Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-422/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçının, Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək haqqına əlavənin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmək haqqına əlavənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin mart ayının 27-dən hazırki vaxtadək aldığı əmək haqqının 25 faizi məbləğində əlavənin hesablanaraq Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən alınaraq ona ödənilməsi və bundan sonrakı əmək haqqına da həmin əlavənin hesablanması, həmçinin mediasiya ilə bağlı ödədiyi 60 manat rüsumun və idda ərizəsinin tərtibi ilə bağlı ödədiyi 30 manat xidmət haqqının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin mart ayının 27-dən hazırki vaxtadək aldığı əmək haqqının 25 faizi məbləğində əlavənin hesablanaraq Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən alınaraq ona ödənilməsi, həmçinin mediasiya ilə bağlı ödədiyi 60 manat rüsumun və idda ərizəsinin tərtibi ilə bağlı ödədiyi 30 manat xidmət haqqının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 27 mart 2019-cu il tarixli əmək müqaviləsi əsasında 3 ay sınaq müddətinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf- Departamentinin (Xidmətinin) Masallı X3 Mərkəzinə meşə uçotu və kadastr üzrə baş mühəndis vəzifəsinə təyin edilmişdir. Sınaq müddəti bitdikdən sonra müqavilə müddətsiz bağlanmışdır. O, 2002-ci ildən İİ qrup əlil kimi pensiya alır. 2012-ci ildən isə əlilliyi müddətsizdir. Bu barədə iş yerinə də bildirməklə müvafiq sənəd təqdim etmişdir. Məhz buna görə ona iş yerində müəyyən güzəştlər, o cümlədən məzuniyyət, bəzi vergilərdən azad olma və sair olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 61-100% pozulmasına görə əmək haqqına 25 faiz əlavə hesablanmalı idi. Lakin bu barədə 11 saylı (Masallı) X1 müraciətinə, özünün də mediasiya qaydasında müraciətinə baxmayaraq əmək haqqına qeyd olunan əlavə hesablanmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı iddiasının rədd edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, İddiaçı məhkəməyə müraciət edərək, orqanizminin funksiyalarının 61-100 faiz pozulmasına görə 11 saylı X3 Mərkəzində meşə uçotu və kadastrı üzrə baş mühəndis vəzifəsinə təyin olunduğu vaxtdan (xx.xx.2019-cu il) hazırki vaxtadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram”ın 5.4-cü bəndində qeyd edilən əmək haqqına olan artımın hesablanmasını və ödənilməsini xahiş etmişdir. İddiaçı 2020-ci ilin fevral ayında bu barədə Mərkəzə müraciət etmiş, onun müraciəti ilə bağlı X2 Komitəsinin iclası da keçirilmişdir. İddiaçı iddia ərizəsində işə təyin olunduğu vaxtdan hüququnun pozulduğundan xəbərdar olduğunu (öz mövqeyinə görə) etiraf edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçı 2020-ci ildə iddia ərizəsində göstərilənlərlə bağlı mərkəzə müraciət etmişdir. Beləliklə, İddiaçı hüququnun pozulduğunu (öz mövqeyinə görə) aşkar etdiyi halda iddia müddəti üçün nəzərdə tutulan 1 illik müddəti ötürərək, məhkəməyə müraciət etmək hüququnu itirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, İddianı müdafiə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 61-100% pozulmasına görə əmək haqqına 25 faiz əlavə hesablanmalı idi. Lakin bu barədə 11 saylı (Masallı) X1 müraciətinə, özünün də mediasiya qaydasında müraciətinə baxmayaraq əmək haqqına qeyd olunan əlavə hesablanmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, İddianı qismən qəbul edir. İddia müddətinin tətbiq edilməsini xahiş edir. İddianın qismən təmin edilməsini xahiş edir. hesab edirəm ki, əmək haqqına əlavə 2024cü mart ayından hesablanmalıdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin xx.xx.2019-cu il tarixli 068k nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Masallı X3 Mərkəzinə meşə uçotu və kadast üzrə baş mühəndis vəzifəsinə təyine dilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzinin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən 11 saylı (Masallı) X3 Mərkəzində meşə uçotu və kadastrı üzrə baş mühəndis vəzifəsində işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı X3 Mərkəzinin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, İddiaçı 11 saylı (Masallı) X3 Mərkəzində meşə uçotu və kadastrı üzrə baş mühəndis vəzifəsində işləməklə 694,00 manat əmək haqqı alır. İş materiallarında olan Sosial Arayışdan görünür ki, Tibbi Sosial Ekspert Komissiyasının rəyi əsasında İddiaçı xx.xx.2011-ci il tarixdən müddətsiz olaraq ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən 3 ay sınaq müddətinə Masallı X3 Mərkəzində meşə uçotu və kadastr üzrə baş mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 27 mart 2019-cu il tarixli əmək müqaviləsi əsasında 3 ay sınaq müddətinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Departamentinin (Xidmətinin) Masallı X3 Mərkəzinə meşə uçotu və kadastr üzrə baş mühəndis vəzifəsinə təyin edilmişdir. Sınaq müddəti bitdikdən sonra müqavilə müddətsiz bağlanmışdır. O, 2002-ci ildən İİ qrup əlil kimi pensiya alır. Tibbi Sosial Ekspert Komissiyasının rəyi əsasında İddiaçı xx.xx.2011-ci il tarixdən müddətsiz olaraq ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, orqanizminin funksiyalarının 61-100 faiz pozulmasına görə 11 saylı X3 Mərkəzində meşə uçotu və kadastrı üzrə baş mühəndis vəzifəsinə təyin olunduğu vaxtdan (xx.xx.2019-cu il) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram”ın 5.4-cü bəndində qeyd edilən əmək haqqına olan artımın hesablanmasını və ödənilməsini xahiş etmişdir. Cavabdeh isə iddia müddətinin tətbiq edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı iddiasının rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram”ın 5.4-cü maddəsinə əsasən Əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” bəndinə əsasən Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16.2-ci maddəsinə əsasənqadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddia tələbindən göründüyü kimi, İddiaçı tələbi işlədiyi müddətdə əmək haqqına əlilliklə bağlı əlavənin ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram”ın 5.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərə əmək haqqının 25 faizi məbləğində əlavənin hesablanması nəzərdə tutulmuşdur. Bu baxımdan iddiaçı sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin sözügedən əmək mübahisəsi AR ƏM-nin 296.4-cü maddəsinin təsir dairəsinə düşdüyündən və tələb edilən pul vaxtaşırı ödəmələrlə bağlı olduğundan, qeyd edilən tələbə 1 illik iddia müddəti tətbiq edilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram”ın 5.4-cü maddəsinə əsasən İddiaçı əmək haqqının 25 faizi məbləğində əlavənin ödənilməsi məhkəməyə iddia ərizəsi ilə müraciət edilən vaxtdan (xx.xx.2024-cü il tarixdən) əvvəlki bir ildən başlanaraq, yəni xx.xx.2023-cü il tarixdən İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti arasında bağlanmış əmək müqaviləsinə xitam veriləcək tarixədək İddiaçı əmək haqqının 25 faizi məbləğində əlavənin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin üzərinə qoyulmalıdır. İddiaçı işə bağladığı dövrdən, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan əmək haqqının 25 faizi məbləğində əlavənin ödənilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan 1 illik iddia müddətini ötürdüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən həmin hissədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş mediasiya prosesində çəkilən 60 manat xərcin əvəzi, həmçinin iddia ərizəsinin tərtibi ilə bağlı 30 (otuz) manat xidmət haqqı da cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2023-cü il tarixdən İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti arasında bağlanmış əmək müqaviləsinə xitam veriləcək tarixədək İddiaçı əmək haqqının 25 faizi məbləğində əlavənin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin üzərinə qoyulmalı, ödənilmiş mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat pul və 30 (otuz) manat xidmət haqqı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. xx.xx.2023-cü il tarixdən İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti arasında bağlanmış əmək müqaviləsinə xitam veriləcək tarixədək İddiaçı əmək haqqının 25 faizi məbləğində əlavənin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin üzərinə qoyulsun. Ödənilmiş mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat pul və 30 (otuz) manat xidmət haqqı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-422/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-422/2025
07.01.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver