Məhkəmə qərarları › İş №2(004)-4281/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4281/2024

04.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4281/2024 04.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün hər biri üçün hər ay 235 manat olmaqla, ümumilikdə 470 manat alimentin tutulması, eyni zamanda 100 manat alimentin xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək təyin edilməsi, eyni zamanda mediasiya zamanı ödənilmiş 10 manat xərcin və iddia ərizəsinin tərtib edilməsinə görə ödənilmiş 40 manatın, sənədlərin notarial təsdiqi üçün ödənilmiş 6 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2014-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Cavabdeh borcları var deyərək bəhanə edir, uşaqların tələbatının ödənilməsi üçün zəruri olan vəsaiti ödəmir. Eyni zamanda iddiaçı da körpə uşağa baxdığı üçün işləyə bilmir. Buna görə də, həm uşaqların saxlanması və həm də iddiaçı üçün aliment təyin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini bildirərək, banklara olan borclarına görə məcburi icra qaydasında əmək haqqına tutmaların yönəldilməsinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan AZ-İ 947338 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X9 xx.xx.2014-cü il tarixdə nikahlarını Səadət Sarayı Bakı Nikah Evində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 504 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə "Allahverdiyev " arvada "Allahverdiyeva" soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ 570852 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən X4 xx.xx.2015-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 3487 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV 768459 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən X3 xx.xx.2022-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 4501 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunda əmtəə operatoru vəzifəsində işləyir və aylıq əmək haqqı 928.22 manatdır. Həmçinin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən borclu qismində Cavabdeh barəsində icraatda olan e277163/2022-53-24, e290451/2022-53-24, e15484/2023-53-16, e297682/2023-53-41, e292380/2022-53-24, e291641/2022-53-24 nömrəli icra işləri mövcuddur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən, uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddianın xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən əlavə olaraq hər ay 100 manat məbləğində aliment tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən cavabdehin müxtəlif banklara borclu olması ilə əlaqədar hazırda icraatda olan icra işləri mövcuddur və məcburi icra qaydasında cavabdehin əmək haqqına tutmalar yönəldilmişdir. Göründüyü kimi cavabdeh üç yaşınadək uşağın saxlanılmasına görə əlavə olaraq aliment ödəmək üçün zəruri vəsaitə malik deyildir. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, onların mənafeyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, uşaqları saxlamağın hər iki valideynin öhdəliyi olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşağa görə hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə isə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 164-78 nömrəli Kapital Bank ASC tərəfindən verilmiş mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən hüquqi yardım xidmətinə görə 40 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 125-99 nömrəli Kapital Bank ASC tərəfindən verilmiş mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən sənədlərin notariat qaydasında təsdiq olunması üçün notariat haqqı olaraq 6 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan X8 (İMS) iştirak edilməməsi barədə MŞB/8/2024-01612 nömrəli, xx.xx.2024-cü il tarixli arayışa və xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən mediasiya zamanı 10 manat məbləğində poçt-kargüzarlıq xərci ödənilmişdir. Beləliklə, məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli və iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 40 manat, sənədlərin notariat qaydasında təsdiq olunması üçün ödənilmiş 6 manat, mediasiya zamanı poçt-kargüzarlıq xərci olaraq ödənilmiş 10 manat, ümumilikdə 56 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Hüquqi yardıma görə ödənilmiş 40 manat, sənədlərin notariat qaydasında təsdiq olunması üçün ödənilmiş 6 manat, mediasiya zamanı poçt-kargüzarlıq xərci olaraq ödənilmiş 10 manat, ümumilikdə 56 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar