Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4327/2024 02.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh Azərbaycan Dövlət Pedaqoji Kollecinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Əhmədov X2 cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) qarşı “məcburi işburaxma dövrünə görə əmək haqqı və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əhmədov X7 cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) qarşı “məcburi işburaxma dövrünə görə əmək haqqı və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi işburaxma müddətinə görə orta aylıq əmək haqqının müxtəlif aylar üzrə (2023-cü il sentyabr, oktyabr, noyabr, dekabr və 2024-cü il yanvar, fevral, mart, aprel, may, iyun, iyul) əməkhaqqı 2959 manat, məzuniyyət pulu 538 manat və bayram pulları 1400 manat, mediasiya xərcləri 60 manat məbləği olmaqla, ümumilikdə 4957 manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2013-cü il tarixdən Azərbaycan Dövlət Pedaqoji Kollecində çalışmışdır. 2018-ci il tarixdə Kollecə yeni təyin olunmuş direktor İsrayıl İsgəndərov onu qərəzli formada qanunsuz olaraq şöbə müdiri vəzifəsindən çıxartdı. Kollecdə şöbə müdiri olduğu və Naxçıvanda qeydiyyatda olduğu üçün onu işdən kənarlaşdırmaq, işgüzar nüfuzunun aşağı salınması üçün əlindən gələni etmiş, ona külli miqdarda maddi və mənəvi zərər vurmuşdur. Eyni hərəkətləri təkrarlamış 2022-ci ilin fevral ayında müdriyyət onu qanunsuz olaraq işdən xaric etmişdir. Onu da qeyd edir ki, Vətəndaşların Əmək Hüquqları Liqasının sədri X8 İsgəndərov da bu proseslərdə köməklik göstərmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etmişdi. Araşdırılma nəticəsində əmək müqavilənin əmək qanunvericiliyi tələbləri pozularaq xitam verildiyindən müəssisənin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələbinə uyğun olaraq inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bununla o yenidən həmin işə əvəzçilik üzrə müəllim kimi bərpa olundu. Bərpa olunsa da işəgötürənin təqsiri üzündən əmək müqaviləsinə qanunsuz olaraq 2023-cü ilin sentyabr ayında yenidən xitam verilmişdir. İşdən qanunsuz çıxarılan zaman Azərbaycan Dövlət Pedaqoji Kollec 2023-cü ildən məcburi işburaxma müddətinə görə orta aylıq əmək haqqının müxtəlif aylar üzrə əməkhaqqı 2559 manat məzuniyyət pulu 538 manat və bayram pulları 1400 manat olmaqla, ümumilikdə 4897 manat məbləğ ödənilməlidir. Bütün bunları ona məxsus olan əməkhaqqı kartından "xxxx" KB ASC tərəfindən verilmiş çıxarış da sübut edir. Müdriyyətə dəfələrlə bu barədə kompramisə getməyi təklif etsə də heç bir şəkildə müraciətlərinə baxılmamış və məhəl qoyulmamışdır. Odur ki, Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə növbəti dəfə eyni predmet üzrə xx.xx.2024-cü il tarixində iddia verərək əvvəllər işlədiyi ADPU-nun nəzdində Azərbaycan X1rşı (ADPK) "məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə" iddia vermişdir. İddia onunla bağlanmış əmək müqaviləsinə xitam veriməsindən 11 aydan çox keçdikdən sonra ilkin mediasiya sessiyasını keçməklə verilmişdir. İddiaçının əmək müqaviləsinə əvvəlcədən xəbərdarlıq edilməklə 155 nömrəli xx.xx.2023-cü il tarixli əmrlə əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən ona bütün son haqq-hesab ödənilmişdir. Bu barədə Yasamal Rayon Məhkəməsinə bütün bank sənədləri təqdim edilmişdir (İŞ № 2(004)-2893/2024). Əmək müqaviləsinə xitam verildikdən az qala bir il sonra orta əmək haqqının ödənilməsi tələbi tamamilə qanunsuz və absurddur. İddiaçı başqa bir tələb də olmaqla bu iddiada göstərilən eyni tələblə daha əvvəl (30 may 2024-cü il tarixində) Yasamal Rayon Məhkəməsinə iddia vermişdir. Yasamal rayon məhkəməsi (hakim Gülnar xanım Babazadə, iş №2(004)2893/2024) iddianın birinci tələbinə baxaraq rədd etmiş, bu iddiada göstərilən tələb isə mümkün olmaması səbəbindən iddiadan çıxarılmışdır. Məsələ belədir ki, iddiaçının əmək müqaviləsinə xitam verildikdən sonra (№155 xx.xx.2023-cü il tarixli əmrlə əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə xitam verilib) Göründüyü kimi hazırkı iddiada da işəbərpa olunma ilə bağlı tələb yoxdur. Belə halda iddiada göstərilən tələb tamamilə qanunsuzdur və əsassıdır. Yasamal Rayon Məhkəməsi (iş № 2(004)-2893/2024) bu iddia tələbinin iddiaçının öz ərizəsi ilə (hakimin göstərdiyi hüquqi yardım əsasında) iddiadan çıxardıqdan sonra iddiaçı ilkin mediasiya prosesini keçərək təkrar olaraq Yasamal Rayon Məhkəməsinə iddia vermişdir. Bu hüquqlardan sui-istifadədir və qəsdən həm məhkəmənin, həm cavabdehin lüzumsuz olaraq vaxt və resurslarının israf edilməsinə yönəlib. İddiaçının məhkəməyə təqdim etdiyi iddiada hər hansı hüquqi əsaslandırma yoxdur. İddianın hüquqi əsaslandırma hissəsində Yasamal rayon məhkəməsinə 30 may 2024-cü il tarixidə təqdim etdiyi iddiada göstərdiyi maddələri yenidən daxil edilmiş, hər hansı sübutlar göstərilməmişdir. İşə bərpa olunma ilə bağlı iddia irəli sürmədən orta aylıq əmək haqqının məcburi işburaxma adı ilə tələb olunması qanunsuz olmaqla yanaşı həmçinin Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə ziddir. Etirazda göstərildiyi kimi iddiaçının əmək müqaviləsinin müddəti bitdikdən sonra ona xitam verilmişdir. İddia verilərkən Əmək Məcəlləsinin tələbləri ilə yanaşı Mülki Prosessual Məcəllənin də tələbləri pozulmuşdur. İddiada qeyd olunduğu kimi nə hüquqi əsaslandırma, nə də sübutlar göstərilmir. Prosessual müddətlər pozulmuşdur və s. Beləliklə, iddia aşağıdakı səbəblərə görə rədd edilməlidir: İddiaçı “işə bərpa olunma tələbi irəli sürmədən" ona məcburi işburaxma üçün kompensasiya ödənilməsini tələb edir. Əgər onun əmək müqaviləsinə qanuni əsaslarla xitam verilibsə, bu halda bu tələbin irəli sürülməsi qanunsuzdur; iddia müddətləri buraxılmışdır. İddiaçı nəzərdə tutulan iddia müddətləri ərzində üzürsüz olaraq hər hansı əmək mübahisəsinə başlamamışdır; Yasamal Rayon Məhkəməsinə eyni iddia verilmiş (30 may 2024-cü il tarixdə) və tələb qanunsuz olduğu üçün hakimin təklifi və iddiaçının öz ərizəsi ilə iddiadan çıxarılmışdır. Bundan sonra mediatora müraciət etmiş və işə bərpa tələbi qoymadan kompensasiya tələb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı Əhmədov X4 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, iddiaçı heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Dövlət Pedaqoji Kollecinin nümayəndəsi Nümayəndə işə mahiyyəti üzrə baxılmasını tələb etmiş, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə cavabdehin etirazını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru X3 ilə Əhmədov X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Əhmədov X7 Azərbaycan Dövlət Pedaqoji Kollecində 0.5 müəllim vəzifəsinə işə qəbul olmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Əhmədov X7 arasında bağlanmış əmək müqaviləsinə əsasən Əhmədov X7 Azərbaycan Dövlət Pedaqoji Kollecində 0.5 müəllim vəzifəsinə işə qəbul olmuş və müqavilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1 il 11 ay 2 gün müddətinə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin xx.xx.2023-cü il tarixli 155 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən Əhmədov X2 əmək müqaviləsinin müddətinin qurtarmasına görə kollecdə 0,5 ştat vahidi əvəzçi müəllim vəzifəsində çalışan əməkdaşla bağlanmış əmək müqaviləsinə 15 sentyabr 2023-cü il tarixdən xitam verilməsi və işçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Əhmədov X7 xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Dövlət Pedaqoji Kollecində 0,5 stavka əvəzçi müəllim vəzifəsində 269 manat aylıq əməkhaqqı olmaqla işəmuzd çalışmışdır. Bakı 10 saylı Mediasiya Təşkilatının ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, prosesdə iddiaçı Əhmədov X7 iştirak etmiş və mediasiya xərci Əhmədov X7 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 69-cu maddənin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Dövlət Pedaqoji Kollecində müxtəlif vaxtlarda əmək müqaviləsi bağlamaqla çalışmışdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin xx.xx.2023-cü il tarixli 155 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən Əhmədov X2 əmək müqaviləsinin müddətinin qurtarmasına görə işddən azad edilmişdir. Hazırda isə iddiaçı Əhmədov X7 məcburi işburaxma müddətinə görə orta aylıq əmək haqqının müxtəlif aylar üzrə (2023-cü il sentyabr, oktyabr, noyabr, dekabr və 2024-cü il yanvar, fevral, mart, aprel, may, iyun, iyul) əməkhaqqı 2959 manat, məzuniyyət pulu 538 manat və bayram pulları 1400 manat, mediasiya xərcləri 60 manat məbləği olmaqla, ümumilikdə 4957 manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. Beləliklə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin xx.xx.2023-cü il tarixli 155 nömrəli əmri qüvvəyə minmişdir. Hazırda isə iddiaçı işləmədiyi dövr üçün pulun ödənilməsini tələb edir. Belə ki, iddiaçı Əhmədov X7 məcburi işburaxma müddətinə görə orta aylıq əmək haqqının müxtəlif aylar üzrə (2023-cü il sentyabr, oktyabr, noyabr, dekabr və 2024-cü il yanvar, fevral, mart, aprel, may, iyun, iyul) əməkhaqqı 2959 manat, məzuniyyət pulu 538 manat və bayram pulları 1400 manat məbləğində pulun tutulmasını xahiş etsə də, həmin müddətlərdə iddiaçının işə bərpa olunması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, işə bərpa olunmadan işçiyə məcburi əmək haqqının ödənilməsi qanunla müəyyən edilmədiyindən, yəni iddiaçının işdən çıxarılması barədə əmr hazırda qüvvədə olduğundan, həmçinin iddiaçının işə bərpa tələbi barədə məhkəmədə iddiası olmadığından və Əhmədov X7 həmin dövrlərdə işləmədiyindən və məcburi işburaxma halı müəyyən edilmədiyindən məcburi işburaxma müddətinə görə və s. pul tələbi əsassız olmaqla təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Əhmədov X2 cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) qarşı məcburi işburaxma müddətinə görə orta aylıq əmək haqqının müxtəlif aylar üzrə (2023-cü il sentyabr, oktyabr, noyabr, dekabr və 2024-cü il yanvar, fevral, mart, aprel, may, iyun, iyul) əməkhaqqı 2959 manat, məzuniyyət pulu 538 manat və bayram pulları 1400 manat, mediasiya xərcləri 60 manat məbləği olmaqla, ümumilikdə 4957 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, iddia rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikasının Müki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əhmədov X2 cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) qarşı məcburi işburaxma müddətinə görə orta aylıq əmək haqqının müxtəlif aylar üzrə (2023-cü il sentyabr, oktyabr, noyabr, dekabr və 2024-cü il yanvar, fevral, mart, aprel, may, iyun, iyul) əməkhaqqı 2959 manat, məzuniyyət pulu 538 manat və bayram pulları 1400 manat, mediasiya xərcləri 60 manat məbləği olmaqla, ümumilikdə 4957 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4327/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4327/2024
02.10.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver