat vasitəsilə sığorta hadisəsi törədilərkən həmin avtonəqliyyat vasitəsini özü idarə etməmişdir və inzibati xətanı törədən şəxs, etibarnamə ilə avtomobili idarə edən oğlu X2 məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda, iddiaçının mülkiyyətində olan və sığorta hadisəsi törətməmiş başqa avtonəqliyyat vasitəsinə də eyni əsaslarla bonus-malus əmsalının tətbiq edilməsinin absurd olduğunu və əməlin heç bir hüquqi əsası olmadığını qeyd etmişdir. Cavabdeh “İcbari Sığorta Bürosu” HŞİ-nin iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddiaçının Büroya qarşı tələbləri “İcbari sığortalar haqqında” AR Qanununun normalarına zidd olmaqla iddiaçı tərəfindən qanunvericiliyə düzgün istinad edilməmişdir. Belə ki sözügedən sığorta növü avtomobilin yox, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır. Sığorta müqaviləsi bağlanarkən bonusun və ya malusun hesablanmasını inzibati tənbehin ödənilib ödənilməməsi ilə hər hansı bir əlaqəsi yoxdur. İXM 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. “İcbari sığortalar haqqında” AR Qanununun 57.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Göstərilənlərə əsasən cavabdeh hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməli, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdə bağlanmış sığorta müqaviləsinə əsasən İddiaçı məxsus “Mersedes Benz ML 350” markalı, dövlət qeydiyyat nişanı ** BK *** olan nəqliyyat vasitəsinə 450 (dörd yüz əlli) manat yekun sığorta haqqı və 3 bonus-malus əmsalı hesablanmışdır. “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən İddiaçı ünvanlamış məktubunun surətindən görünür ki, iddiaçının Büroya daxil olmuş müraciətinə baxılmış, Büronun informasiya sistemində iddiaçının adına (FİN: xxxxxxx) rəsmiləşdirilmiş PAG********** nömrəli avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə sığorta hadisəsinin qeydə alındığı və bu səbəbdən malus tətbiq edildiyi aşkar edilmişdir. Hadisədə məsuliyyətə cəlb edilmiş avtonəqliyyat vasitəsinin sahibi törətmiş olduğu hadisə üzrə öz mülki məsuliyyətini cavabdehin bağladığı və sığortalı qismində çıxış etdiyi AVSMMİS müqaviləsi üzərindən həyata keçirərək (qanuni əsaslarla), iddiaçının bonus-malus əmsalına təsir göstərmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin (№**********) surətindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilmədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 34.2-ci maddəsinə əsasən Büro iştirakçı sığortaçıların bu Qanunla, həmçinin Mərkəzi Bankın qayda və təlimatları ilə müəyyən olunmuş tələblərə riayət etməməsi, habelə öhdəliklərini bu Qanuna və ya Büronun nizamnaməsinə uyğun yerinə yetirməməsinə dair ona məlum olan faktlar barədə Mərkəzi Banka məlumat verir. 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 53.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. 53.4-cü maddəsinə əsasən İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. 57.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mərkəzi Bankının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nın 1.2.1ci yarımbəndinə əsasən Bonus-Malus sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, İddiaçı mülkiyyətində olan “Lexus” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair icbari sığorta müqaviləsi bağlayaraq, sığorta haqqını ödəmiş, bununla da həmin avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyəti sığortalanmışdır. X2 26 dekabr 2022-ci il tarixdə həmin avtomaşını idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və üçüncü şəxslər qarşısında onun mülki məsuliyyətinə görə əmlak mənafeyi iddiaçının sığorta müqaviləsi ilə sığortalanmışdır. İddiaçının oğlu Ü.İddiaçı törətdiyi sığorta hadisəsi nəticəsində hesablanmış Malus əmlası sığorta müqaviləsinin tərəfi olan iddiaçıya münasibətdə tətbiq edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” HŞİ-yə qarşı “sığorta haqqının yenidən hesablanması və s.” tələblərinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3950/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3950/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver