Məhkəmə qərarları › İş №2(004)-4408/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4408/2021

22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4408/2021 22.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli 2(004)-2049/2021 nömrəli qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarının azaldılması, ondan Cavabdeh xeyrinə 18.05.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Yasamal rayon məhkəməsinin 05.04.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh qarşının ona qarşı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.02.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək birgə nikahdan doğulmuş övladı 18.05.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması, onun Cavabdeh qarşı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulan 120 manat sabit pul məbləğində alimentin məbləğinin azaldılaraq 100 (yüz) manat müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməməsi qət edilmişdir. Bununla bağlı onun apellyasiya şikayəti təmin edilməmişdir və aliment stabil pul məbləği 175 manat müəyyən olunması barədə Yasamal rayon məhkəməsinin qətnaməsi dəyişdirilməmişdir. İkinci nikahından olan qızının saxlanması ilə əlaqədar olaraq ikinci həyat yoldaşı X4 24 avqust 2020-ci il təvəllüdlü qızı Yektarənin saxlanmasına dair ondan sabit pul məbləğində (175 manat) alimentin tutulmasına dair Suraxanı rayon məhkəməsinə müraciət etmişdir və həmin məhkəmənin 04.05.2021-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmişdir. Hazırda onun sağlamlıq durumu və maddi vəziyyəti həddindən artıq pis vəziyyətdədir və aşağıda qeyd etdiyi səbəblərə əsasən hesab edir ki, alimentin məbləği 120 manat müəyyən edilməlidir. X9 Hospital tərəfindən verilən arayışa əsasən onun sağ ağciyər hilusunda xəfif böyümüş limfa düyünləri mövcüddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xəstəlik tarixindən çıxarışına əsasən o "sağtərəfli spontan pnevmotoraks" xəstəliyindən əziyyət çəkir. Onun məvacibi 456 manat təşkil edir və hazırda bu məbləğdən 175 manat pulun birinci nikahdan olan qızı Ruqiyyənin saxlanması üçün, 175 manat isə ikinci nikahdan olan qızı Yektarənin saxlanmasına ödəyir, qalır 106 manat - bu məbləğlə isə o nəinki dərmanlarını ala bilmir, bu məbləğ onun heç minimum dolanmasına da kifayət etmir. Xəstəliyi ilə əlaqədar olaraq həkimlər ona bir çox dərmanlar yazsalar da onları almağa onun maddi imkanı çatmır. Ağ ciyərində olan xəstəliklə əlaqədar olaraq o hər altı aydan bir müalicə almalıdır, lakin həmin müalicənin almağına maddi imkanı çatmır. Ürəyində olan problemlə əlaqədar əməliyyat olmalıdır, lakin ağ ciyərində olan xəstəlik buna imkan vermir və bu səbəbdən gündəlik "koroksan" həblərini qəbul etməlidir (qiyməti 29 manat 70 qəpikdir). Onun səhhətində olan problemlər imkan vermir ki, ikinci bir işlə də məşğul olsun. Maddi imkansızlığından vaxtaşırı müalicə olunmadığından xəstəliyi günü-gündən şiddətlənir. Qeyd etdiyi səbəblərə əsasən hesab edir ki, hazırki alimentin miqdarı azaldılaraq 120 (yüz iyirmi) manat miqdarında müəyyən edilməlidir. Cavabdeh "Medilend" klinikasında , "Modern Hospitalı" və Yasamalda yerləşən 9 saylı poliklinikada işləyir. Bu səbəbdən hesab edir ki, onun iddiası təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, məhkəmə qətnaməsi ilə təyin olunmuş 175 manat alimenti ödəmək iqtidarında deyildir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2049/2021 saylı, 05.04.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.02.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi, tərəflərin birgə nikahından doğulmuş övladı 18.05.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, həmçinin cavabdeh İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.02.2019-cu il tarixli 2(004)- 1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş tərəflərin birgə nikahından doğulmuş övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 120 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 100 manat müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2476/2021 saylı, 04.05.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 24.08.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09.04.2021-ci il tarixdən başlayaraq iddiaçı X1 xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5140/2021 saylı, 31.05.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh (qarşılıqlı iddia üzrə) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-2049/2021 saylı, 05.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Cavabdeh və İddiaçı 13.02.2015-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan tərəflərin 18.05.2016-cı il təvəllüdlü X5 adlı bir uşağı var. İş materiallarında olan Ambulator kartdan çıxarışın surətindən görünür ki, İddiaçı 2016-cı ildən MOM-də tirakal onkologiya şöbəsində müayinə olunmuş, sağ tərəfli pnevmotoraks diaqnozu qoyulmuş, xəstə hər 6 aydan bir ağciyər xəstəlikləri institutunda periodik olaraq kurs müalicə qəbul edir. İş materiallarında olan döş fəqərələrinin MR tomoqram müayinəsinin surətindən görünür ki, İddiaçı sağ ağciyər hilusunda xəfif böyümüş limfa düyünləri vardır. İş materiallarında olan Səhiyyə Nazirliyi MOM-nin xəstəlik tarixindən çıxarışın (epikriz) surətindən görünür ki, İddiaçı sağtərəfli spontan pnevmotoraks diaqnozu qoyulmuşdur. İş materiallarında olan döş qəfəsinin nativ KT müayinəsinin nəticəsindən görününr ki, İddiaçı hər iki ağciyər parenximasında infiltrativ və ya həcmli dəyişiklik mövcud deyil, bilateral ağciyərdə apikal plevral qalınlaşma və üst paylarda millimetrik subplevral nodullar izlənilir. İş materiallarında olan baş beyin MRT müayinəsinin nəticəsindən görününür ki, hər iki frontal payda, ağ maddə içərində 1 ədəd millimetrik ölçülü qeyri spesifik, qliotik fokus, sağ mastoid hücrələrdə mukolaz qalınlaşmalar və minimal effuziya (Mastoidit), nazal septumda sola deviasiya və sol inferior nazal konxada hipertrofik dəyişikliklər sol nazal pasajı daraltmaqdadır. Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). “Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. "Azərbaycan Respublikasında 2021-cu il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2021-cu il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin, qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, daha az alimentin ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə yaşayışlarından 18.05.2016-cı il tarixdə Ruqiyyə adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qətnaməsinə əsasən azyaşlı Ruqiyyənin saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 175 manat aliment tutulmuşdur. Hal-hazırda iddiaçı maddi vəziyyəti ilə əlaqədar alimentin miqdarının azaldılmasını xahiş edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarının artırılaraq 175 manat müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən cəmi 3 ay müddət keçmiş, bu qısa müddət ərzində iddiaçının maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Belə ki, iddiaçı qətnamənin çıxarıldığı vaxtla müqayisədə hazırda maddi vəziyyətinin əsaslı dərəcədə pisləşməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, məhkəmə tərəfindən alimentin miqdarı artırıldıqdan sonra iddiaçının maddi vəziyyətində hər hansı dəyişiklik olmaması, həmin qətnamənin qəbul edilməsindən qısa müddət keçməsi, eləcə də uşağın mənafeyi nəzərə alınaraq, onun sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatının təmin edilməsi üçün iddia rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar