Məhkəmə qərarları › İş №2(004)-4095/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4095/2022

22.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4095/2022 22.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə rəsmi nikahından anadan olan xx.xx.2008-ci il təvəllüdlü Nümayəndə Elşən oğlunun və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutlaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh 03 iyul 2007-ci il tarixdə Bakı şəhər Nikah evində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü Nümayəndə Elşən oğlu və xx.xx.2012-ci il təvəllüdlü X2 anadan olmuşlar, İddiaçı və Cavabdeh birgə övladlarının olmasına baxmayaraq, münasibətləri pozulmuş və iddiaçı nikahın pozulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-241/2022 saylı, xx.xx.2022-ci il tarixli qətənaməsi İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixli 1951 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü Nümayəndə Elşən oğlu və xx.xx.2012-ci təvəllüdlü X1 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Tərəflər arasında nikahın pozulması barədə mülki işə baxılması zamanı Cavabdeh, övladlarının maddi cəhətdən təmin edəcəyini vəd etdiyi üçün, iddiaçı aliment tələbi irəli sürməmişdir. Lakin, tərəflər arasında nikah pozulduqdan sonra, Cavabdeh verdiyi vədləri unutmuş, övladlarına qarşı laqeyd münasibət bəsləməyə başlamışdır. Cavabdeh hətta iddiaçı ilə birgə nikah dövründə birgə vəsait hesabına əldə olunmuş, ailəlikcə birgə yaşadıqları ünvan 1 ünvandakı mənzilə iddiaçını və övladlarını buraxmamışdır. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzdə işləyir və yüksək məvacib alır. Lakin buna baxmayaraq o, övladları ilə maraqlanmır, onların saxlanması üçün iddiaçıya nə maddi, nə də mənəvi dəstək göstərmir. Hesab edir ki, Cavabdeh övladları Bilal və İmranın saxlanmasında bir valideyn kimi iştirak etməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə izahatında iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İİ seriyalı 143734 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə Elşən oğlu xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 1616 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİİ seriyalı 006219 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 2690 nömrə ilə qeyd edilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-241/2022 saylı, xx.xx.2022-ci il tarixli qətənaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixli 1951 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü Nümayəndə Elşən oğlu və xx.xx.2012-ci təvəllüdlü X1 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ünvan 2 ünvanlanmış məktubdan görünür ki, daxili xidməy mayoru Cavabdeh həqiqətən xx.xx.2015-ci il tarixdən Bakı Regional Mərkəzində Operativ reaksiyavermə və əməliyyat planlaşdırma idarəsinin Operativ məlumat şöbəsində baş zabit vəzifəsində həqiqi hərbi xidmətdədir və gəlir vergisi tutulduqdan sonra, 1062,04 manat əmək haqqı alır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış Nümayəndə Elşən oğlunun və X1 valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar İddiaçı yanında qaldığından, uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən iki uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur (maddə 76.1.2). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin faktiki nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlarının hal-hazırda anasının himayəsində olması, onların saxlanılması üçün vəsait tələb olunduğu, uşaqların mənafeləri və cavabdehin müntəzəm qazancının olması nəzərə alınaraq, cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 14 iyul 2022-ci il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 29 may 2008-ci il təvəllüdlü Nümayəndə Elşən oğlunun və 15 dekabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 14 iyul 2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar