Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4209/2022 28.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, Kreditor MMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor MMC məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 4.760 manat məbləğində əsas borcun, müqavilə üzrə hesablanmış 1.000 manat faiz borcunun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.1-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Məcəllənin 278.1-ci maddəsinə əsasən məhkəməyə ərizə yazılı formada verilir. 278.2-ci maddəyə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 278.2.1. ərizənin verildiyi məhkəmənin adı; 278.2.2. kreditor haqqında məlumatlar: soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin və ya VÖEN nömrəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 278.2.3. borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin və ya VÖEN nömrəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 278.2.4. kreditorun tələbi və onun əsaslandığı hallar; 278.2.5. tələbin əsaslığını təsdiq edən sənədlər; 278.2.6. əlavə edilən sənədlərin siyahısı. Məcəllənin 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2). Hazırda məhkəməyə təqdim edilmiş ərizənin məzmunundan müəyyən edilir ki, iş üzrə Borclu Kreditor MMC ilə müddət 18 ay olmaqla 09 mart 2020-ci il tarixli AERK4610429 nömrəli kredit müqaviləsi bağlamışdır və borclunun hazırda həmin müqavilə üzrə 4760 manat əsas borcu və 1000 manat faiz borcu yaranmışdır. Lakin ərizəyə tələbin əsası kimi sübut olaraq təqdim edilmiş borc müqaviləsindən görünür ki, onun imzalanma tarixi göstərilməmiş, həmçinin müqavilənin məzmununda borclu tərəfindən kredit olaraq hər hansı pul məbləğinin deyil Kreditor MMC-nin tərkibində fəaliyyət göstərən “Mondi” mebel mağazasından kredit yolu ilə mebel alınması göstərilmişdir. Göründüyü kimi, həmin müqavilə borc müqaviləsi mahiyyətində deyil, nisyə alqı-satqı müqaviləsi mahiyyətində olmuş, bundan başqa tarix göstərilmədiyindən öhdəliyin hansı tarixdən başlanması müəyyən etmək mümkün deyildir. Göstərilənlərlə yanaşı, məhkəməyə borclunun aylar üzrə ödənişini təsdiq edən hesabdan çıxarış təqdim edilmədiyindən, onun müqavilə üzrə nə qədər borcunun olmasını müəyyən etmək mümkün deyildir. Məhkəməyə ərizədə göstərilən tələb dair sübutlar təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizənin məzmunu düzgün əsaslandırılmamaqla qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna riayət edilmədiyindən məhkəmə əmri verilməsinə dair ərizə Mülki Prosessual Məcəllənin 281-ci maddəsinin tələblərinə əsasən göstərilən məzmunda verilmədiyindən ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu da geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, hazırda məhkəmə əmrinin verilməsinə dair ərizə məhkəmə tərəfindən geri qaytarıldığına görə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 276, 280 və 284-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Kreditor MMC-nin cavabdeh Borclu qarşı borc tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-4209/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4209/2022
28.07.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver