Məhkəmə qərarları › İş №2(004)-4336/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4336/2024

06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4336/2024 06.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərə cəlb etmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əlavə xərclərə cəlb etmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh nikah münasibətlərinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4689/2024 nömrəli qətnaməsi ilə nikah pozulmuş, yetkinlik yaşına çatmayan X2 Turanə Mustafa qızının yanında saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2879/2024 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmayan X1 üçün hər ay 235 manat sabit pul məbləğində aliment və birdəfəlik ödəmə kimi 500 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin, yetkinlik yaşına çatmayan X3 təhsil, mədəni, istirahət və digər xərcləri yüksək məbləğdə təşkil etdiyindən müəyyən edilən 235 manat məbləğində aliment yetərli deyildir. Odur ki, çəkilmiş xərclər qismində ümumilikdə 29723 manat pul və uşağın sağlamlıq, idman və təhsil xərcləri ilə bağlı aylıq 1150 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmamasını xahiş etmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə sürücü işləyir və aylıq əmək haqqı 1146,86 manat təşkil edir. İş materiallarına iddia tələbinin əsasını təşkil edən xərclərə dair ödəniş qəbzləri, uşağın təhsil alması barədə müqavilənin surəti və maliyyə xərclərinə dair digər sənədlər əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqeyini nəzərə alır. Həmin qərara əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi barədə subyektiv hüququ olsa da (uşağın yetkinlik yaşına çatmaması əsası ilə) iddia tələbi özüözlüyündə əsassızdır. Belə ki, iddia ərizəsində göstərilən xüsusatlar digər valideynin, yəni cavabdehin əlavə xərclərə cəlb edilməsi üçün əsas deyildir. İddia edilən tibbi xərclər isə cari tibbi xərclərlə bağlıdır (uşağın ciddi sağlamlıq pozuntusundan doğmamışdır). Cavabdehdən tutulmuş alimentin (aylıq 235 manat + birdəfəlik 500 manat) mahiyyəti uşağın saxlanılması xərclərinə hər iki valideynin qanunla müəyyən edilmiş qaydada cəlb edilməsidir. Nəzərə alınır ki, cavabdehin gəlirləri yüksək deyil və məhkəmənin müvafiq qərarı ilə cavabdeh tərəfindən müəyyən edilmiş aliment öhdəliklərinə əməl edilir (icra edilir). Cavabdehin maddi durumu və məhkəmə təcrübəsi nəzərə alınmaqla onun icra etmək iqtidarında olmadığı, gərəyindən artıq maliyyə öhdəliyi ilə yüklü etmək qanun və əsaslı deyildir. Həmçinin, cəmi 3-4 ay əvvəl qəbul edilmiş məhkəmə qətnaməsi ilə aliment məbləği müəyyən edilən zaman hazırki tələbin də qaldırılması mümkün idi (hüquqi məsələ deyil, sadəcə məhkəmə faktiki əsas kimi qeyd edir). Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında yüksək məbləğdə əlavə xərcə cəlb edilməsi öhdəliyinin qoyulması faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərclərə cəlb etmə” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə araşdırması zamanı sərf edilmiş 15 iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar