Məhkəmə qərarları › İş №2(004)-4445/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4445/2021

23.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4445/2021 23.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 12.08.2016-cı il tarixdə qeydiyyat ünvanı Sabunçu rayonu Zabrat qəsəbəsi, ünvan 1 və hal-hazırda “Azərsun Holding”də sürücü kimi çalışan Cavabdeh ilə ailə qurduqdan sonra 10.01.2018-ci ildə X2 adlı oğul övladları dünyaya gəlmişdir. Bir müddət yoldaşının ailəsilə birlikdə yaşayandan sonra anası tərəfindən onun və ailəsinin ünvanına edilmiş təhqirlərə görə onlardan ayrılaraq valideynləri qalan Qazax rayonuna köçmüşdür. Doktorluq dərəcəsi olduğu və SOCAR-da çalışdığı üçün analıq məzuniyyətindən sonra Bakıya gəlməli olduğu üçün yoldaşı ilə bir müddətlik kirayə ev tutmuşlar. Onlarda hər şey qaydasında idi və onlar çox xoşbəxt idilər. Lakin 2020-ci ilin əvvəlindən başlayaraq yoldaşının onlara olan diqqətinin həddindən artıq azalması, ailəsinin maddi tələbatlarını (yemək, geyim, tibbi) ödəməkdən yayınmalarının şahidi olmuş və telefonunda artıq başqa xanımlarla danışdığını görəndən sonra ayrılmağa qərar vermişdir. Lakin sonradan övladının atasız böyüməməsi, “ərsiz qadın” adını almamaq üçün boşanmamaq qərarına gəlmiş və ailəsinin dəstəyi ilə yoldaşından ayrı yaşamağa başlamışdır. Ona qəsdən narahatçılıq vermək üçün yoldaşı artıq uşağının yanına görüşlərə də gəlməyini demək olaraq bitirmiş, yenə də ailəsinə baxmamaq qərarında qalmışdır. Bu isə uşağın geyimi, onların qidalanmaqları, həkim müayinə və müalicələri zamanı maddi ehtiyacın yaranmasına gətirib çıxarmışdır. Cavabdeh ona verəcəyi pulu ona lazım deyildir. Ona lazım olan öz qanından olan oğluna soyuqqanlılıq, diqqətsizlikliyidir. Göstərilənlərə əsasən Cavabdeh 10.01.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə qanunvericiliyin müəyyən etdiyi qaydada alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 10.01.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh əmək haqqının və digər gəlirlərinin ¼ hissəsində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, cavabdehlə 12.08.2016-cı il tarixdə nikaha daxil olmuş və birgə nikahdan 10.01.2018-ci il təvəllüdlü X2 adlı övladları olmuşdur. Cavabdeh artıq 4-5 aydan artıqdir ki, uşağı ilə maraqlanmır. Cari ilin may ayında övladı xəstələnsə də, cavabdeh həmin vaxt belə övladını görməyə gəlməmişdir. Sonuncu dəfə cavabdeh onlara mart ayında 100 manat məbləğində pul vermişdir. Uşaq bir ildən çoxdur ki, onun himayəsindədir və onun bütün xərclərini özü qarşılayır. Cavabdeh Azərsunda sürücü işləyir və aylıq 1071 manat məbləğində əmək haqqı alır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 12.08.2016-cı il tarixə rəsmi qaydada nikaha daxil olmuş, tərəflərin birgə nikahından 10.01.2018-ci il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Tərəflər hazırda ayrı yaşamaqla, birgə nikah olan uşaq da, hazırda iddiaçının himayəsində (yanında) yaşayır. Cavabdeh hazırda "xxxx" MMC-də sürücü işləyir və aylıq əmək haqqısı 1071.51 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini və uşağın mənafeyini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, 10.01.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 23.06.2021-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 10.01.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma müddəti 23.06.2021-ci il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar