Məhkəmə qərarları › İş №2(004)-4085/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4085/2021

15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4085/2021 15.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X5 və müdafiəçisi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “təhsil xərcinin ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “təhsil xərcinin ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təhsil haqqına görə 3600 manat, hüquqi yardıma görə 210 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 3840 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının doğma atasıdır və anası X13 arasında olan nikah Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli 2(004)-942/2017 saylı qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra 06.01.2007-ci il təvəllüdlü, iddiaçının bacısı X16 və iddiaçı analarının himayəsində saxlanmışlar. Həmin vaxt iddiaçının yetkinlik yaşına çatmasına 4 ay qalmışdır. İddiaçı 15.09.2016-cı il tarixdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə ödənişli əsaslarla daxil olmuşdur. İllik təhsil haqqı 1800 manat təşkil edir. İddiaçının səhhəti ilə bağlı təhsilində fasilələr yarandığına görə 5-ci təhsil ilinə saxlanılmışdır. Hazırda imtahan və zaçot borclarını ödəyir. Həmçinin, iddiaçının təhsil haqqından qalan borc ödənilmədiyi halda iddiaçıya ali təhsil diplomu təqdim edilməyəcək. İddiaçı qeyd etmişdir ki, valideynləri boşandıqdan sonra atası tərəfindən ona heç bir maddi yardım göstərilməmişdir. Çox çətin maddi vəziyyətdə bütün xərclər anası X6 öhdəsinə düşmüşdür. İddiaçı isə xəstəlik səbəbindən hazırda təhsillə bərabər hər hansı bir fiziki işdə işləyə bilmir. 2017-2018-ci tədris ilində iddiaçının təhsil haqqını ödəmək üçün anasının xalası qızı X1 1800 manat borc pul almışlar. Bu günə qədər həmin pulu qaytara bilmirlər. Borc verən isə borcunu istəyir. 2018-2019-cu tədris ilinin illik təhsil haqqını ödəmək üçün X14 borc almış, sonradan Bankdan kredit götürərək həmin borcu ödəmişdir. Daha sonra, 2019-2020-ci tədris ilinin illik təhsil haqqının 1000 manatı “Xəzər TV” telekanalında aparıcı Zaur Kamalın “5də5” verilişində müğənni Ülviyyə Namazova tərəfindən, qalan 800 manat isə iddiaçının X3 tərəfindən iddiaçının xalası X7 borc götürülərək ödənilmişdir. Alınmış borcları qismən də olsa ödəmək və gündəlik qidalarını təmin etmək üçün X14 2021-ci ilin aprel ayında bankdan yenidən kredit götürmüşdür. Ailədə bacısı da təhsil alır. Ona görə də, uşaqların bütün qayğısı X5 üzərinə düşür. Övladlarının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. İllik təhsil haqqı 1800 manat olmaqla, 4 il təhsil üçün ümumilikdə 7200 manat ödənilməlidir ki, həmin ödənişin yarısı iddiaçının atası, hazırda cavabdeh olan Cavabdeh tərəfindən əlavə xərclərdə iştirak payı kimi ödənilməlidir. Beləliklə, iddiaçının bu günə təhsil haqqı ödənişi üzrə X4 1800 manat, xalası X12 800 manat, banka 568 manat və Universitetə 900 manat, ümumlikdə 4068 manat borcları vardır ki, onun 3600 manatının cavabdeh tərəfindən ödənilməsi tələb olunur. Göstərilənlərə əsasən “atanın sair xərclərdə iştirakına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 08.06.2021-ci il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbini qəbul etmədiyini bildirmişdir. Qeyd etmişdir ki, keçmiş həyat yoldaşı X13 ilə 29.04.2021-ci il tarixdə notarial qaydada bağlanmış barışıq sazişinə əsasən tərəfin ailə üzvləri ilə birgə istifadə hüququna xitam verilməsinə görə 35000 manat və əlavə olaraq 15000 manat qızı X8 yetkinlik yaşına qədər hesablanmış, aliment məbləğindən 7376 manat artıq ödəniş edilmişdir. Əlavə olaraq İddiaçı təhsil xərcləri və mənzil məişət şəraitlərinin yaxşılaşdırılmadı səbəbi ilə 100000 manat hazırki sazişlə tərəflərə ödənilmişdir. Bu səbəbdən, eyni tərəflər hesab edilən və ümumilikdə artıq məbləğdə cavabdeh tərəfindən kompensasiya ödənildiyindən, cavabdeh hesab edir ki, hazırki iddia üzrə mülki işə xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi X14 və müdafiəçisi Vəkil izahatlarında iddia tələbini müdafiə etdiklərini bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İ-AZ №042322 nömrəli, 837 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, İddiaçı xx xxxxx 1999-cu il tarixdə anadan olmuşdur. X3, atası Cavabdehdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 27 may 2021-ci il tarixli arayışına əsasən müəyyən edillir ki, İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr Sənəti fakultəsinin Musiqili teatr aktyoru ixtisasına bakalavr səviyyəsinə əyani təhsilalma forması üzrə ödənişli əsaslarla 2016/2017-ci tədris ilində qəbul olunmuşdur. Müqaviləyə əsasən təhsil haqqı 1800 manatdır. Tələbənin oxuduğu müddətdə universitetə 900 manat təhsil haqqı borcu vardır. Eyni zamanda universitetin 01 iyun 2021-ci il tarixli arayışından görünür ki, iddiaçı tərəfindən 2016/2017-ci, 2017/2018-ci və 2018/2019-cu tədris ili üçün ödəniş tam şəkildə olunmuş, 2019/2020-ci tədris ili üçün isə illik təhsil haqqının yarısı ödənilmişdir. İş materiallarına əlavə edilmiş 06.04.2021-ci il tarixli, EC0097085-2021 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən müəyyən edilir ki, Kredit Evi QSC X9 60 ay müddətinə 1043 manat məbləğində pul verməyi öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən borclu 12 ay müddətinə, sonuncu ay 112,10 manat olmaqla, hər ay 111,60 manat ödəniş etmək şərti ilə 1043 manat məbləğində pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə 06.04.2021-ci il tarixli təhvil-təslim aktına əsasən **********683262 nömrəli plastik kart və **********683262 ŞEN zərf X14 tərəfindən təhvil alınmışdır. 27 may 2021-ci il tarixli, T-076 saylı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən təqdim edilmiş arayışa əsasən müəyyən edilir ki, İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsinin aktyor sənəti ixtisasının əyani şöbəsinin V kursunda oxuyur. 29 aprel 2021-ci il tarixli barışıq sazişinə əsasən görünür ki, tərəflər arasında ünvan 1 ünvanındaki evin “xxxx” MMC tərəfindən tikintisi zonasına düşməsi ilə əlaqədar sökülməsi ilə bağlı həmin ünvanda mülkiyyətində olan evin 4/28 hissəsinin razılaşma əsasında 210000 manata cəmiyyətə satış pulundan 100000 manatını 24 kv.metr yaşayış sahəsinin boşaldılıb “xxxx” MMC-nə təhvil verilməsi və 2007-ci ilin yanvar ayının 06-da anadan olmuş qızları X10 yetkinlik yaşına çatanadək, yəni 06 yanvar 2025-ci ilədək saxlanılması üçün ödəniləcək alimentdən və 7376 manat aliment borcundan imtina etməsi əvəzində X11 verilməsi barədə razılıq əldə olunmuşdur. 13.07.2021-ci il tarixli, 1442 nömrəli arayışa əsasən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda Tovuz rayonu, Aşağı Quşçu kəndində yaşayır və ailə tərkibi arvadı X18, ögey oğlu X15 və oğlu X2 ibarətdir. İş materiallarında olan fərdi məşğulluq vərəqindən görünür ki, Cavabdeh işaxtaran kimi qeydiyyatda olduğu müddət 833 gün, işsiz kimi qeydiyyatda olduğu müddət 571 gündür. 01 aprel 2014-cü il tarixdən 15 sentyabr 2014-cü il tarixədək “Renessans-El İnşaat MTK-da ixtisassız fəhlə, 16 sentyabr 2014-cü il tarixdən 10 oktyabr 2014-cü il tarixədək SMTS MMC-də armaturçu-betonçu, 12 may 2016-cı il tarixdən 08 avqust 2016cı il tarixədək “xxxx” MMC-də dəmirçi fəaliyyəti göstərmişdir. 1 saylı Bakı DOST Mərkəzi tərəfindən ünvanlanmış 15 iyul 2021-ci il tarixli, **********1 nömrəli məktuba əsasən müəyyən edilir ki, cavabdeh heç bir növ sosial müavinət, təqaüd və əmək pensiyası almır. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin X28 Hospitalı tərəfindən təqdim edilmiş xəstəxanadan buraxılış formasına əsasən görünür ki, Cavabdeh 21.06.2021-ci il tarixdə xəstəxanaya qəbul edilmişdir. Xəstəyə Covid-19, iki tərəfli viral pnevmoniya diaqnozu qoyulmuşdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır. Məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmamış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacı olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələt tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Lakin iş materiallarına əlavə edilmiş sübutlardan iddiaçının əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacı olması faktları öz təsdiqini tapmır. Eyni zamanda qeyd edilir ki, cavabdehin himayəsində yetkinlik yaşına çatmamış digər övladı vardır. Ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. İddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.1-ci maddəsinə görə, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında göstərildiyi kimi, “Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: - yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması; - onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “təhsil xərcinin ödənilməsi və sair” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “təhsil xərcinin ödənilməsi və sair” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar