Məhkəmə qərarları › İş №2(004)-4429/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4429/2021

22.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4429/2021 22.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Bank QSC ilə aralarında bağlanmış 127R00001598 saylı, 27R000003384 saylı və 027KK**********01 saylı kredit müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Accessbank" QSC-dən dəfələrlə kredit götümüş və krediti vaxtında ödəmişdir. Sonuncu dəfə cavabdehlə arasında 27R00001598 saylı, 27R000003384 saylı və 027KK**********01 saylı kredit müqavilələri bağlanmışdır. “Accessbank" QSC-dən 27R00001598 müqaviləsi üzrə cəmi 90149.84 ABŞ dolları, 27R000003384 müqaviləsi üzrə cəmi 72336.71 ABŞ dolları, 027KK**********01 müqaviləsi üzrə cəmi 9418.52 ABŞ dolları məbləğində borc götürmüş və müqabilində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 5 sayvlı evin, 21 saylı mənzilini “Accessbank" QSC-nə ipoteka qoymuşdur. Mənzilin qiyməti daha yüksək olmasına baxmayaraq hüquqi savadsızlığından istifadə edərək bank tərəfindən 100.000 manat qiymətləndirilmişdir. Bu da hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Halbuki, "İpoteka haqqında" AR Qanununda da göstərilir ki, ipoteka ilə yüklü edilmiş əmlakın qiymətində mübahisə varsa, ekspertiza keçirilməli və əmlak mütəxəsis tərəfindən qiymətləndirilməlidir. Bu fakt özü müqavilənin ləğv edilməsi üçün əsas olan faktlardan biridir. Müqavilələr üzrə krediti vaxtında, müqavilədə göstərilən tarixdə hər ay ödəmişdir. Lakin ölkə ərazisində 2015-ci ilin fevral ayında birinci və 2015-ci ilin dekabr ayında isə ikinci devalvasiya baş vermişdir .Bu səbəbdən də müqavilə üzrə aylıq ödənişləri ödəməkdə maddi çətinlik çəkmiş və ödənişləri vaxtında tam şəkldə ödəyə bilməmişdir. B ir neçə dəfə bankdan 2 dəfə olan devalivasiyanı nəzərə almalarını xahiş etmiş və heç bir nəticə əldə edə bilməmişdir. Cavabdeh onu aldadaraq krediti manatla verir, bütün əmlaklar manatla qiymətləndirilib və kredit manatla verilib. Bankın əməkdaşlarına inanıb imza etmiş, müqaviləni oxumamış, müqavilə kiçik hərflərlə yazıldığından oxumaqda mümkün olmamışdır. Sonradan bilmişdir ki, müqavilədə manat deyil, dollar göstərilmişdir. Bu da aldandığına səbəb olmuşdur. Həmçinin bütün dünyada tüğyan edən koronavirus (COVİD-19) pandemiyası iqtisadiyyatı iflic vəziyyətə gətirib çıxarmışdır. Bununla bağlı ölkədə də sərt addımlar atılmış, karantın rejimi müəyyən edilmişdir.Tətbiq edilmiş karantin rejimi nəticəsində əsas gəlir yeri olan ticarət sahələri fəaliyyətini tamamilə dayandırmışdır. Buna baxmayaraq, hər ay banka mütəmadi olaraq ödənişlər etməyə çalışır. Hesab edir ki, bütün dünyada tüğyan edən koronavirus (COVİD- 19) pandemiyası fors major haldır və bu hal “Accessbank" QSC ilə aralarında olan müqavilədə göstərilən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə dəlalət edir. Belə ki, son 1 il müddətində əsas gəlir yeri ticarət sahələrini fəaliyyətinin tamamilə dayanacağını bilsəydi (bu barədə az da olsa, ehtimallar üçün əsas olsaydı) onda cavabdeh bankla müqavilə bağlamazdı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ağamirov Mirağa iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, hazırki mübahisəyə birbaşa aidiyyəti olan qanuni qüvvəsini almış qətnamə var. Odur ki, hazırki tələb tamamilə əsassızdır. Cavabdehin nümayəndəsi iddia tələbinin əsassız hesab edilib, təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 385.1, 386.1, 390, 424-cü maddələrini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli 2(011)-130/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh QSC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər İddiaçı və X2 Bankın xeyrinə 27R000001598 saylı kredit razılaşması üzrə cəmi 52.909,54 ABŞ dolları, 27R000003384 saylı kredit razılaşması üzrə cəmi 44.418,97 ABŞ dolları, 027KK**********01 saylı kredit razılaşması üzrə cəmi 6346,22 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması, tutmanın ipoteka predmeti olan Bakı Şəhəri, Xətai Rayonu, Telnov küçəsi, 5 saylı evin 21 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 100.000 manat məbləğində müəyyən olunması, mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin mənzildən çıxarılmaları, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2019-cu il tarixli 2(103)- 12030/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.06.2020-ci il tarixli, 2(102)-2386/2020 saylı qərarı ilə iddiaçı cavabdeh İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2019-cu il tarixli 2(103)-12030/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Mülki prosessual qanunverciliyinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Hazırda İddiaçı müvafiq kredit müqavilələrinin ləğv olunması tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqavilələrin ləğv edilməsini məqbul saymır. Məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar